Keçid linkləri

-

Sovetlərin tərəfində vuruşanların işi asandır, o insanlar faşizmə qarşı vuruşanlar hesab edilir. Legionerlərin məsələsi isə qəlizdir…


MÜHARİBƏNİ YENİ KONTEKSTDƏ ANLAMAQ


Onların əleyhinə danışmaq onları müdafiə etməkdən çox-çox asandır. Bəlkə elə buna görə onlar haqqında hələ də doğru-dürüst danışmırlar?

Onlar keçmiş sovetlərin bütün respublikalarından çıxmışdılar, xüsusən də milli ucqarlardan. Bəlkə onların taleyini elə sovet gerçəkliklərinin kontekstində başa düşməyə çalışmaq lazımdır?

Qərəz, çətindir. Çox çətindir. Yəqin söhbətin kimlərdən getdiyini anladınız. Qələbə gününün ən mübahisəli mövzusu başqa nə ola bilər? Bəli, legionerlərin məsələsini azacıq müzakirə edəcəyik burada…

Onlara kommunizmə və sovet istilasına qarşı vuruşanlar kimi də yanaşmaq və ya onların savaşına sovetlərin gəlişi ilə Rusiya imperiyasının ərazisində başlanmış vətəndaş müharibəsinin davamı kimi də baxmaq olardı.

Amma bütün hallarda çətindir, çox çətin. Onlara «kommunizmə qarşı vuruşanlar» demək istəyirsən, bir əmma çıxır, çünki bəşəriyyət o vaxt da, elə indi də kommunizmi və sovet quruluşunu faşizmlə müqayisədə daha yüngül bəla hesab edib və indi də edir.

Amma burada bir özəl təəssüratımı bölüşmək istəyirəm. Hələ sovetlərin vaxtında «Adi faşizm» adlı bir sənədli film vardı. Filmə baxanda adama elə gəlirdi ki, film sovetlər haqqındadır, sadəcə adlar və yerlər dəyişdirilib. Çox maraqlıdır ki, həmin filmə baxanların çoxu da bu cür düşünürdü. Bəlkə də sovetlər haqqında, həbs düşərgələri, qırmızı terror haqda bir qədər əvvəl bilgilər olsaydı, onlara-legionerlərə münasibət də fərqli olardı?
Alman ordusunda azərbaycanlı legionerlər, 1944

Alman ordusunda azərbaycanlı legionerlər, 1944


Amma bunlar hələ sonra olacaqdı və dünya hələ «Arxipelaq QULAQ» haqqında bir qədər sonra xəbər tutacaqdı.

BÖLÜNMÜŞ TARİX

Onlara milli azadlıq mücahidləri kimi də baxmaq olardı. Bir neçə keçmiş sovet ölkəsində, Baltik respublikalarında elə belə də etdilər. Amma orada da heç də hər şey birmənalı deyil, hər il legionerləri ananlarla müharibə veteranlarını ananlar arasında qarşıdurma, toqquşma baş verir, bəzən hətta polisin müdaxiləsinə ehtiyac olur.

Tarix beləcə ikiyə bölünüb. Amma onu necə var, elə yazmaq lazımdır. Bəzən görürsən ki, hansısa sovet respublikasının yazarları başqa birini faşistlərlə əməkdaşlıq etməkdə suçlayır. Amma bu, mənasız işdir, çünki o vaxt az qala bütün millətlərin təmsilçilərindən legionlar yaratmışdılar… Ən qəliz məsələ kimləri qəhrəman hesab etmək məsələsidir. Baltik ölkələri sovet ordusunu həmişə işğalçı ordu hesab edib. Ona görə də onun zabitlərini və əsgərlərini heç vaxt qəhrəman kimi anmayıb.

Amma bir məsələ də var ki, biz istəsək də, istəməsək də, dünya ölkələri faşizm üzərindəki qələbəni tarixi bir qələbə hesab edir və hətta onu bir-birlərinə qısqanırlar da. Ona görə də sovetlərin tərəfində vuruşanların işi asandır, o insanlar faşizmə qarşı vuruşanlar hesab edilir. Legionerlərin məsələsi isə qəlizdir…
Alman ordusunda Latvia legionunun üzvləri olmuş veteranlar Riqada anım mərasimi keçirir. 16 mart 2009

Alman ordusunda Latvia legionunun üzvləri olmuş veteranlar Riqada anım mərasimi keçirir. 16 mart 2009


Lakin bir detal da var ki, onu qeyd etməmək olmur. Milli respublikaların süqutundan sonra bir daha, ta ötən əsrin 80-90-cı illərinə qədər həmin şanlı keçmişi dilə gətirən, onu siyasi gündəmə çevirmək istəyən çox az oldu.

Məhz o ağır illərdə, müharibə dövründə legionerlərin sayəsində milli müstəqillik ideyası bir daha gündəmə gəldi. Hətta həmin legionerlərdən bəzisi sonradan milli azadlıq mübarizəsinin mücahidlərinə və tribunlarına çevrildilər.

Onların bu istiqamətdəki səylərinin nəticəsi isə böyük dövlətlərin bu məsələyə diqqətinin artmasına, müvafiq təbliğat strukturlarının yaranmasına, ən başlıcası isə ideyanın yaşamasına, onun gələcək nəsillərə ötürülməsinə səbəb oldu.

Mən indi burada adlar sadalamayacam. Amma bir ad var ki, onu xatırlamamaq qeyri-mümkündür. Söhbət, Ə. Fətəlibəyli - Düdənginskidən gedir. Sovetlərin vaxtında Azərbaycanın milli azadlıq məsələsi hər hansı bir formada gündəmdə olubmu? Bu suala cavab verərkən Ə. Fətəlibəyli - Düdənginskini necə yada salmayasan?
Sovetlərin vaxtında Azərbaycanın Milli azadlıq problemi onlarla dissertasiya işinin predmeti olmağa layiqdir. Elə digər respublikaların da haqqında eyni sözləri demək olar. Amma nə edəsən bir çox ölkələrdə hələ də sovet tarixşünaslığının ştampları, «ustanovka»ları yaşayır.

Qoy, bu məsələ bir qədər mürəkkəb olsun, qoy, ziddiyyətli olsun, amma sovet dönəmini bir daha araşdırmaq lazımdır, çünki sovetlərə qarşı milli respublikalarda və onların kənarında heç bir müqavimətin olmaması haqda nağılların artıq vaxtı keçib…

KİÇİK SÖZARDI

İndi bir məsələ də var ki, almanlar haqqında da həqiqətlər bəllidir, sovetlər haqda da. Hətta ruslar özləri müharibəni yeni dövrün kontekstindən anlamağa cəhd edirlər. Amma milli respublikaların əksəriyyətində, elə Azərbaycan da bu, yoxdur. Burada hamı öz işini Qələbə günündə keçmiş sovet filmlərini bir daha göstərməklə bitmiş hesab edir…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Şərhləri göstər

XS
SM
MD
LG