Keçid linkləri

Əsl sənətkarlar, siyasətçilər və Türkiyədə Gəzi parkı etirazı


.
Günel Əhməd

F.Kennedi bir vaxtlar demişdi: “Əgər sənət mədəniyyətin köklərini qidalandırmaq üçün yaranıbsa, o zaman artistlərə azadlıq verin ki, dünyanı gördükləri kimi yaşasınlar”.

İndi Türkiyədə olduğu kimi. Alışan bu qığılcımın əsl səbəbi siyasət və mədəniyyət (mədəni siyasət və siyasi mədəniyyət) arasındakı zidddiyətdir.

Bu təzadların bir qolu da sənətə neqativ təsir göstərdi. Azad fikirli, dünyagörüşlü sənətkarlar, musiqiçilər, aktyorlar yetişdirmiş bir ölkədə onların teatrını uçurtmaq sənətə balta çalmaq demək idi. Amma onlar dilləndilər, susmadılar. Çünki əsl hədəfdə onların olduğunu anlayırdılar. Ziyalıların, jurnalistlərin, başqa söz-fikir adamlarının məhbəslərdə məhv edildiyi bir ölkədə, yüksək sənət adamlarına da ciddi təhlükə idi. Amma hər şey tam tərsinə oldu.

10 gündən bəri, hələ etirazlardan başlamamışdan əvvəd sosial şəbəkələrdə təqib etdiyim Türkiyənin mütərəqqi, dünyagörüşlü teatr və kino aktyorlarında böyük bir narazılıq hiss olunurdu. İlk qəzəbli tvit-lərə ölkədəki alkoqollu içkilərə qadağa səbəb oldu.

Onlar üçün bu çox böyük bir zərbə idi. Çünki minilliklər boyu sənət və söz adamlarının özünü, belə desək, ifadə etmək üçün içki labüd olub. Sanki Ömər Xəyyam da bir vaxt şahlara, sultanlara xitab etmişdi: “biz şərab içirik sən xalq qanını, insaf et, hansımız daha qəddarıq?”

Türkiyədə hökümət daha qəddar çıxdı. Ağac kəsilməsinə etiraz edən 500 dinc etirazçıya qarşı göstərdiyi şiddətlə. Dünya da bunu belə gördü.

Əslində hər şey apreldə İstanbuldakı Əmək teatrının sökülməsinə dair eitirazla başladı. O zaman hökümətin bu dəfəki təqiblərdə sənət adamlarını hədəf aldığı bəs-bəlli görünürdü.

Amma Türkiyədə sənət adamları ciddi, siyasətlə maraqlanan, təhsilli, dünyagörüşlü və ən əsası da azadsözlü bir zümrədir. Sosial mediadan ən çox istifadə edən və 100 minlərlə təqibçiləri olan bu incəsənət insanlarının gözü qarşısında bir sənət məbədinin yıxılmasına səssiz qalına bilməzdi. Və apreldəki etiraz aksiyası artıq 5 gündür Türkiyənin böyük şəhərlərində davam edən xalq hərəkatının carçısı idi.
Mütərəqqi türk sənətçiləri ilə bizim sənətçilərin fərqi bilirsiniz nədədir? Onlar seçkiqabağı təşviqat kampaniyalarına məcburi qaydada qatılmırlar, ‘dahi’, ‘xilaskar’ kimi reallığa söykənməyən, ucuz pafoslu şərqilərlə məddahlıq etmirlər. Onlar öz istəkləri ilə hərəkət edirlər, azad ruhları və nə düşündüklərini deməklə diqqət çəkirlər.

Bu etirazlarda Türkiyənin ən tanınmış müğənniləri, teatr və kino aktyorları, prodüserlər, rəssamlar, yazarlar görünməmiş fəallıqla öz Twitter təqibçilərinə məlumatlar yayır, onlara səslənir və bir-birinin ardınca etiraz aksiyasına qoşulurdular.

Bu çox böyük bir dəstəkdir və vacib bir faktdır, nəzərə alsaq ki, hər bir akyorun ən azı 100 min təqibçisi var. Hətta Türkiyənin məşhur rok ulduzlarından biri, baş nazirin TV vasitəsilə etdiyi çixışdan hiddətlənərək, Recep Tayyip Erdogana yazdığı açıq məktubunda onu təkrar çıxış edib, üzr istəməyə borclu olduğunu bildirdi.

Mütərəqqi türk sənətçiləri ilə bizim sənətçilərin fərqi bilirsiniz nədədir? Onlar seçkiqabağı təşviqat kampaniyalarına məcburi qaydada qatılmırlar, ‘dahi’, ‘xilaskar’ kimi reallığa söykənməyən, ucuz pafoslu şərqilərlə məddahlıq etmirlər.

Onlar öz istəkləri ilə hərəkət edirlər, azad ruhları və nə düşündüklərini deməklə diqqət çəkirlər. Onlar azad həyat tərzi sürürlər, heyvan haqları və ətraf mühitin qorunmasında dəli kimi maraqlıdırlar, xarici kinoları, kinofestivallarını daim izləyir və bacardıqları qədər iştirak edirlər, xarici müğənnilərin (Filip Kirkorovu demirəm) mahnılarını dinləyir və konsertlərinə qatılırlar.

Bu təkcə səhnədə gördüyümüz insanlardır. Amma sənətin başqa sahələri ilə məşğul olanlar da var - rəssamlar, rejisyorlar və s.

Baş verənlərə incəsənət və o aləmin insanları prizmasından baxmağımız Türkiyədə hökümətin necə və hansı səviyyədə və kimlər üçün dəyər olmasını anlamağa yardım edir.
Əgər siyasətçilər şou düzəldib əsl ulduzlar kimi orda ‘performans’ göstərirlərsə, onda sənət adamları da siyasətə qoşulub, əsl siyasətçi kimi mövqe ortaya qoyurlar. Elə indi Türkiyədə olduğu kimi...

Bəşər cəmiyyətinin indiki inkişaf dövrünün ən fərqli cəhətlərindən biri də məhz mədəni və siyasi proseslərin sıx əlaqəsidir. İctimai həyatın başqa sahələrində olduğu kimi, mədəniyyət sferasında da siyasət insanların sosial fəaliyyətini yönləndirir. Və əksinə.

Mədəniyyətin bir qolu sayılan sənətkarlar da elə davranışı, dünya haqqında təssəvvürləri və dəyərləri ilə siyasətə təsir edir. Deməli, mütərəqqi bir sənət adamı üçün siyasətdən sənətə və sənətdən siyasətə yol cəmi bircə addımdır.

Əgər siyasətçilər şou düzəldib əsl ulduzlar kimi orda ‘performans’ göstərirlərsə, onda sənət adamları da siyasətə qoşulub, əsl siyasətçi kimi mövqe ortaya qoyurlar. Elə indi Türkiyədə olduğu kimi...


Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
Sən də bu mövzuda fikirlərini aşağıdakı foruma yaza bilərsən.

Şərhləri göstər

XS
SM
MD
LG