Keçid linkləri

Təcili xəbərlər

Azərbaycanda Rusiya kabusu


Rusiya prezidenti V. Putinin şəkli dövlət bayrağının üzərində əks olunub
Rusiya prezidenti V. Putinin şəkli dövlət bayrağının üzərində əks olunub
-

HƏTTA V. DOROKHİN SAKİTLƏŞDİRƏ BİLMƏDİ…

İş o yerə çatdı ki, Rusiyanın Bakıdakı səfiri V. Dorokhin də danışdı. Telekanalların birinə müsahibəsində V. Dorokhin son vaxtlar Azərbaycan ilə Rusiya arasında yaranmış münasibətlərə, Qəbələ RLS-in bağlanmasından sonrakı vəziyyətə, hətta Milli Şura ilə bağlı ölkədə deyilənlərə aydınlıq gətirməyə cəhd etdi.

Rusiya səfirlərini digərlərindən fərqləndirən bir cəhət var. Onlar fikirlərini, bəyanatlarını diplomatik üsullarla malalamağa, ört-basdır etməyə o qədər də çalışmırlar, lazım gələndə siyasi mesajlarını birbaşa, diplomatik örtüksüz təqdim etməyə üstünlük verir, bəzən hətta bunu bir qədər kobud şəkildə etməkdən də çəkinmirlər.

Ona görə də V. Dorokhin-in çox sakit tərzdə dediyi fikirləri qəbul etməmək olmur. Amma arxayınlıq da yaranmır. Ölkə bir növ Rusiya kabusu ilə yaşayır: gah əməkçi miqrantların Rusiyadan çıxarılacağı haqda xəbərlər dolaşır, gah da bu il Rusiyanın ölkədə böyük siyasi dəyişikliklər edəcəyi deyilir.

Ən əsası odur ki, Rusiyadan «siyasi ismarışlar» axını dayanmır, ən azı baş nazirin keçmiş müavini, indi isə Rusiya Təşkilatları İttifaqının başçısı A. Abbasov gündə bir bəyanatla çıxış edir. Elə ölkə daxilində də bəyanat savaşı öz intensivliyinə görə bundan geri qalmır: müxalifət hakimiyyəti, o da öz növbəsində müxalifəti «Rusiya layihəsi» olmaqda ittiham edir. Ona görə də Rusiya səfirinin bir müsahibə ilə hər şeyi yerbəyer etdiyini zənn etmək yanlışlıq olardı. Azərbaycan ən azı seçki dövrü bitənə qədər belə bir ziddiyyətli, gərgin durumda qalmaqda davam edəcək…

ƏGƏR HEÇ NƏ YOXDURSA…

Misal var deyirlər ki, od olmasa, tüstü çıxmaz. Hakimiyyət rəsmiləri ölkənin Rusiya ilə problemlərinin olduğunu açıq etiraf etməyə cəsarət etmirlər, çünki bu, onların həm gücsüzlüyünün etirafı olardı, həm də belə təəssürat yaranardı ki, rəsmi xarici siyasət kursu iflasa uğrayıb, ölkənin ən yaxın qonşularından biri ilə münasibətlərində ciddi siyasi problemlər yaranıb.

Ən maraqlısı odur ki, baş nazirin keçmiş müavini A. Abbasovun bəyanatlarından baş açmaq olmur. Bir tərəfdən hakimiyyətlə münasibətlərini saxlamağa cəhd edən, cəmi bir neçə ay bundan əvvəl İ. Əliyevin qəbuluna düşən A. Abbasov çox ziddiyyətli və mürəkkəb bəyanatlar verir. O, dəqiqliyə varmadan, kimin tərəfindən edildiyini birmənalı şəkildə göstərmədən Bakını Rusiya ilə münasibətləri korlamaqda ittiham edir, gah da İ. Əliyevə sadiq olduğunu qeyd etməklə bahəm, həm də cəmiyyətin «demokratik və azad ölkədə yaşamaq istədiyini» bildirir.

Baş nazirin keçmiş müavinin bəyanatlarına bir o qədər də əhəmiyyət verməmək olardı. Amma bəzən bu bəyanatlarda çox incə mətləblərə toxunulur. Məsələn, onun müsahibələrinin birində belə bir fikir vardı ki, biz azərbaycanlılar səhv özünüdərk yolunu tutmuşuq. Bununla bağlı A. Abbasov nə demək istəyirdi? Onun məqsədi təkcə son vaxtlar yenidən oyanmağa başlayan etnik-separatçı meyllərə işarə vurmaq idi, yoxsa başqa bir şey nəzərdə tutulurdu?

Azərbaycanın milli özünüdərk məsələsi milli kimlik məsələsidir. Burada isə Türkiyəyə və türklüyə işarənin olduğunu görməmək üçün gərəkdir ki, bu siyasət deyilən sferadan tamam uzaq olasan. Məlumdur ki, Rusiya Azərbaycanda Türkiyə və türklük amilinə həmişə böyük qısqanclıqla yanaşıb. Əgər son illərdə bu sahədə də «səhv istiqamət» tutulduğu iddia edilirsə, deməli bunu dəyişmək cəhdi də yox deyil. Onda nə alınır? Belə çıxmır ki, Azərbaycanda milli kimlik məsələsi də siyasi konyunktura predmetinə çevrilib? Rusiyanın sayəsində artıq bir neçə dəfə azərbaycanlılar öz əlifbalarını dəyişiblər, özlərini başqa adla adlandırıblar. Son iyirmi iki ildə güman edilirdi ki, azərbaycanlılar tarixi köklərinə qayıdırlar. Amma görünür Rusiyanın bəzi siyasi dairələri bununla barışmaq istəmir…

ON İLLƏRİN PROBLEMİ: MİQRANTLAR…

Bir vaxt belə düşünülürdü ki, Rusiya Azərbaycanda yaşayan rusları və rus dilli insanları özünün siyasi alətinə çevirəcək. Amma belə olmadı, Rusiya azərbaycanlıları Azərbaycana qarşı problemə çevirdi…

Təbii ki, əməkçi miqrant məsələsində əsas problem odur ki, Rusiya hüquqi dövlət olmaqdan hələ çox uzaqdır. Əgər hətta politoloq P. Gobll deyirsə ki, ruslar özləri Rusiyada ən əzilən xalqdır, başqaları, başqa millətlər haqqında nə demək olar?

Üstəlik, əməkçi miqrantların daim pressinq altında saxlanmasının özü də bir siyasətdir. Onlar Rusiyanın güc strukturları üçün gəlir mənbəyi olmaqla yanaşı, həm də iş adamları üçün ucuz və hüquqsuz işçi qüvvəsidir. Əslində onlara hüquq vermək heç kimə sərf etmir. Ona görə də bu vəziyyət hələ uzun müddət belə qalacaq.

O ki qaldı Azərbaycanın əməkçi miqrantlarla şantaj edilməsinə, ali milli maraqlar (əgər həqiqətən də onları nəzərə alan varsa!) dövlətin suverenliyi siyasi şantajla artıb-azala bilməz, hətta bunu böyük bir kəsimin maraqları tələb etsə belə. Bu məsələdə başqa yollar axtarmaq, insanları yaşamaq xatirinə qonşu ölkələrə üz tutmağa vadar edən səbəbləri azaltmaq lazımdır…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG