Keçid linkləri

Təcili xəbərlər

Şahid Litvinenko-nun qətlinə dair şok ifadə verə bilər


Aleksandr Litvinenko
Aleksandr Litvinenko
-

Amerikada yaşayan şahidin keçmiş DTK casusu Litvinenko-nun ölümü ilə yüksək vəzifəli Rusiya rəsmiləri arasında bağlılığa dair mühüm faktları ortaya qoyacağı gözlənilir.

Britaniyanın «The Independent» qəzetinin əldə etdiyi məlumata görə, Alexander Litvinenko-ya Kremllə əlaqəsi olan biznesmenə dair hesabatı hazırlamağa yardım edən şahid ictimai təhqiqata ifadə vermək istəyini bildirib.

Qəzet yazır ki, belə bir mühüm şahidin ifadə verməyə razılıq verməsi rəsmi Londona qarşı təzyiqləri daha da artıracaq.

LONDON MOSKVANIN XEYRİNƏ İTTİHAMDAN İMTİNA EDİR?

Ötən həftə Britaniya Ali Məhkəməsinin hakimi Litvinenko-nun ölümündə Rusiyanın əli olması barədə hər hansı ifadəni qəbul etməyəcəyini bildirmişdi.

Hakim bu qərarını Britaniyanın milli təhlükəsizliyi mülahizələri ilə izah etmişdi.

Litvinenko-nun dul xanımı Marina ərinin ölümündə Rusiyanın iştirakı iddialarını araşdırmaqdan boyun qaçırdığına görə hakim lord Robert Owen-i ittiham edir.

Marina Litvinenko
Marina Litvinenko
İndi isə, qəflətən Amerikada yaşayan mühüm şahid – keçmiş DTK casusu təhqiqata yeni və həlledici ifadə vermək istədiyini bildirib.

Bu şahid Litvinenko-nun ölümündən az əvvəl ona Rusiya prezidenti Vladimir Putin-ə bağlı «Aeroflot» rəsmisinə dair hesabatın tərtibatında kömək edibmiş.

Britaniya anti-terror polisi bu şahidin verə biləcəyi ifadəni o qədər mühüm sayır ki, onunla görüşmək üçün öz nümayəndələrini üç dəfə ABŞ-a ezam edib.

«The Independent» yazır ki, 2006-cı ildə keçmiş DTK casusu Litvinenko London otellərindən birində polonium-210 radioaktiv maddəsi ilə zəhərləndikdən sonra Britaniya ilə Rusiya arasındakı münasibətlər «soyuq müharibə»dən sonra ən çətin mərhələsinə qədəm qoymuşdu. Lakin baş nazir Cameron-la prezident Vladimir Putin arasında Soçidə keçirilən son görüşdən sonra münasibətlərdə bir qədər yaxşılaşma müşahidə edilirdi.

MÜHÜM ŞAHİDİ DİNLƏYƏCƏKLƏRMİ?

Sözü gedən mühüm şahid, Litvinenko-nun dostu Alex Goldfarb rəsmi bəyanatında Britaniya hökumətinin təhqiqata müdaxiləsini siyasi motivli hərəkət kimi tənqid edib.
Goldfarb telefonla verdiyi bəyanatda deyib ki, Britaniya Ali Məhkəməsinin son qərarı Cameron-la Putin arasında «qardaşlaşma görüşü»nün fonunda təbii görünür.

Andrei Lugovoi
Andrei Lugovoi
O qeyd edib ki, Britaniya polisi cənab Litvinenko-nun «Titon International» təhlükəsizlik şirkəti üçün hazırladığı hesabata diqqət yetirməlidir.

Litvinenko-nun Moskvanın nüfuzlu rəsmilərini ifşa edən bu hesabatı «Titon International» tərəfindən «keyfiyyətsiz» olduğu üçün rədd edilmişdi.

Məhz bundan sonra Litvinenko sözügedən şahidlə əlaqə saxlayaraq, hesabatın daha inandırıcı olmasında ona kömək etməsini xahiş etmişdi.

Qəzet yazır ki, Litvinenko məhz bu hesabat barədə DTK casusu Lugovoy-u məlumatlandırmaqla, əslində özünə ölüm hökmü oxumuşdu.

Lugovoy bu hesabatın bir nüsxəsini Kremlə ötürmüşdü.

Alexander Litvinenko-nun qətlini təhqiq edənlər yeni şahidin mümkün ifadəsi barədə xəbərləri şərh etməkdən imtina ediblər.
XS
SM
MD
LG