Keçid linkləri

Təcili xəbərlər

Etinasızlıq


2008-ci ilin prezident seçkiləri ərəfəsi
2008-ci ilin prezident seçkiləri ərəfəsi
-

Başa düşmək istəyi adamı haralara çəkib aparmır? Ona görə ki, siyasi yazının özü də bir rəsm tablosu kimidir, daim hiss edirsən ki, bəli, hansısa ştrix, hansısa rəng çatışmır, dəfələrlə bir mövzuya qayıdıb yeni rəng əlavə edirsən ki, bəlkə mükəmməl bir şey alındı… Rəssamın, yazıçının işi öz gördüklərinə yeni məna verməkdir, jurnalistin peşəsi isə gördüklərində, adamların davranışında gizlənmiş mənanı tutmaqdır.

İndi mən də bir neçə yazıdır ki, builki seçki ərəfəsində insanların ovqatını başa düşməyə çalışıram. Maraqlıdır, görən, desəydilər ki, həmin ovqatı bir cümlə ilə ifadə et, mən nə deyərdim? Deyərdim ki, ola bilsin, insanların hiss olunacaq hissəsi İ. Əliyevə deyil, müxalifət nümayəndəsinə səs verəcək, amma İ. Əliyev əvvəlki üsullardan istifadə edib bu dəfə də hakimiyyətdə qalsa, həmin adamlar buna da etiraz etməyəcək, təbii ki, söhbət onların böyük əksəriyyətindən gedir.

Ümumiyyətlə götürdükdə isə, çox güman ki, hansısa bir etiraz müşahidə olunacaq, amma məsələ miqyasındadır, miqyas böyük olmayacaq. Bəs nədən bu cür əminliklə hakimiyyətin nümayəndəsinin əleyhinə səs verənlərin heç də azlıq təşkil etməyəcəyini iddia edirik? Bunun iki səbəbi var:

Birincisi, insanların arasında olmaq lazımdır. Onlar hakimiyyətə qarşı açıq etiraz və çıxış etməkdən çəkinsələr də, narazılıq böyükdür.

İkincisi, hər bir avtoritar liderə qarşı münasibət pərəstişdən tamam etinasızlığa qədər böyük yol keçir. İ. Əliyevə münasibət indi özünün həmin o etinasızlıq mərhələsini yaşayır: əgər onun əvəzinə başqa bir adam seçilsəydi adamlar buna etiraz etməzdi, amma bundan ötrü onlar məntəqəyə gedib, səs verməkdən savayı başqa bir cəhd göstərmək, özlərinə izafi əziyyət vermək niyyətində də deyillər. Münasibət budur ki, təzə adam seçilərsə, lap yaxşı, yox, köhnələr qalarsa, buna da dözmək olar.

Bu ovqatın, bu davranışın əsl adını tapmaq üçün bir neçə dəfə cəhd etmişəm. Buna ingilis politologiyasında deyildiyi kimi «siyasi yorğunluq» da demək olar, siyasi biganəlik və etinasızlıq da. Prinsipcə, oxucu üçün bunun böyük əhəmiyyəti də yoxdur, necə istəyirsiniz, elə də adlandırın.

Amma adların fərqində olmasam da, mənim üçün onların mənası hər halda önəmlidir. Ona görə ki, jurnalistin işi böyük toplumların psixologiyasını öyrənən psixoloqların işinə bənzəyir, o, da sosial diaqnozla məşğul olur və hamı bilir ki, diaqnoz qoymaq üçün səbəbləri də bilmək vacibdir.

DEPOLİTİZASİYA NƏDİR?

1993-cü ildən bu tərəfə hakimiyyət ardıcıl olaraq cəmiyyəti siyasətsizləşdirməklə məşğul olub. Buna depolitizasiya da deyirlər. Bəli, bir vaxtlar, 1980-ci illərin sonunda, 90-cı illərin əvvəlində müşahidə olunan siyasətbazlıq da anormal hal idi.

Yadınıza gəlirmi mərhum A. Məmmədov nə deyirdi? O deyirdi ki, insanları «siyasi narkoman»a çevirib salmışıq küçələrə, indi də yığa bilmirik! Bəli, o vaxt əsl «siyasi narkoman»ı xatırladan kütlə normal bir duruma gəlməli və fəal seçiciyə çevrilməli idi. «Siyasi narkoman» simptomu yığışdı. Amma insanlar normal, fəal seçiciyə də çevrilmədilər. Fəal seçici dedikdə kimləri nəzərdə tuturuq? O, ölkənin siyasi həyatını diqqətdə saxlayır, öz sevimli qəzeti və təəssübkeşi olduğu siyasi qüvvə olur, ən başlıcası isə o, öz səsinin sahibi kimi çıxış edir, onun səsini oğurlamaq olmaz, əgər belə olsa, o, dərhal etiraz aksiyasına çıxar!

Bəli, belə bir seçici alınmadı. Ona görə ki, buna imkan vermədilər. Bir qədər əvvəldə qeyd etdiyim kimi insanları siyasətdən ayırmaq üçün böyük bir sistem və ideologiya işə düşdü. Bunun üçün nədən istifadə etmirdilər?

Əvvəlcə insanlara sübut etməyə çalışdılar ki, siyasət hər adamın peşəsi deyil, bununla məşğul olmaq üçün xüsusi adamlar var və həmin xüsusi adamların mifini yaratmağa başladılar.

Bütün miflər müvəqqəti olduğu kimi siyasi miflər də əbədi deyil. Daha sonra başladılar milləti dilə tutmağa - bəli, bizim millətimiz siyasətbaz deyil…Bunlarla bahəm özlərini də unutmadılar. Burada da lap əvvəl bütün siyasətçi insanları səriştəsiz, bacarıqsız, əgər mümkün idisə, rüşvətxor adlandırdılar. Amma bunun da vaxtı vardı və o vaxt keçəndən sonra insanlar başa düşdü ki, heç də belə deyil, indi əvvəlkindən qat-qat çox rüşvətxor var. Ona görə də indiki, sonuncu təbliğat maşını işə düşdü. O, belə bir tezisə söykənir ki, bəli, biz ideal və bəlkə də heç yaxşı deyilik, amma o birilər - bizi əvəz etmək istəyənlər guya bizdən yaxşıdırmı?

Bax, total siyasi etinasızlığın, biganəliyin kökünü məhz burada axtarmaq lazımdır. Bu təbliğatın nəticəsində insanlar da düşünür ki, gələnlər onsuz da bunlardan yaxşı olmayacaq. Ona görə də dəyişikliyə ehtiyac varmı? Təbii ki, bir müddət keçəcək bu ideoloji dərman da öz təsirini itirəcək. Bax, o vaxt hakimiyyət ciddi düşünməli olacaq, özü də çox ciddi…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Ən son yazılan

XS
SM
MD
LG