Keçid linkləri

Təcili xəbərlər

Jurnalistika qullarının intiqamı


Arif Əliyev
Arif Əliyev
-
Arif Əliyev, Yeni Nəsil Jurnalistlər Birliyinin sədri

Kütləvi aksiya keçirənin bir gözü polisin dəyənəyində olursa, o biri gözü ətrafda jurnalist axtarır. Çünki insanların heç də ən təhlükəsiz etiraz forması olmayan mitinqə, piketə çıxmasının başlıca səbəbi problemlərini ictimailəşdirmək, ictimai dəstək qazanmaqdır. Bu da ki, mediasız baş tutan sevda deyil.
Türkiyə əyləmçilərinin də gözləri ilk günlər kütlədə jurnalist axtarırdı. Amma daha çox bağrına basmaq, dərdini demək üçün deyil, acığını çıxmaq, öz aralarından qovub çıxarmaq üçün.
Nədən böylə, əfəndim?
Nə baş verdi və iş o yerə çatdı ki, Türkiyə Qəzetiçilər Cəmiyyəti xalqa xüsusi müraciət ünvanlamaq, jürnalistlərlə pis rəftara son qoymağı xahiş etmək məcburiyyətində qaldı?
Ötən əsrin 70-ci illərində indiki Azərbaycan jurnalistikasından da böhranlı, dağınıq vəziyyətdə olan Türkiyə jurnalistikası 10-15 il ərzində bir hürriyyət dalğası üzərinə qalxıb böyük sıçrayış etdi və Avropa mediasının öncül cərgəsində yer aldı. Amma Ərdoğan hökuməti bu dalğanı «cilovlaya» bildi, addım-addım medianın üzərinə yeridi, qismən vergi orqanlarının, qismən iri reklam sifarişçilərinin açıq dəstəyi, qismən də pərdəarxası gizli oyunların köməyi ilə nəhəng media qurumlarını siyasi iradəsinə tabe etdi. Nəticədə Ərdoğanın hakimiyyətə gəlməsinin 10-cu ildönümü xalqla başbakan arasında «Cəzi parkı» krizisi yaşananda, böyük şəhərlərdə insanlar küçələrə tökülüşəndə, qaz bombaları və suvuran texnika ilə silahlanmış polisin «aşırı gücü» qarşısında dirəniş göstərəndə telekanalların tam əksəriyyəti əyləncəli proqramlar nümayiş etdirir, qəzetlərin çoxu bu qaynar olaylar barədə bir neçə soyuq sətirdən ibarət xəbərlərlə kifayətlənirdi.
Ərdoğan hökumətinin xalqın bu imtahanından necə keçəcəyini söyləmək o qədər də çətin deyil, amma siyasi proqnozlara varmaq istəmirəm, bir şey artıq bəllidir ki, türk mediası öz millətinin sınağından çıxa bilmədi.
R.T.Erdoğan
R.T.Erdoğan
Sınaqdan çıxa bilmədi, ancaq ibrətini götürdü.
Fikir verin, bu dəfə hadisələr zamanı tutuqlananlar, adət etdiyimiz kimi, jurnalistlər olmadılar, sosial media fəalları oldular. Və onları peşəkar jurnalistlərin söyləməli olduqları həqiqətlərə, əks etdirməkləri olduqları xronikalara görə göz altına aldılar.
Ənənəvi media birdən-birə anladı ki, siyasi qüvvənin muzdlu alətinə çevrilməklə o, heç kimi yox, yalnız və yalnız özünü illüziya aləminə qapatmış olur, xalqla əlaqələrini kəsir və oturduğu budağı baltalayır. İndi artıq əlahəzrət televiziya hakimi-mütləq deyil, həqiqət yarışında onun İnternet kimi bir rəqibi var. Televizionçu və qəzetəçi vicdanını «yuxuya vermək» olar, amma İnternet vicdanı onu dümsükləyə-dümsükləyə rahat mürgüləməyə qoymayacaq.
Türk jurnalist elitasının bonzlarının biri bu fikri gözəl ifadə etdi: «Telekanallar, insanlar əyləmdə ikən, yemək proqramları verirlərsə, xalq da kəndi mediasını yaradacaq və bunun adı sosial mediadır».
İkinci ibrət dərsi hakimiyyət üçündür. Amma o hələ qabaqdadır.
Seçim imkanı məhdud olan jurnalistlər siyasi çərçivələrə salınmış media orqanlarında işləməyə məcburdurlar. Əvvəl-əvvəl çətin olur. Amma bayaq dediyim o televizionçu və qəzetəçi vicdanını ovundurub «yuxuya verəndən» sonra iş asanlaşır, hətta düşdüyün şəraitin üstünlüklərini hiss etməyə başlayırsan. Gec ya tez, bir an yetişir ki, xalqın təpiyindən diksinən jurnalist ruhun oyanıb reallıq güzgüsündə özünə baxır və düşdüyü kölə vəziyyətindən dəhşətə gəlir. Türk mediasında hələlik bu oyanış peşəkar jurnalistlərin telekanallardan istefalarında, bəzi aparıcıların «partizanlığında», sözünü qəzetədə deyə bilməyən ünlü köşə yazarlarının adi vətəndaş kimi əyləmçilərə qoşulmasında, Türkiyə Qəzetəçilər Sindikasının «mediadakı senzuranı, qəzetəçilər üzərindəki basqıları protestə etmək, bu senzuranın günahkarlarının adi jurnalistlər olmadığına diqqət çəkmək üçün» üzvlərini etiraza səsləməsində təzahür edir. Hələlik, deyirəm ona görə ki, hakimiyyət büdrəsə də, güclüdür. Onun dizi qatlananda kölə vəziyyətinə saldığı jurnalistlərin intiqamını görəcək. Çünki dəfələrlə tarixin sınağından keçmiş bir doqma var: kölə azadlıq və ədalət haqqında düşünmür, o, intiqam haqqında düşünür.
Belə bir gün medianın boynuna ip salıb istədiyi ağaca bağlayan, jurnalisti buyruq quluna çevirən və tarixin dərslərindən ibrət almayan istənilən hakimiyyət üçün var.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir
XS
SM
MD
LG