Keçid linkləri

-
Bir neçə il bundan əvvəlin söhbətidir. Yerli qəzetlərdə belə məlumat getmişdi ki, İranda bir çoban heyvanlarla çox sərt davrandığına görə cərimələnib. İlk baxışda burada qeyri-adi heç nə yox idi, adidən də adi bir xəbər idi.

Ona görə ki, heyvanların hüquqlarının qorunması ilə bağlı Qərbdə ictimai fəallar o qədər iş görmüşdü ki, hansısa bir Şərq ölkəsində də buna bənzər nəyinsə baş verməsi ümumi fona çox da ciddi bir əlavə etmirdi.

Hətta bəzi heyvanlar-itlər, balinalar və xüsusən də delfinlər haqqında elə filmlər çəkilmişdi ki, onların hər biri dünya film fondunu zinətləndirmək iqtidarında idi. Məsələn, kim «Aysberqlər arasında ölüm» filmini görməyib? Və yaxud da Milli Coğrafiya Cəmiyyətinin heyvanlar haqqında çəkdiyi filmlərə həvəslə tamaşa etməyib?
Yeri gəlmişkən qeyd edək ki, bu təcrübə hətta ucqarlara da, o cümlədən Azərbaycanın da bölgələrinə yol tapır. İndi bölgələrin ictimai fəalları hansısa gölün qurudulması nəticəsində faunaya, su quşlarına, köçəri quşlara qarşı yarana biləcək çətinliklərdən danışırlar, həyəcan təbili çalırlar.

Amma qeyd olunan xəbərdə söhbət hansısa Avropa ölkəsindən deyil, İrandan gedirdi. Bu ölkə ilə bağlı təəssüratlar isə təkcə yazılanlarla məhdudlaşmırdı. Bir vaxt Bakıda çoxlu iranlı siyasi mühacir yaşayırdı. Onlar öz ölkələri və oradakı sərt avtoritar qaydalar haqqında elə şeylər danışırdı ki, adam hətta bu ölkənin qonşuluğunda yaşamasından ehtiyat edirdi…

Belə bir detalı niyə xatırladıq? Azərbaycanın parlamenti də heyvanlarla sərt davranışa görə inzibati cəzaları sərtləşdirmək niyyətindədir. Amma…

CƏZALAR SƏRTLƏŞİR, AMMA TƏK HEYVANLARI QORUMAQ ÜÇÜN YOX…

Bəli, bu dəfə də «amma»sız keçinmək mümkün olmadı, çünki ölkə qəlizdir.

Avropada itlər üçün sığınacaq

Avropada itlər üçün sığınacaq

Ümumi halda götürəndə, heyvanlara diqqətin artırılmasını yalnız təqdir etmək olardı, əgər bəzi məqamlar olmasaydı.

Məsələ bundadır ki, insana və vətəndaşa qarşı münasibətin problemli olduğu ölkələrdə heyvanlara qarşı diqqət, hətta qayğı belə heç də humanizm görüntüsü yaratmır. İndi az qala bütün ölkələrdə insan və onun hüquqlarının qorunması dövlətlərin əsas vəzifəsi hesab edilir. Bəzi Şərq ölkələrinin konstitusiyalarının zahiri parıltısı və bəlağətli maddələri hətta Qərb ölkələrinin müvafiq ali qanunlarını belə kölgədə qoymaq iqtidarındadır.

Amma iş reallığa, real, gündəlik həyata gələndə, adamın yadına vaxtilə bir şərqli hüquq müdafiəçisinin zarafatla dediyi sözlər düşür:

«Bəli, elə Şərq ölkələri var ki, orada insan kimi doğulmaqdan və yaşamaqdansa, Avropa ölkələrinin birində dilsiz-ağızsız bir canlı kimi doğulmaq və yaşamaq daha yaxşıdır!».

Ola bilsin, bir qədər sərt və ironik deyilib, amma bu sözlərin boş yerdən, heç nədən irəli gəldiyini iddia etmək də çətindir, çünki onlarda bəlkə də illərlə yaşanan bir insan əzabı ifadə olunub.

Məsələn, belə faktı necə inkar edəsən ki, həmin Avropa ölkələrində vətəndaşlara heyvan saxladıqlarına görə verilən aylıq müavinətlər bəzi ölkələrdə çox uşaqlı ailələrə uşaqlara görə verilən müavinətlərdən qat-qat çoxdur?! Bu, təkcə ölkələrin iqtisadi durumundan asılıdırmı?

Məsələn, Azərbaycanda hələ indi çoxuşaqlı ailələrə imtiyazlar verilməsini nəzərdə tutulan dövlət proqramı hazırlanır. İnsanlara hətta öz evlərində belə mənsub olduqları partiyaların toplantılarını keçirməyə imkan vermirlər.

İnsanlara hətta öz evlərində belə mənsub olduqları partiyaların toplantılarını keçirməyə imkan vermirlər.

Bu vaxta qədərki vəziyyət isə tamam bərbad idi. Hətta Ermənistanın bu sahədəki göstəriciləri Azərbaycanı üstələyirdi!

TƏK ÇÖRƏKLƏ…

Amma məsələ tək sosial müavinətlərdədirmi? Təbii ki, yox. Adam azad olanda, hətta ona maddi problemlər də dərd olmur, çünki o, əmindir ki, azadlıq varsa, özünü mütləq bir fərd kimi də, bir ailə başçısı kimi də reallaşdıra biləcək.

Ümumilikdə götürəndə isə, çox ziddiyyətli vəziyyətdir. Bir tərəfdən təbiətin dilsiz-ağızsız varlıqlarının hüquqları genişləndirilir, o biri tərəfdən isə insanların hüquqları məhdudlaşdırılır.

Yəqin, diqqətli oxucu elə bu il icazəsiz aksiyalara görə də inzibati cəzaların sərtləşdirilməsini yaxşı xatırlayır. Bir az əvvəldə isə bölgələrdə göllərin, su hövzələrinin qurudulması nəticəsində faunaya dəyə biləcək ziyanların yerli fəalları narahat etməsindən yazdıq. Amma gəlin görək həmin o bölgələrdə insanların hüquq və azadlıqlarının, xüsusən də siyasi hüquqların vəziyyəti necədir?

Olduqca problemli vəziyyətdir, insanlara hətta öz evlərində belə mənsub olduqları partiyaların toplantılarını keçirməyə, öz siyasi hüquqlarını reallaşdırmağa imkan vermirlər.

Belə vəziyyətdə isə dövlətin heyvanlara qayğısı bir ekzotika kimi görünür. Bəlkə elə buna görə Şərqə ekzotikalarla zəngin Şərq deyirlər?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG