Keçid linkləri

Təcili xəbərlər

Bir əsrdə üçüncü dəfə…


Azərbaycan parlamenti - 1918-ci il
Azərbaycan parlamenti - 1918-ci il
-

Son yüz ildə üçüncü dəfə Milli Şura adını eşidən orta statistik azərbaycanlının bunun nə qədər fərqində olub-olmamasını deyə bilməsək də, bir şey aydındır ki, indi hamı, təbii ki, ilk növbədə siyasətlə maraqlananlar, bu təşkilatın yaranması prosesini maraqla izləyirlər.

Düzdür, proses siyasətdən bilavasitə uzaq adamlar üçün bir o qədər də aşkar şəkildə getmir, hətta onun formalaşmasının əsas prinsipləri əksəriyyət üçün qaranlıqdır.

Məlum deyil ki, bu, nə olacaq - artıq bir dəfə mövcud olmuş klassik Azərbaycan Xalq Cəbhəsi, yoxsa başqa ölkələrin də təcrübəsində təsadüf olunan, siyasi konfederasiya, ya da sadəcə desək, klassik cəbhə? Amma o, daha çox bir az əvvəldə qeyd etdiyimiz tarixi obrazlarla assosiasiya yaradır.

Azərbaycanda tarixi simvollara müraciət etmək yeni hadisə deyil. Bir vaxt bu yolla nəinki qəzetlər, hətta partiyalar yaranırdı. Amma onlardan çox az qismi oturuşaraq bu günümüzə gəlib çıxdı. Milli Şuranın gələcəyi ilə bağlı peyğəmbərlik etmək istəməzdik. Hər halda, maraqlıdır, görək, nə alınır? Əgər o, seçki ərəfəsində siyasi mühitin demokratikləşməsi uğurundakı hərəkata çevriləcəksə, bunlar artıq ölkə praktikasında olub və elə də yadda qalmayıb. Yox, əgər bu təşkilatı yaratmaqda daha uzağa gedən siyasi perspektivlər nəzərə alınırsa, bunu da görərik, çünki may ayının sonuna bir o qədər çox qalmayıb. Xüsusən də nəzərə alsaq ki, prosesin təşəbbüskarları onun hətta gözləniləndən də yaxşı getdiyini deyirlər, onda hansısa ləngimələr olmayacaq və iki-üç həftəyə prosesin yekunlaşmasının şahidi olacağıq. Amma bir neçə amil var ki, onları burada qeyd etməyə bilmərik.

NƏDƏN KÜTLƏVİ ZİYALI HƏRƏKATI ALINMADI?

Bəli, kütləvi ziyalı hərəkatı alınmadı. Bunu qeyd etməyə məcburuq. Bunun səbəblərini ölkənin gerçəkliklərində də axtarmaq olar, ziyalıların siyasi passivliyində də, həm də ziyalıların böyük hissəsinin ölkədəki vəziyyətlə bağlı öz müxalifətçi həmkarlarının fikirlərini bölüşməməsində də – səbəb çox ola bilər.

Kim nə deyir, desin, gələcək Milli Şuranın əsas missiyası seçki strategiyasını müəyyən etməkdir. Milli Şura heç bir halda bundan qaça bilməz. Seçki strategiyası isə haradasa vahid namizəd məsələsi ilə sıx bağlıdır. Əgər Şura bu məsələnin fövqündə dayanmaq yolunu tutsa, onda ona daha bir siyasi klub kimi baxmaq lazım gələcək.
Bəlkə ən əsas səbəb budur ki, insanların, o cümlədən də ziyalı kəsiminin böyük hissəsi hakimiyyətə qarşı açıq çıxış etməkdən ehtiyat edir. Nəzərə alanda ki, ölkədə avtoritar siyasi sistem hökm sürür, bu, bir o qədər də qeyri-adi görünmür.

Əgər ziyalıların müxalifət sıralarına kütləvi axını baş versəydi, hakimiyyət özünün siyasi sistemi daha da sərtləşdirmək siyasətini davam etdirməzdi, onu müvəqqəti olaraq dondurardı. Ona görə də çox ziddiyyətli bir məqam yaranır. Bir tərəfdən möhtəşəm müxalifət birliyinin yaranması müjdələnir, o biri tərəfdən də hakimiyyət məşhur 147-148-ci maddələrin sferasını genişləndirir və onu internetə də şamil etməklə, ifadə azadlığını bir az da məhdudlaşdırır.

Avtoritar sistemlərdə idarə edənlər reallıq hissini itirirlər. Amma güman etmirik ki, hakimiyyət o qədər reallıq hissini itirib ki, böyründə möhtəşəm müxalifət birliyinin yaranmasına rəğmən belə addımlar atır. Belə düşünməklə siyasi qüvvələrin nisbətini təhrif etmək olardı.

Hakimiyyətin Milli Şuraya münasibəti necədir? Onlar prosesi izləyir, amma özlərini elə göstərirlər ki, bu, sadəcə müxalifətin növbəti oyunudur. Kimin bu xüsusda daha haqlı olduğunu demək çətindir, çünki bəyanatlar çox olur, amma onların haqqında o vaxt ciddi düşünməyə başlayırlar ki, bu bəyanatlar həyata keçmiş olsun.

QARŞIDAN VAHİD NAMİZƏD MƏSƏLƏSİ GƏLİR…

Kim nə deyir, desin, gələcək Milli Şuranın əsas missiyası seçki strategiyasını müəyyən etməkdir. Milli Şura heç bir halda bundan qaça bilməz. Seçki strategiyası isə haradasa vahid namizəd məsələsi ilə sıx bağlıdır. Əgər Şura bu məsələnin fövqündə dayanmaq yolunu tutsa, onda ona daha bir siyasi klub kimi baxmaq lazım gələcək. Amma ümid edirik ki, Şura bu perspektivi bölüşmür.

Amma vahid namizəd məsələsi də qəlizdir. Əvvəllər də qeyd etmişik ki, Şura daha çox AXCP-nin və Müsavatın təmsilçilərinin çəkişmə meydanı olacaq, çünki hətta yaranmamış və tərkibi hələ tam bəlli olmayan qurum daxilində də bu iki siyasi vektorla müqayisə oluna biləcək siyasi güc görmürük. Amma bu iki siyasi vektorun çəkişməsi başqa bir maraqlı nəticə yarada bilər. Belə ki, o, üçüncü qüvvəyə yol aça bilər.

Hər halda, bir o qədər də böyük müddət qalmayıb. Ona görə də qabağa qaçmağa bir o qədər əsas yoxdur. Əsas odur ki, gələcək Milli Şura insanların nəbzini tuta bilsin. Belə olacağı təqdirdə uğura ümid etmək olar…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Ən son yazılan

XS
SM
MD
LG