Keçid linkləri

-
Dünyanın 27 ölkəsində çıxan «Vice» jurnalının internet səhifəsində istirahət, turizm və incəsənətdən yazan bloqqer Mark Hay bu dəfə Naxçıvan mövzusuna müraciət edir.

Yazının «Yaxın Şərqin San-Fransiskosuna – Naxçıvana xoş gəlmisiz» başlığı ilk baxışdan müəllifin coğrafi biliklərindəki qüsurdan xəbər verir. Bloqu təkrar dərc edən bəzi saytlarda başlıq Yaxın Şərqin yox, «Qafqaz dağlarının San-Fransiskosu» kimi gedib. Əslində isə Mark Hay bu xətadan yazısına giriş kimi istifadə edir.

Qafqazı yaxşı tanıyan bir dostu ona Naxçıvanı «Əfqanıstansayağı bir yer» kimi təsvir edibmiş, Bakıdakı tanışları isə ona deyiblər ki, Naxçıvana çatanda, oranın çöl-biyaban olduğunu görəcək.

Lakin Naxçıvanın anklav yox, əslində eksklav olduğunu sonradan anlayan Mark Hay yazır ki, ona deyilənlərin əksinə qarşısına kifayət qədər inkişaf etmiş və firavan bir yer, bununla özündən razılıq həddinə çatan iftixar duyan adamlar çıxıb. 400 minlik əhalisi olan bu ərazinin sakinləri, Mark Hay-ın yazdığına görə, yerli, ekoloji baxımdan təmiz istehsala, türkəçarə dərmanlara, müqəddəs yerlərə və sağlamlıq ocaqlarına səfərlərə və nəhayət Wi-Fi rabitəsinə aludə insanlardır.
Ermənilərdən qorumaq üçün türk qəbir daşları bura daşınıb

YADDAN ÇIXAN YAXIN TARİX

Mark Hay yazır ki, Naxçıvan artıq bir dəfə, 1990-cı ildə zəmanəni qabaqlamağa cəhd edib və bunun acısını çəkib. 1919-cu ildə qısa müddətdə Araz Respublikası kimi müstəqilliyini elan etmiş bu diyar, ikinci dəfə 1990-cı ildə Sovet İttifaqından ayrıldığını bəyan edərək tarixdə bu addımı atan ilk respublika kimi tanınıb.
Müəllif tarixi ekskursunu davam etdirir:

«Bundan dərhal sonra naxçıvanlılar Ermənistan tərəfdən hücumlara məruz qalıblar və hər iki tərəf bir-birini döyüşlərdə kimyəvi silahlardan istifadədə ittiham edib.

Sovet İttifaqında regionlar bir-birindən iqtisadi asılılıq prinsipi ilə bölündüyündən, Naxçıvanın da özünü təmin edə biləcək sənayesi olmayıb. Ermənistan ərazisi ilə Azərbaycanın əsas hissəsindən ayrılan Naxçıvan düşmən ölkəsindən keçən qaz, elektrik və dəmiryolu xətlərindən də məhrum olub.

Hər il on minlərlə sakin buraları tərk edib.

Naxçıvanı ayaqüstə saxlayan əslən buralı olan və sonralar Azərbaycanın prezidenti seçilmiş Heydər Əliyevin tikdirdiyi iki körpü olub. Onlardan biri Naxçıvanı İran, digəri isə Türkiyə ilə birləşdirir.

O vaxtdan dünya mediasının və diplomatların da ayağı buralardan kəsildiyindən Naxçıvan beynəlxalq aləmin təsəvvüründə elə 90-cı illərdə olduğu kimi qalıb».
Naxçıvan Universiteti

BAKININ NEFTİ HESABINA SIÇRAYIŞ

Mark Hay daha sonra yazır:

«Lakin o vaxtdan bəri, 1995-2012-ci illərdə Bakının ağlasığmaz neft sərvəti hesabına Naxçıvanda kütləvi inkişaf gedib, regionun ÜDM-i 48 dəfə artıb».

Lakin müəllifin fikrincə, bu inkişaf prosesində idarəetmə siyasətinin sovetlərə məxsus çalarları hiss edilir.

O yazır ki, Naxçıvanın sosial-iqtisadi inkişaf proqramları regionun sənaye və ərzaq sarıdan özünütəminata istiqamətlənib.

Mark Hay yazır ki, söhbət etdiyi naxçıvanlılar üçün ərzaq məsələsinin xüsusilə həyati məna daşıdığını başa düşüb.

Onlar fəxrlə deyirlər ki, 334 adlı məhsuldan 330-u regionda istehsal olunur.

Mark Hay-ın daha sonra yazdıqlarından belə nəticəyə gəlmək olar ki, Naxçıvan rəhbərliyi blokada vəziyyətindən bir az da həzz alır.

Müəllif Naxçıvanı məşhur avtarkiyalara (özünütəhciz əsasında ətraf mühitlə mübadiləsiz mövcud olan ərazilərə) – kiçik, tərki-dünya krallıqlarına bənzədir və yazır ki, bu ərazilərin ekssentrik hakimləri şüurlu şəkildə özlərini bütün dünyadan təcrid edirlər.

Müəllif belə ölkə və ərazilərə misal kimi Taliban Əfqanıstanını, «qırmızı khmerlər»in Kambocasını, Şimali Koreyanı və erkən Franko İspaniyasını göstərir.
Naxçıvanda istehsal olunan mallar

Mark Hay bloqunda yazır ki, tarixi və psixoloji özünütəminat arzusuna baxmayaraq, Naxçıvan avtarkiyası özünəməxsus, yerli, lakin ləng inkişaf yolunu tutub. Onlar kənd təsərrüfatında məhsuldarlığı qat-qat artıra biləcək genetik modifikasiya olunmuş məhsullardan qəti imtina edir, heyvandarlıq fermaları ilə kifayətlənərək genişmiqyaslı aqrosənaye istehsalına doğru getmək istəmirlər.

BİR DƏFƏ ORDUBAD QAYĞANAĞI YEYƏN…

«Onlar belə istehsal nəticəsində mətbəxlərinin necə də yaxşı olması ilə lovğalanırlar», - yazır müəllif. «Məsələn, deyirlər ki, bir Ordubad limonu 10 manata satılır, halbuki, bu qiymətə 7 və ya 10 Türkiyə limonu almaq olar, amma yenə də adamlar (türklər də daxil) üstünlüyü Ordubad limonuna verirlər».

Mark Hay «iftixar siyahısı»nı davam etdirir:

«Onların qoz mürəbbəsi bəşəriyyətin ən qəliz və dadlı mürəbbəsidir».

«Bir dəfə Ordubad yumurtası yeyən daha heç yerin yumurtasını yeməz».

«Yerli duz orqanizm tərəfindən yaxşı həzm olunur və artritin qarşısını alır».

«Adamlar Bakıya gedəndə özləri ilə Naxçıvan suyu, meyvəsi və hətta bütöv qoyun şaqqası aparırlar».

Mark Hay yazır ki, burada ərzağın mədəniyyət olmasına ürəkdən inanırlar.

«Yeməksiz mədəniyyət natamamdır. Millətin kimliyini bilmək üçün onun mətbəxini başa düşmək lazımdır», - deyirlər Naxçıvanda.
Dağ otlarından hazırlanmış Naxçıvan araqları

Müəllif yazır ki, eyni sözləri alternativ dərmanlara, yerli xalq təbabətinə də şamil etmək olar:

«Naxçıvanlılar adları ingilis dilinə tərcümə olunmayan 300-dək dağ otu becərir, onlardan heyrətamiz çeşiddə araq çəkirlər. Bu otları ayrıca yesən ölümsüzlük əldə edərsən».

O daha sonra yazır:

«Mənim bələdçim danışırdı ki, dostunda mədə xərçəngi var imiş və o bir həftəlik Naxçıvan dağlarına qalxıb və orada dağ bitkilərini qoyun kimi otlayıb. Bundan sonra hələ 45 il də yaşayıb».

Müəllif Naxçıvanda mineral su vannaları və bu suların bir türkiyəli kişinin iflic olmuş əlini sağaltması barədə eşitdiklərindən də yazır.

Məqalədə deyilir ki, qədim Duzdağın dərin mağaralarında tikilmiş kiçik taxta daxmalarda adamlar günlərlə və aylarla yaşayır, astma xəstəliklərini müalicə edirlər.

Mark Hay yazır ki, naxçıvanlılar bütün bunları ekoloji turizm mənbəyi kimi təbliğ edirlər. Onlar həmçinin Quranla bağlılığı iddia edilən və «Əshabi-Kəhf» deyilən mağaranı və Nuhun iddia edilən məqbərəsini dini turizm məkanına çevirmək istəyirlər.
Onlar inanırlar ki, Nuh peyğəmbərin təknəsi, ermənilərin dediyi kimi Ağrıdağda yox, Naxçıvandakı İlandağda lövbər salıb.
Naxçıvanda duz mağarası

Müəllif yazır ki, bütün bunlar Naxçıvan paytaxtındakı beşulduzlu otel və sanatoriyalarla ziddiyyət təşkil edir.

Məqalədə deyilir ki, naxçıvanlıların mətbəxdən sonra ən böyük heyranlığı ağaclarla bağlıdır.

Hər şənbə günü hökumət işçiləri və adi sakinlər yeni yaşıllıq zolaqları salmaqla məşğuldurlar.

Müəllif yazır ki, Naxçıvan rəhbərliyinin ekoloji təmizliyə vasvası münasibəti ucbatından bölgədə sement zavodunun tikilməsi on il mümkün olmayıb. Zavodun tikintisinə yalnız yeni yüksəktexnologiyalı təmizləyici qurğular tapılandan sonra icazə verilib.

NAXÇIVAN SAN-FRANSİSKO YERİŞİ YERİYİR

Mark Hay-in fikrincə, Naxçıvan az qala San-Fransisko yerişi yeriyir. Yerli mobil telefon xidmətinin yaradılması, regionun bütün yollarının 2015-ci ilədək təmiri planlaşdırılır.

Özlərini texnokrat hesab edən yerli nazirlər internetdən istifadəni 72 faizə yüksəltməyə çalışırlar. Bu nazirlərdən biri müəllifə bildirib ki, «tərs qocalar» olmasaydı, bunu hətta yüz faizə çatdırmaq olardı.
Naxçıvanda küçə

«Onlar naqilsiz internet əlaqəsini 8 rayonunun 200 kəndində yarada biliblər. Bu kəndlərdən bəziləri Ermənistanla sərhəddədir. Onlar bütün regionda optik-lifli şəbəkə yaratmaq kimi nəhəng layihəyə girişiblər… Bunun nəyi San-Fransisko deyil ki?» – yazır bloqqer.

Bununla belə, müəllif qeyd edir ki, Naxçıvanla Amerikanın Qərb sahili liberalizmi arasında böyük fərq var.

O yazır ki, Naxçıvanda etdiyi bütün söhbətlərdə ermənilər Naxçıvanın mədəni irsini zəbt etmək və ya onu saxtalaşdırmaq cəhdlərində ittiham olunurdular.

Məqalədə deyilir ki, Naxçıvanda mədəni irsin erməni iddialarından qorunması üçün beşcildlik mədəniyyət ensiklopediyası çap olunub.

Naxçıvanlılar deyirlər ki, ermənilər hətta onlara aid qoyun cinsini də mənimsəmək istəyiblər.

NAXÇIVAN PLANETİN GÖBƏYİDİR

Müəllif qeyd edir ki, Sovet İttifaqında xalqların tarixinin yenidən yazılması ənənəsi var idi və məhz bu ənənə ermənilərlə azərbaycanlılar arasında keçilməz sədd və qarşılıqlı etimadsızlıq yaradıb.

Onun fikrincə, bu, hətta aşırı iftixar hissinin yaranmasına gətirib çıxarıb.
Naxçıvanda hərbi lisey

Müəllif yazır:

«Naxçıvan vətənpərvərliyinə görə, bu region Azərbaycanın ən qonaqcıl və intellektual hissəsi kimi tanınır. Naxçıvan duzları, qızları və yemişləri (sıranı dəyişməmişəm) ilə məşhurdur. Bura Azərbaycanın ümummilli lideri Heydər Əliyevin vətənidir. Azərbaycan bayrağı və Azərbaycan tarixi burada yaradılıb. Bura ən qədim sivilizasiyanın beşiyidir. Bura dünyanın mərkəzidir. Bura Nuhun və, deməli, bəşəriyyətin vətənidir».

«Bakıda yaxşı nə varsa, hamısı Naxçıvanla bağlıdır. Onlar bir yaxşı iş görürlərsə, deməli, bunu naxçıvanlılardan öyrəniblər. Bakılı dostlarım bunu çox böyük ədabazlıq hesab edir, bu həyasızlığa mat qalırlar» – yazır Mark Hay.

Bununla belə, müəllif yazır ki, Naxçıvanda sərhədboyu yerləşdirilmiş erməni snayperlərini unutmurlar. Onlar bilirlər ki, bölgədəki inkişaf və sabitlik Ermənistandakı və İrandakı daxili vəziyyətdən asılı olaraq qalır.

Mark Hay, həmçinin, İranın vaxtaşırı verdiyi ikibaşlı bəyanatlarını da qeyd edir:

«Bakı ilə bağlar qırılsa və ya müharibə bərpa olsa, Naxçıvana göstərilən mərkəzi dəstək tamamilə çökəcək», - yazır müəllif. «Belə olduqda, Naxçıvanın tarixin keçici qəzavü-qədəri və ya Qafqazın gözlənilməz Silikon Vadisi olacağını indidən demək çətindir. Yaşayarıq, görərik…».

Sayta hazırladı: Zülfüqar Rüfətoğlu

Şərhləri göstər

XS
SM
MD
LG