Keçid linkləri

-
Bir qrup müxalifət partiyasının vahid namizədlə bağlı əldə etdiyi kövrək razılıq sualların sayını azaltmadı, əksinə bir az da artırdı desək, çox güman elə də böyük yanlışlığa varmarıq.
Ona görə «kövrək razılıq» deyirik ki, partiyalardan birinin başçısı-Müsavat başqanı İ. Qəmbər diqqəti vahid namizəd R. İbrahimbəyovun ölkəyə qayıtmaq imkanlarına çəkdi və öz namizədliyinin hələ bir müddət qüvvədə qalacağını bildirdi.
Amma bütün hallarda baş vermiş hadisəni irəliyə doğru kiçik bir addım hesab etmək olar, çünki nə qədər qəribə olsa da, 1992-93-cü illərdə birlikdə hakimiyyətdə olmuş iki siyasi qüvvə uzun müddətdən sonra ilk dəfə olaraq bir araya gələ bildi.
1998-ci ildə, 2003-cü ildə bu, mümkün olmamışdı. Elə indi də birlik formulu daha çox üçüncü tərəfin sayəsində baş tutdu və adı çəkilən iki siyasi vektor bu dəfə də biri-birinə güzəşt edə bilmədi, halbuki onlardan hər biri böyük uğurla vahid namizəd ola bilərdi.
Bunun özü də maraqlı detaldır. Görünür, bir ideoloji müstəvidə olmaq hələ hər şey demək deyil, bütün məsələlərdə ortaq müstəviyə gəlmək üçün nə ortaq siyasi keçmiş, nə də artıq qeyd edildiyi kimi, ideologiya hələ kifayət deyil, siyasətçiləri həm də siyasi iddia deyilən bir fenomen ayırır ki, onun maneə kimi dəf olunması heç də asan başa gəlmir.
Nə isə, prosesin gələcək inkişafı üçün müəyyən qədər qeyri-müəyyənlik qalsa da artıq o, başlanıb, indi siyasətin, necə deyərlər, topu R. İbrahimbəyovun tərəfindədir. O, necə «oynayacaq», necə «oyun quracaq» bütün bunlar yaxın bir neçə ayın əsas siyasi mövzularından biri olacaq.
Nə qədər qəribə olsa da, insanlar R. İbrahimbəyovdan həyatda da, xüsusən də siyasətdə də maraqlı ssenari gözləyir. Bu, həm peşə vərdişlərinə dəlalət edir və həm də insanların siyasətçiyə baxışının bir göstəricisi kimi təzahür edir – onlar siyasətçinin ömür yolunu unutmağa meylli olmurlar.
Burada R. İbrahimbəyov haqda «siyasətçi» sözünü yazdıq və dərhal da ağlımıza belə bir fikir gəldi ki, tələsmədik ki? Axı hər şey bundan sonra bilinəcək…
O, bir mərhələni adladı. Bundan sonra nə edəcək, nəyi bacaracaq-bax, sual da elə budur…
DƏYİŞİKLİK OLACAQ, AMMA…
Rüstəm İbrahimbəyov

Rüstəm İbrahimbəyov

Bütün hallarda ölkənin böyük siyasətinə yeni bir adam gəlmək əzmindədir. O, məmur deyil, təsərrüfatçı olmayıb, elə bir böyük biznes təcrübəsi də yoxdur, on illərlə partiya qərargahında da mürgü döyərək «öz saatı»nı da gözləməyib. O hər şeydən əvvəl mədəniyyət adamıdır –elə bir mədəniyyət ki, buna çəkinmədən elitar mədəniyyət demək olar…
O, bu vaxta qədər ölkə siyasətində olmuş insanların əksəriyyətindən bir qarış yuxarıdır, tək ölkə miqyasında deyil ( bu haqda hələ bir qədər sonra!), həm də kənarda tanınan və qəbul ediləndir.
Onun böyük siyasətdə görünməsi həm hakimiyyət, həm də müxalifət üçün təsirsiz ötüşməyəcək. Dəyişiklik olacaq, böyük ehtimalla siyasi obrazlarda bir yenilik hiss olunacaq.
Amma burada dərhal bir sual yaranır. Bu dəyişiklik müxalifətçilərin ondan gözlədiyi dəyişiklik olacaqmı, ona adekvat olacaqmı? Bax, bunu bilmirik…
Böyük ehtimalla onun siyasətdə görünməsilə həm ənənəvi müxalifətin liderləri, həm də hakim komandanın təmsilçiləri eyni qədər uduzacaq və baş tutacağı təqdirdə bu, onun ölkə siyasətinə gətirəcəyi ən yeni ssenari olacaq, çünki son illərdə insanlar ölkədə formalaşmış standart siyasətçi tipindən yorulublar…
SADƏCƏ, KİNO ÇƏKƏN…
Amma onun qələbə şanslarını da yüksək qiymətləndirməzdik.
O, şəhərdə ki, Rüstəm İbrahimbəyov, qələbə qazana bilərdi, artıq həmin şəhər yoxdur, onun əvəzinə tamam başqa yaşayış məntəqəsidir.
O insanlar ki, ona dəyər verə bilərdi, elitar sənətin, mədəniyyətin nə demək olduğunu anlaya bilərdi, onlar da çox az qalıb.
O, yerli şou-biznes ənənəsində tərbiyə alıb böyümüş gəncliyin də kumiri deyil.
Onun öz siyasi fanatları, zombiləri yoxdur… O, Kəbirlinskinin teatrına
(Anar. «Dantenin yubileyi») rejissorluq etməyə məhkumdur… Bəlkə də onun suçu budur ki, Kəbirlinskini Hamlet rolunda çəkmək istəyir…
O, əyalət insanları üçün sadəcə kino çəkəndir… Ən «təəssüfləndiricisi» budur ki, o, əyalət adamının sevdiyi «ağlamalı», «davalı» kino da çəkməyib…
Bütün bunlardan sonra nə demək olar? Kinoların çoxu «happy end»lə bitir. Bəlkə elə həyatda da belə olacaq?...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Şərhləri göstər

XS
SM
MD
LG