Keçid linkləri

-

BAKIDA ÇAXNAŞMA

Bir neçə günün ərzində Milli Məclis növbədənkənar sessiyaya toplaşaraq, Avropa Parlamentinə qəbul etdiyi qətnamə ilə bağlı etirazını bildirdi. Ölkənin hüquq müdafiəçiləri Avropa parlamentarilərini birtərəfli qərar qəbul etməkdə, «ikili standart»lara yol verməkdə qınadı. Ölkə prezidenti isə Belçikada Avropa Birliyindən öz ölkəsi üçün xüsusi status istədi.

Bundan qarışıq situasiya, siyasi çaxnaşma təsəvvür etmək olarmı? Olar, amma bir şərtlə ki, gərək, onun Azərbaycanda baş verdiyini qəbul edəsən…

Hakimiyyət strukturlarının təlaşını başa düşmək mümkündür. Gəl ki, bəzi hüquq müdafiəçilərini başa düşmək olmur.

Bir məsələyə diqqət edib görmüşük ki, bəzi adamlar bir müddət müxalifətçilik edir, beynəlxalq təşkilatların gözündə müəyyən nüfuz və etibar qazanırlar, sonra da başlayırlar həmin o nüfuzu, necə deyərlər, yavaş-yavaş «xərcləməyə». Ona görə də bir-iki adamı istisna etməklə, ölkədə hüquq müdafiəsi institutunun artıq iflasa uğradığını deməkdən savayı çarə qalmır.

HÜQUQ MÜDAFİƏÇİSİNİN MİSSİYASI

Hüquq müdafiəçisi olmaq çətindir. Bir çox hallarda onu heç də birmənalı qarşılamırlar, çünki dünyanın ən pak adamının da, ən çirkin bəndəsinin də hüquqları eynidir, əsl hüquq müdafiəçisi də həmin hüquqları müdafiə etməyə borcludur.

Amma maraqlısı nədir? Hüquq müdafiəsi hakimiyyət-fərd müstəvisində cərəyan edən prosesdir. Bu halda hüquq müdafiəçisi də ikincinin tərəfində olmalıdır. Fəqət, bir də görürsən ki, hüquq müdafiəçisi öz missiyasını tamam unudaraq, başlayır hakimiyyətə vəkillik etməyə.

Dedikləri də budur ki, beynəlxalq təşkilatlar rəsmi Bakıya qarşı «qərəzli mövqe» tutur, başqa hakimiyyətlərə öz vətəndaşlarını təqib etməyə, necə deyərlər, döyməyə, söyməyə icazə verirlər, amma Azərbaycan hakimiyyətinə bu «hüquq»u çox görürlər!

Nə demək olar? Dünyanın heç bir yerində insan haqlarının vəziyyəti ideal deyil, hansı ölkəni qurdalasan nəsə bir şey tapmaq olar. Hətta demirik ki, buna görə məsələlərə nisbi yanaşmaq lazımdır. Sadəcə məsələ bundadır ki, əgər tutaq ki, Almaniyada polis etirazçılara qarşı zorakılıq edirsə, heç kim buna görə onlara «Sağ ol!» demir. Hüquq pozuntusu baş verdiyi ölkədən asılı olmayaraq hər yerdə eyni reaksiya doğurur.

Amma gəlin bircə anlığa hər şeyi unudaq və özümüz üçün bir suala cavab verməyə çalışaq. Doğrudanmı, Almaniyada və Azərbaycanda insan haqlarının vəziyyəti eynidir? Doğrudanmı, insan haqlarının vəziyyətinə görə ABŞ-ı və Azərbaycanı eyni yerə qoymaq olar?

Təbii ki, olmaz. Bunu hamı bilir, ürəyində etiraf edir, amma di gəl, açıq söyləməkdən sanki çəkinir və eyni müstəvidə olmayan ölkələri bir müstəviyə qoyur. Bunun iki səbəbi var:

Birincisi, bir az əvvəldə qeyd etdiyimiz kimi, bəziləri bir neçə il öz imicinə işləyir, bir neçə ildən sonra isə imic onlara «işləməyə» başlayır. Ümumiyyətlə, bu məsələyə bir qədər də ciddi yanaşmaq lazımdır.

Hüquq müdafiəçilərinin bir çoxunun hakimiyyətin tərəfinə keçməsinin özəl səbəbləri oldu. Görünür, hakimiyyətlə çox ünsiyyətdə olmaq onlar üçün bir o qədər də təsirsiz ötüşmədi.

Bəli, səbəb çox oldu. Əsas səbəblərdən biri də daxili qrantlardır. Doğrusu, hüquq müdafiəçisinin yerli hakimiyyətdən qrant alaraq, fəaliyyət göstərməsini qəbul etmək çətindir, ən azı ona görə ki, heç kim bu pul deyilən nəsnəni boş yerə xərcləmir, havayı vermir. İstər-istəməz, təmənna və öhdəlik yaranır. Nəticəsi də göz önündədir: ölkə getdikcə feodalizmə tərəf üz tutur, hamı isə özünü elə göstərir ki, sanki Azərbaycanda deyil, İsveçdə yaşayırıq!

REALLIĞI DƏYİŞƏNLƏR VƏ REALLIĞIN DƏYİŞDİRDİKLƏRİ…

Amma reallıq başqadır. Ona münasibət də başqadır. Elə insanlar var ki, bu reallıqları dəyişməyə cəhd edir, elələri də var ki, həmin bu reallıqların təsiri və təzyiqi nəticəsində özləri dəyişməyə başlayırlar.

Hansı proses üstələyir? Təəssüf ki, bu suala hələ tam cavab vermək iqtidarında deyilik.

O vaxt səyyah C. Columbus (X. Kolumb) kimi «Torpaq!» deyə qışqırmağa başlayacağıq ki, reallığı dəyişmək istəyənlərin çox olduğuna əmin olaq. Onlar indi də az deyil, amma onlar çoxluq təşkil edəndə artıq başqa şey olacaq, hamı özünün hüquq müdafiəçisi olacaq.

ÖLKƏDƏN ÖLKƏYƏ FƏRQ VAR…

Elə ikinci səbəb də indicə yazılanla əlaqəlidir - elə vaxt yetişir ki, hamı bloqqer olduğu kimi hüquq müdafiəçisi də olmağa başlayır.

Təbii ki, beynəlxalq təşkilatlar, məsələn, Almaniyadan çox Azərbaycana diqqət yetirirlər, çünki Almaniyada hüquq pozuntularının qarşısını almaq, onlara qarşı etiraz etmək üçün yerli mexanizmlər kifayət qədərdir: azad və müstəqil məhkəmə var, qeyri-hökumət təşkilatlarının geniş şəbəkəsi mövcuddur.

Amma Azərbaycanda bunlar mövcuddurmu? Azərbaycan, eləcə də onun kimi başqa ölkələr gənc dövlətlərdir, onlar hələ keçid dövrünü yaşayır. Ona görə də bunlara qarşı diqqət də böyükdür…

Bu diqqətin cəmiyyət üçün pozitiv yükü var. Amma ona münasibətdə rəsmilər yalnız neqativ çalarlar görürlər. Səbəbi aydındır. Onları cəmiyyətin və fərdlərin maraqları deyil, daha çox öz maraqları maraqlandırır…

XÜSUSİ STATUS İ. ƏLİYEVİN NƏYİNƏ GƏRƏKDİR?

Nəhayət, gələk başqa bir məsələnin üstünə – İ. Əliyevin Azərbaycan üçün xüsusi status istəməsinə.

Əslində «Şərq tərəfdaşlığı» layihəsini assosiativ üzvlük əvəz etməli idi. İ. Əliyevə də Brüsseldə bu, xatırladıldı.

Amma yenə də bir məsələni başa düşmək çətindir. Niyə görə NATO Rusiyaya, Avropa Birliyi də Azərbaycana xüsusi status verməlidir? Niyə bunlar başqa ölkələrlə, hakimiyyətlərlə bərabər olmaq istəmirlər?

Burada bir məsələni hiss etməmək və duymamaq çətindir. Bir millət kimi, böyüyümüz də, kiçiyimiz də hələ hüququn fəlsəfəsini çox çətin dərk edirik. Hüquq ümumi və bərabər olur. Əksər hallarda hüquqla imtiyazı qarışdırırıq. Baxanda görürsən ki, hamımız, böyüyümüz də, kiçiyimiz də hüquq uğrunda deyil, imtiyaz uğrunda çarpışırıq!

Brüsseldə deyəsən, İ. Əliyevi başa düşmədilər. Onlar imtiyazlı cəmiyyətdən hüquqi dövlətə və cəmiyyətə keçmiş insanlardır.

Amma anlaşılmazlıq, deyəsən, tək bununla bitmədi… Nə isə. Bu haqda bir qədər sonra…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG