Keçid linkləri

-
Rusiya səfərinin ardınca Britaniyanın baş naziri bildirib ki, «Vladimir Putin-lə Suriyaya dair danışıqlarda real tərəqqi əldə edilib».

Bu da xəbər verilir ki, Britaniya və Rusiyanın təhlükəsizlik xidmətləri Soçi Qış Olimpiadası zamanı «məhdud miqyasda» əməkdaşlığı bərpa edəcəklər.

MI5 və MI6 ilə Rusiyanın Federal Təhlükəsizlik Xidməti arasında əməkdaşlıq 7 il əvvəl keçmiş DTK casusu Alexander Litvinenko-nun Londonda qətlə yetirilməsindən sonra dondurulub.

Putinin Soçidəki daçasında onun Britaniya baş naziri ilə üç saatlıq danışıqlarında Suriyada keçid hökumətinin yaradılması üçün səylərin artırılmasına dair razılaşma da müsbət dəyişiklik kimi qəbul edilir.

Bununla belə, bu cəhdlərin konkret şəkildə nədən ibarət olduğu barədə açıqlama verilməyib.

Britaniya mətbuatı yazır ki, David Cameron Rusiya prezidentinin Soçi iqamətgahında qonaqlanan ilk Britaniya baş naziri olsa da, Putin-in hərəkətlərində sərinlik hiss edilirmiş. Hərçənd, ruslar süfrəyə Londonun bir nömrəli saatı olan «Biq Ben» formasında tort da qoyublar.

Bunun müqabilində cənab Cameron Rusiya prezidentinə ötən il London Yay Olimpiya Oyunlarında çəkilmiş bir fotonu bağışlayıb.

Bu şəkildə Putin və Cameron cüdo yarışını izləyirlər.

Lakin Vladimir Putinin cavab hədiyyəsi xüsusilə maraqlı olub.

BREZHNEV ZAMANINDAN QALMA ERMƏNİ KONYAKI

Putin Cameron-a 1971-ci il tarixli erməni konyakı bağışlayıb və deyib ki, Stalin 1945-ci ildə Winston Churchill-ə məhz belə bir içkini hədiyyə edib.
David Cameron və Vladimir Putin Soçidə, 10 may 2013

David Cameron və Vladimir Putin Soçidə, 10 may 2013


Britaniya baş naziri bildirib ki, bəzi fikir ayrılıqlarına baxmayaraq, danışıqlar «əsaslı, məqsədli və faydalı» olub:

«Biz razılaşdıq ki, hər ikimiz Soçi Olimpiadasının təhlükəsiz tədbir olmasını istəyirik və bu məqsədlə xüsusi xidmətlərimiz arasında məhdud əməkdaşlığı bərpa edəcəyik».

Vladimir Putin bu məqam barəsində açıqlama verməsə də, onun sözçüsü Dmitry Peskov bildirib ki, Litvinenko qalmaqalından sonra əlaqələrin bərpa olunmasını yalnız alqışlamaq olar.

Suriya məsələsinə gəlincə, tərəflər ABŞ dövlət katibi John Kerry və Rusiyanın xarici işlər naziri Sergei Lavrov-un iştirakı ilə keçiriləcək sülh konfransına dəstək ifadə ediblər.

Baş nazir deyib ki, London və Moskva arasında fikir ayrılıqlarına baxmayaraq, hər iki tərəf Suriya barədə təməl məqsədləri bölüşür. Bu, Suriyada sülhün bərpa olunması və ölkənin parçalanmasının qarşısının alınmasıdır.

Bununla belə, Rusiyanın xarici işlər naziri Sergei Lavrov Assad rejiminə «yer-hava» raketlərinin verilməsi planında dəyişikliyin olmadığını bildirib.

Moskvanın Assad rejiminə verəcəyi silahların arasında S-300 sisteminin olub-olmayacağı hələlik bilinmir.

Şərhləri göstər

XS
SM
MD
LG