Keçid linkləri

-

Böyük tarixi hadisələr bir qayda olaraq, özlərinin dərk olunması üçün həm də böyük zaman intervalı tələb edirlər. Necə ki, böyük bir dağın ətəyində dayananda onun bütün əzəmətini görə bilmirsən, gərək bir qədər uzağa çəkiləsən ki, bu möhtəşəmliyi olduğu kimi duya biləsən, qiymətləndirəsən…

Amma böyük hadisələrin böyük problemləri də olur. Əvvəl onların haqqında çox danışmırlar, bunu yalnız ən cəsarətlilər və bir də öz eqoist hisslərinin fövqündə dayananlar edə bilir.

Bir müddət keçir, onların üzərindən siyasi tabular götürülür və hamı danışmağa başlayır, nəticədə elə dəhşətli xor yaranır ki, nəsə başa düşmək və anlamaq olmur.

Hər dəfə Azərbaycan Xalq Cümhuriyyətindən söz düşəndə qeyri-ixtiyari olaraq ağlıma gələnlər bunlar olur. Bəli, əvvəl bu haqda heç kim danışmırdı və ya çox az danışılırdı, amma indi hamı danışır…

Elə bu səbəbdən təzə nəsə demək çətin olur, çünki bütün deyiləsi sözlər artıq deyilib və V. Shakespeare-in (Şekspir) «Kral Lir»ində deyildiyi kimi yalnız qəhrəmanları bir daha anmaq qalır. Bunu etmək də önəmlidir, çünki qəhrəmanları anmaq onların sayəsində azadlığa qovuşanların edə biləcəyi bəlkə də yeganə şeydir. Məsələ bundadır ki, insanlar bir qayda olaraq ölülərə qibtə etmir, amma qəhrəmancasına ölən insanlara qibtə edənlər həmişə tapılır, çünki qəhrəmanlar ölmür…

90 VƏ 95! HANSI DAHA ÖNƏMLİ İDİ?

Bu il bəlkə də hər gün H. Əliyevin anadan olmasının 90 illiyi anıldı, böyük tədbirlər keçirildi. Amma bunu Azərbaycan Xalq Cümhuriyyətinin 95 illik yubileyi ilə bağlı görmədik və növbəti dəfə ayrı-seçkiliyin şahidi olduq. Düzdür, sonradan bir-iki tədbir oldu, hətta İstiqlaliyyət abidəsi anıldı, gəl, bunlar çox epizodik təsir bağışladı.

Düşünürük ki, hələ də bir çoxu 1918-20-ci illərdə nəyin baş verdiyinin fərqində deyillər. Nə baş vermişdi o illərdə? Azərbaycan istiqlalı ideyası ortaya atılmışdı, elə bir bünövrə qoyulmuşdu ki, onun üzərində Azərbaycan Sovet Sosialist Respublikasının və indiki Azərbaycan Respublikasının qurulması mümkün olmuşdu.

O vaxta qədər faktiki olaraq Azərbaycan istiqlalı ideyası olmamışdı. Bəli, tarixdə azərbaycanlıların yaratdığı çox dövlət olub, amma onların heç biri Azərbaycan adlanmayıb, o dövlətlər isə sülalələr olub və bir çox hallarda da bu sülalələrin adı ilə adlandırılıb, Azərbaycan sözü isə daha çox coğrafi bir məzmun kəsb edib.

Məsələn, mən ABŞ-da T. Jefferson-un ev muzeyində bir köhnə xəritə görmüşdüm. Həmin xəritədə Azərbaycanın yerinə Şirvan sözü yazılmışdı. Belə misalları çox gətirmək olar.

M. Ə. Rəsulzadə

M. Ə. Rəsulzadə

1918-ci ildən sonra Azərbaycan sözünə bir siyasi məzmun verildi, sanki o, siyasi vəsiqə aldı, elə bir istiqlaliyyət alovu yandırıldı ki, onun şöləsini hətta 70 illik sovet istilası söndürə bilmədi.

M. Ə. Rəsulzadənin xatirələrində çox maraqlı epizod var. O vaxt İ. V. Stalin ondan soruşmuşdu ki, Məmməd Əmin, bu iki ildə millətiniz üçün nə etdiniz? Cavabında M. Ə. Rəsulzadə demişdi ki, millətə istiqlaliyyəti dadızdırdıq…

M. Ə. RƏSULZADƏ KİMİ ƏZMKAR OLSAYDIQ…

M. Ə. Rəsulzadədə ən çox qiymətləndirilməli keyfiyyət hansıdır? Düşünmədən deyərdik ki, onun əzmkarlığı! Bu adam hamının ruhdan düşdüyü, artıq mübarizənin faydasız olduğunu düşündüyü anlarda belə öz əzmini itirməyib, o son ana, son nəfəsə qədər mübarizə aparıb.

Hətta Cümhuriyyət atalarının heç birində onun qədər əzmkarlıq olmayıb. Bu sözləri digər fədakar insanların əməyini və inamını kiçiltmək cəhdi kimi başa düşməyin, əsla belə fikrimiz yoxdu - o dövrün çox insanları ən yüksək və ən dəyərli sözlərə layiqdir.

Hətta onun da tərəfdarıyıq ki, heç kimi ideallaşdırmaq da lazım deyil, bir çox tarixi mətləblər bəlkə də hələ bundan sonra çözüləcək. Bu kontekstdən yanaşanda bəlkə də 11-ci qızıl orduya müqavimət göstərmək lazım idi, bəlkə də bu müqavimətin nəticəsi 95 illik istiqlal dövrü ola bilərdi!

Bəzən düşünürəm ki, nə yaxşı ki, Gəncə qiyamı olub. Bu qiyam istiqlaliyyət ideyasının bizə göylərdən əta olması haqdakı iddiaları əhəmiyyətli dərəcədə təkzib edir – məlum olur ki, azərbaycanlılar istiqlaliyyət uğrunda döyüşməyi də bacarıblar!

Nə etmək olar? Görünür, insanların taleyi olduğu kimi millətlərin də taleyi var - birisi azadlığa daha tez qovuşur, digərinə isə bu yolda zillətlər çəkmək və əziyyətlər yaşamaq lazım gəlir. Amma bu yolun sonu azadlıqdır, onun işığına doğru getməkdən başqa isə bir yol yoxdur…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Şərhləri göstər

XS
SM
MD
LG