Keçid linkləri

-
BRÜSSELDƏ NƏ MÜZAKİRƏ OLUNACAQ?

Brüssel şüurlarda Avropa siyasətinin mərkəzi kimi assosiasiya yaratmasaydı, bəlkə də İ.Əliyevin bu ölkəyə nəzərdə tutulan səfərinə xüsusi diqqət ayırmağa dəyməzdi. Avropa Komissiyasının prezidenti J.M.Barroso-nun dəvətilə baş tutacaq səfərdə əsas diqqətin enerji məsələlərinə ayrılacağını təsəvvür etmək elə də böyük siyasi fəhm tələb etmir.

Amma indi dünyanın haqlı olaraq ikinci güc mərkəzi hesab edilən Avropanın siyasət və təhlükəsizlik strukturlarının, ötəri olsa da, siyasi məsələlərə toxunacağını da tamam istisna etmək üçün əsas yoxdur.

Doğrusu, belə səfərlərə həm də İ.Əliyevin siyasi təqdimatı kimi də baxılır.
Bir növ vəziyyət öyrənilir, təhlillər aparılır, bir nəfərin uzunmüddətli hakimiyyətə keçidinin hansı siyasi-ictimai reaksiyalarla müşayiət olunacağını aydınlaşdırmağa cəhd edilir.

Ərəb dünyasında «uzun ömürlülər»ə qarşı siyasi etirazlardan sonra hamı, elə o cümlədən də Avropa siyasətçiləri üçüncü müddətə prezidentliyə «hə» deməklə özlərinin hansı məchulluğa istiqamət götürdüklərini aydınlaşdırmaq istəyirlər.

Səfər ərəfəsində nüfuzlu beynəlxalq təşkilatlar Avropa liderlərindən səfər zamanı İ.Əliyevin diqqətinə onun ölkəsində insan haqlarının vəziyyəti ilə bağlı faktları çatdırmağı xahiş edirsə, İ.Əliyev də öz növbəsində builki seçkilər ərəfəsində daha bir Avropa strukturunun-ATƏT-in Bakıdakı missiyasının statusunu azaltmağa, bir növ seçkiləri onun nəzarətindən çıxarmağa cəhd edirsə, belə güman etmək olar ki, danışmaq üçün həm də yetərincə siyasi mövzu da var.

Təbii ki, «Şahdəniz»dən hasil ediləcək qazın gələcək marşrutu Avropa üçün önəm kəsb edir. Amma bunun şişirdilməsinin də tərəfdarı deyilik, Azərbaycan nə qədər çalışsa Avropa ölkələrinin Rusiyadan qaz asılılığını əhəmiyyətli dərəcədə azaltmaq iqtidarında deyil. Bu layihəyə Mərkəzi Asiya ölkələrini də cəlb etmək mümkün olsa, onda məsələnin ciddiləşdiyini demək olar. Amma bu, hələ gələcəyin söhbətidir.

DÖVLƏTLƏRİN RAZILIĞI ALINIBMI?

İndisə ən azı şəxsən İ.Əliyevin özü üçün bu il baş tutacaq seçkilər daha böyük önəm kəsb edir. Onun bu gün Avropanın enerji təhlükəsizliyi üçün etmək istədikləri əslində bu seçkilərdə Avropadan kart-blanş almaq məqsədi güdür. Təsadüfi deyil ki, bu yaxınlarda yüksəkçinli məmurlardan bir qürurla demişdi ki, üçüncü müddətə prezidentlik məsələsi bir çox dövlətlərlə razılaşdırılıb və bu iş uğurla davam edir.

Prinsipcə, bunu istisna etmirik. Dövlətlərlə mükalimələrdə hansı məsələni aktuallaşdırmaq hakimiyyətin istəyindən çox asılıdır. Amma bu yaxınlarda, YAP-ın qurultayında İ.Əliyev müxalifət liderlərini ittiham edərək demişdi ki, onlar hakimiyyətə gəlmək üçün böyük vədlər verir, hətta Qarabağ məsələsində böyük güzəştlərə hazır olduqlarını deyirlər.

Burada dərhal sual yaranır: hakimiyyət özü də üçüncü müddətə prezidentlik məsələsini başqa dövlətlərlə razılaşdırmaq yolunu tutubsa, o, özü nə vəd edir, hansı güzəştləri təklif edir? İlham Əliyev

İlham Əliyev

Təəssüf ki, bu suala cavab verilmir. Amma hamıya aydındır ki, nə böyük dövlətlər, nə də beynəlxalq qurumlar siyasi filantroplar deyillər, onlar siyasi xeyriyyəçiliklə məşğul olmur və çox güman ki, Bakıdan razılığın müqabilində hansısa güzəştlər qoparırlar.

Təsadüfi deyil ki, məhz rəsmi Bakının «xeyir-duası» ilə təzə bir termin yaranıb: «kürü diplomatiyası». Əvvəllər bu söz birləşməsinə heç bir yerdə təsadüf etməmişdik, amma indi o, ən azı siyasi publisistikanın və siyasi bəyanatların sevimli ifadəsinə çevrilib.

Əslində belə olmamalı idi, çünki böyük dövlətlər bir problemi həll etmək ərəfəsində onunla identik başqa problem yaradırlar. Birdəfəlik nəzərə almaq olardı ki, on illərlə hakimiyyətdə olacaq azərbaycanlı İ.Əliyev nə misirli H.Mübarəkdən yaxşı olacaq, nə də ondan artıq deyil.

MƏCHULLUĞA DOĞRU…

Bu gün builki proseslərin bütün iştirakçılarını-böyük dövlətləri, İ.Əliyevin özünü, onun müxalifətini diqqətlə nəzərdən keçirəndə görürsən ki, hamı məchulluğa doğru gedir. Böyük dövlətlər özlərinin böyük nəfslərinə «stop!» deməməklə, İ.Əliyev başqa «böyük siyasətçi»lərin böyük səhvlərini təkrarlamaqla, müxalifət isə 20 illik iztirablardan qurtulmaq üçün ən ümidsiz variantlara belə müraciət etməklə məchulluğa doğru gedir! Bəs onlara nə demək olar? Gedənə, yolçuya «Yaxşı yol!»-deyərlər, ən azı ona görə ki, onlar indi yalnız bunu eşitmək istəyirlər…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG