Keçid linkləri

-

Seçki yaxınlaşdıqca xəbərlərdən çox təhlillərin sayı artır. İlk baxışda onların çoxluğu vəziyyətin bir qədər şəffaf olmamasına, qeyri-müəyyənlik elementlərinin çoxluğuna dəlalət edir.

Amma bu təhlillərin böyük əksəriyyəti ilə tanış olanda görürsən ki, reallığa uyğun analitik sxem axtarmaqdan daha çox reallığı məlum sxemlərə uyğunlaşdırmaq cəhdi var.

Əslində isə hər şey çox sadədir. Prezident Administrasiyasının şöbə müdiri N. Məmmədovdan BBC-nin müxbiri soruşanda ki, R. İbrahimbəyovla İ. Əliyev arasında debat keçirilə bilərmi, o, heç fikirləşmədən belə qayıdıb deyir ki, cəmiyyət buna ehtiyac duymur…

Amma əminik ki, belə debat keçirilsəydi cəmiyyət arasında çox böyük marağa səbəb olardı. Bəs N. Məmmədov fikrini nə ilə əsaslandırır? Bəlkə ona hansısa sorğunun nəticələri məlumdur? Və yaxud bəlkə o, bunu öz fərdi müşahidələrinin əsasında iddia edir?

Məlum deyil. Məlum olanı budur ki, bura Azərbaycandır və burada məmurlar öz fikirlərini əsaslandırmağı bir o qədər də sevmirlər.

Bu minvalla ölkə seçkiyə gedir. Əgər əvvəlki illərlə müqayisədə kiçik də olsa dəyişiklik baş versəydi, optimist olmaq üçün azacıq da olsa imkan yaranardı.

Seçki tərəfləri - hakimiyyət də, müxalifət də optimistdir. Amma görək, bu optimizmi cəmiyyət bölüşürmü?

Seçki tərəfləri - hakimiyyət də, müxalifət də optimistdir. Amma görək, bu optimizmi cəmiyyət bölüşürmü?
Əslində bu yaxınlarda İ. Əliyevin polislərlə görüşdə səsləndirdiyi bəzi fikirlər özü üçün nəticə çıxarmaq istəyən adamlara yetərlidir. Bir daha polis işçilərinə siyasi «kart-blanş» verildi. Buna qarşı nə cəmiyyətdən, nə də beynəlxalq təşkilatlardan ciddi bir təpki olmadı. Halbuki bu, o demək idi ki, hakimiyyət bu ilki seçkini də ənənəvi üsullarla keçirmək niyyətindədir. Bəs ona bu gücü verən nədir? Bəlkə cəmiyyətin dəstəyi? Ya da onun sükutu? Və yaxud ölkədəki proseslərlə bağlı ən dəqiq məlumatlar?

HAKİMİYYƏT NƏYƏ ÜMİD EDİR?

Əslində hakimiyyət üçün heç nə dəyişməyib. Yeganə dəyişiklik odur ki, bir adam üçüncü dəfə prezident olmaq istəyir, bu vaxta qədər isə ölkədə buna bənzər hal olmayıb, bu, necə deyərlər, ilk təcrübədir…

Bəlkə də tale işə qarışmasaydı H. Əliyev bu siyasi aşırımı da aşacaqdı və ondan sonra belə hallar ölkədə və onun xaricində çox-çox adi qarşılanacaqdı. Amma tale işə qarışdı və ssenari dəyişdi.

İndi həmin siyasi aşırımı İ. Əliyev dəf etməlidir. Bunun üçün onun daxili resursları nə artmayıb, nə də azalmayıb, necə var, elə də qalır.

O, seçkilərini rusiyalı siyasi texnoloqların tövsiyələri əsasında keçirməyə bir növ adət edib. İndi onun belə imkanları qalırmı?

Belə söhbətlər gəzir ki, seçkiyə qədər İ. Əliyevin V. Putinlə görüşü gözlənir. İndi o, bu görüşə rahat gedə bilər, ən azı ona görə ki, «Nabucco»dan vaz keçdi, qazın ixracı üçün Rusiyanı qıcıqlandırmayan marşrut seçdi. Böyük hesabla götürəndə onun Rusiya ilə başqa problemləri də yox idi. Düzdür, arabir Rusiyadan müəyyən «ismarış»lar olurdu, amma onları nəzərə almamaq da olar. Təbii ki, Rusiya daha çox istərdi ki, İ. Əliyev də öz işini V. Putin kimi «incə» qursun, özü üçün siyasi tandem tapsın.

Təsadüfi deyil ki, indi ölkədə İ. Əliyevdən başqa M. Əliyevanın da namizədliyi hallanır. Bu, məhz həmin o ehtiyat variantıdır ki, ən zəruri halda hakimiyyət onu işə salacaq.

Bütün hallarda, Rusiyanın bu seçkidə İ. Əliyev üçün çox böyük önəmi var. Bu ölkə İ. Əliyevin keçirdiyi seçkiləri birmənalı şəkildə dəstəkləməklə digər ölkələri fakt qarşısında qoyur, onlar da Rusiya kimi etməyə məcbur olurlar.

Əks təqdirdə Azərbaycanı tamamilə itirər və onu birdəfəlik Rusiyanın çətiri altına keçməyə vadar edə bilərlər. Qərb ölkələri bunu istəyərmi?...

MÜXALİFƏT NƏYƏ ÇALIŞIR?

Milli Şuranın vahid namizədi R. İbrahimbəyov bəzi vurğuları düzgün edir. O diqqəti ölkədəki seçkilərin ən əsas probleminə - onların saxtalaşdırılmasına yönəltməyə cəhd edir, bir növ Qərbdən ədalətli seçki haqda təminatlar almağa cəhd edir.

Milli Şuranın vahid namizədi R. İbrahimbəyov bəzi vurğuları düzgün edir. O diqqəti ölkədəki seçkilərin ən əsas probleminə - onların saxtalaşdırılmasına yönəltməyə cəhd edir, bir növ Qərbdən ədalətli seçki haqda təminatlar almağa cəhd edir.
Qərb dövlətlərinin yaşadığı narahatlıqları bir az əvvəl qeyd etdik. Bütün seçkilərdə Rusiya, İran, eləcə də Türkiyə onları fakt qarşısında qoyur. Əgər sonuncu ikisini nəzərə almamaq olsa da, bunu Rusiya ilə bağlı etmək çətindir.

Təbii ki, Qərb dövlətləri ən azı bülletenlərin mürəkkəbi qurumamış İ. Əliyevi növbəti dəfə prezident seçilməsi münasibətilə təbrik etməyə və öz hesabatlarında «Azərbaycan demokratiyaya doğru daha bir addım atdı!» yazmağa tələsməməklə müxalifətə böyük dəstək verə bilərdilər. Amma onlar da bunu etməsə Rusiya edəcək, İran edəcək, Türkiyə edəcək, Belarus edəcək… Hələ Mərkəzi Asiya ölkələrini demirik.

Guya başqa ölkələr, məsələn, Ukrayna və yaxud da elə Gürcüstan fərqli münasibət sərgiləyəcəkmi? Əsla. İ. Əliyev haqqında ən «yadda qalan» sözləri başqa bir adam deyil, məhz demokrat M. Saakashvili demişdi.

Təəssüf ki, siyasətin bu tərəfləri də var. Amma müxalifət yenə də ümidlidir.
Düşünürlər ki, bu seçkidə çox şey - onların maliyyə imkanları, təqdim edəcəkləri siyasi obraz, hətta beynəlxalq dəstək müsbətə doğru dəyişəcək…

Ola bilər. Belə olsa, ən azı seçkilər maraqlı ola bilər, bu, isə bütün seçicilərin marağındadır – kim istəməzdi ki, ölkədəki seçkilər maraqlı və həm də ədalətli olsun?...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG