Keçid linkləri

Təcili xəbərlər

Böyük və mübarək günə kiçik sözardı… (Bir fotonun yaşantıları)


M.Ə.Rəsulzadənin Novxanıdakı abidəsinin önü
M.Ə.Rəsulzadənin Novxanıdakı abidəsinin önü
-
«Bu gün öylə böyük və mübarək gündür ki, bunu biz azərbaycanlılar yuxumuzda da görə bilməzdik. Hökumətin fəaliyyətində nə qədər qüsur və nöqsan olmuşsa da, yol göstərən işıqlı yıldızı bu olmuşdur: millətin hüququ, istiqlalı və xeyri!».

Bu sözləri Fətəli Xan Xoyski səsləndirib.

Cümhuriyyətin naziri «bu günü yuxumuzda da görə bilməzdik» – deyir.

Məncə, bu sözlər istiqlalın nə qədər qiymətli olduğundan və zamanında əlçatmaz təsəvvür yaratdığından xəbər verir.

Zatən, qurucu babalarımız bunu hər vəchlə vurğulamırdılarmı?

Əmin bəyin «azadlığın şirin dadı» kəlməsi də bunu təsdiqləmirmi?

Xan Xoyskinin bu sitatında növbəti cümlə də diqqətimi çəkdi. O, hökumətin işində müəyyən qüsur olsa da, yolgöstərən işıqlı ulduzunun «millətin hüququ, istiqlalı və xeyri» olduğunu bildirir.

Görəsən, aradan 95 il keçəndən sonra biz eyni fəxarətlə o sözləri təkrar edə bilərikmi?

Sualın cavabını sizə həvalə edirəm.

Bu sətirləri yazmağıma səbəb dünən M.Ə.Rəsulzadənin Novxanıdakı abidəsinin önündə çəkilmiş bir foto oldu.

Abbas Atilayın fotosunu saytımızda siz də görmüsünüz.

Ona bir də baxın.

Cümhuriyyətin 95 illiyini dəqiq təcəssüm etdirən bir görüntüdür.

Bu şəklə baxandan sonra sakitləşdim.
Heç şəkildə üçrəngli bayrağımızın seyrək görünməsi də məni üzmədi.

Sevindim ki, həmin gün «yoxdan bir bayraq ucaldanların» ruhu şad oldu. Özü də, onların nigaran ruhu Vətənin əzizdən-əziz bir parçasında – Novxanıda dolaşdı. Cümhuriyyət coşqusunun bir kənddə müqəddəs bir abidənin önündə yaşanması nəyə desən deyərdi!

Ürəyində Cümhuriyyət eşqi gəzdirənlərin hamısını bu əziz bayram münasibətilə təbrik edirəm.

Onların sayının çox olduğunu yaxşı bilirəm.
Bayramımız mübarək, əzizlərim!
Cümhuriyyətimiz 95 yaşına çatdı!
Onun 100 yaşını görmək istərdim!
Onun 100 yaşında sizlərlə olmaq istərdim.
Amma …daha böyük bir məkanda!
Amma… daha qələbəlik!
Amma… daha böyük coşqu ilə!
Millətin hüququ, istiqlalı və xeyri ilə bir arada!..

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG