Keçid linkləri

Azərbaycan xaricdə imicini yüksəltməyə milyonlar xərcləyir, amma daxildə repressiyalar davam edir


Rebecca Vincent

Rebecca Vincent


Ötən həftə birinci ledi Mehriban Əliyeva və onun qızları Leyla və Arzunun Fransanın Kann şəhərində çəkilmiş fotoları yayıldı. Onlar ora “Azərbaycan günləri” çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən bir tədbirdə iştirak etmək üçün getmişdilər. Fond son həftələrdə Fransanın 14 şəhərində dəbdəbəli tədbirlər keçirmişdi.

“Azərbaycan günləri” layihəsi Azərbaycanın son vaxtlar “mədəniyyət diplomatiyası” çərçivəsində reallaşdırılan daha bir təşəbbüsü idi. İldən-ilə Azərbaycan özünü beynəlxalq səhnədə müasir və cazibədar bir ölkə kimi təqdim etmək üçün dünya-aləm pul xərcləyir.

Heyhat, hökumət və onun tərəfdarları Azərbaycanın müsbət imicini təbliğ etmək üçün çalışdıqları bir vaxtda, ölkənin daxilində repressiyalar davam edir, oktyabrda keçiriləcək prezident seçkiləri ərəfəsində insan haqlarının pozulmasının getdikcə artdığı barədə xəbərlər gəlir.

Heydər Əliyev Fondu

Heydər Əliyev Fondu mərhum prezidentin dünyaya baxışının davam etdirilməsini və Azərbaycanın müsbət imicinin təbliğ olunmasını həyata keçirən xeyriyyə təşkilatıdır. Bu fond mədəniyyət diplomatiyası sahəsində ən azı 2007-ci ildən fəaliyyət göstərir, öz rəhbəri birinci ledi Mehriban Əliyevanın başçılığı ilə qədəri açıqlanmayan iri məbləğlər xərcləyir.

Belə görünür ki, birinci ledi Fransanı xüsusilə sevir və burada bir sıra layihələr həyata keçirib. Bura Versal Sarayında incəsənət əsərlərinin bərpası, Luvr museyinə verilmiş 1 milyon avroluq ianə, Strasburq Məbədinin rəngli şüşələrdən ibarət pəncərələrinin təmiri və müxtəlif kilsələrin bərpası və indi keçirilən “Azərbaycan günləri” daxildir.


Heydər Əliyev Fonduna gələn vəsaitlərin mənbəyi hələ də aydın deyil və bu fakt indi, QHT-lərin öz maliyyələri barədə məlumatları açıqlamağa məcbur edildikləri bir vaxtda xüsusilə diqqəti cəlb edir.


“Bakıya uçuş”

Heydər Əliyev Fondu həmçinin, Azərbaycan Müasir İncəsənət Muzeyi ilə birlikdə “Bakıya uçuş” layihəsinin sponsorlarındandır. “Bakıya uçuş” müasir Azərbaycan incəsənəti nümunələrini Avropanın bir sıra şəhərlərində, o cümlədən Londonda nümayiş etdirib.
Heydər Əliyev Fonduna gələn vəsaitlərin mənbəyi hələ də aydın deyil və bu fakt indi, QHT-lərin öz maliyyələri barədə məlumatları açıqlamağa məcbur edildikləri bir vaxtda xüsusilə diqqəti cəlb edir.

Lakin bu tədbirin mətbuatda işıqlandırılması heç də həmişə müsbət olmayıb. Böyük Britaniyanın “Spear’s Wealth Management” jurnalı sərgini tənqid etmək cəsarətində bulunub və belə bir sual verib: “Bu, incəsənətdən istifadə etməklə diqqəti repressiyalar rejimindən yayındırmaq istəyən cibi dolu hökumətin sadəcə olaraq təbliğatı deyilmi?” Sonda jurnal belə bir nəticəyə gəlir: “Bəli, bu, bəziləri üçün incəsənət və kürü diplomatiyasıdır, başqa biriləri üçün həbsxanalardır”.

Daha sonra jurnal yazır: “Bakıya uçuş”? Bunu etmək asandır. Lakin düşün ki, sən orada olarkən nə deyəcəksən?”

Belə görünür ki, hansısa qüdrətli şəxs bu məqləni o qədər də xoşlamayıb və onun ikinci, çox güclü redaktə edilmiş təkrar variantından tənqidi məqamlar çıxarılıb.

Heykəl diplomatiyası

Azərbaycanın xaricdə imicini yüksəltmək üçün bir sıra başqa mədəni təşəbbüslər bilavasitə dövlət tərəfindən maliyyələşdirilib. Bunlardan biri də Azərbaycanın ikitərəfli əlaqələr qurduğu ölkələrdə mərhum prezident Heydər Əliyevin heykəllərinin ucaldılmasıdır.

İndiyədək Heydər Əliyevə Misirdə, Gürcüstanda, İraqda, Qırğızıstanda, Moldovada, Rumıniyada, Rusiyada, Serbiyada, Türkiyədə, Ukraynada və Özbəkistanda heykəllər qoyulub.

Heydər Əliyevin heykəli həmçinin 5 ay müddətində Meksikada ucaldılıb. Bu heykəl üçün Azərbaycan təxminən 5 milyon dollar xərcləmişdi. Lakin yerli sakinlər Heydər Əliyevi diktator saydıqlarını bildirəndən və onun heykəlinin öz milli qəhrəmanlarının və Mahatma Gandhi kimi beynəlxalq fiqurların abidələrinin yaxınlığında qoyulmasına etiraz edəndən sonra bu heykəl 2013-cü ilin yanvarında həmin parkdan götürülüb.
Heydər Əliyevin Meksika paytaxtından götürülən heykəli

Heydər Əliyevin Meksika paytaxtından götürülən heykəli


Heykəl diplomatiyası cəhdləri təkcə mərhum prezidentlə məhdudlaşmır. Mexikodakı fiaskodan sonra, Azərbaycan hökuməti elan edib ki, Azərbaycan şairi Hüseyn Cavidin heykəli Çernoqoriyada qoyulacaq.

Eurovision 2012

Lakin Azərbaycan hökumətinin öz müsbət imicini yaratmaq üçün ən böyük təşəbbüsü 2012-ci ilin Eurovision Mahnı Yarışının Bakıda keçirilməsi olub.

Azərbaycan bu tədbirin keçirilməsinə misli görünməmiş məbləğdə pul xərcləyib.

Birbaşa Eurovision 2012 tədbiri üçün ayrılmış pulun məbləği 76 milıyon dollar olub. Müqayisə üçün deyək ki, Osloda və Düsseldorfda keçirilən Eurovision 2010 və 2011 yarışlarının hər birinə 37 milyon dollar, Malmödə keçirilmiş Eurovision 2013-ə isə 20 milyon dollar xərclənib.

Lakin Bakıda keçirilmiş Eurovision yarışına xərclənmiş real pulun məbləği qat-qat çox olub.
Azərbaycanın xaricdə yaratmağa çalışdığı dəbdəbəli imicin müqabilində, ölkənin daxilində dəhşətli reallıq yaşanır. Jurnalsitlər, blogerlər, insan haqları müdafiəçilıəri, vətəndaş cəmiyyəti və siyasi fəallar, adi vətəndaşlar hakimiyyəti tənqid etməyə görə təqib, hədə, şantaj, zorakılıq və həbslərlə üzləşməli olurlar.

“Transitions Online” saytının apardığı araşdırmaya görə, bu xərclər təxminən 721 milyon dollar olub. Bunun 645 milyon dolları dolayı xərclər idi. Hələ burası da var ki, yarışın keçiriləcəyi Crystal Hall kompleksinin tikilməsi üçün bu ərazidə yaşayan insanlar evlərindən zorla çıxarılıblar.

Daxildəki mənzərə fərqlidir

Azərbaycanın böyük ustalıqla xaricdə yaratmağa çalışdığı dəbdəbəli imicin müqabilində, ölkənin daxilində dəhşətli reallıq yaşanır. Azərbaycan hakimiyyəti tənqid və azadfikirliyi əzmək üçün yorulmadan tədbirlər görür. Jurnalsitlər, blogerlər, insan haqları müdafiəçilıəri, vətəndaş cəmiyyəti və siyasi fəallar, hətta adi vətəndaşlar hakimiyyətin tənqidinə görə təqib, hədə, şantaj, zorakılıq və həbslərlə üzləşməli olurlar.

Elə rəssamların özü üçün də vəziyyət cənnətə bənzəmir. Hökumətə xoş gələn rəssamlara dəstək verilir və onlar “Bakıya uçuş” kimi sərgilər vasitəsilə getdikcə daha çox tanınmaq imkanı qazanırlar. Lakin tənqidi mövqedə olan rəssamlara münasibət başqadır.

Hökumətin gizlətməyə çalışdıqlarını öz sənətlərində açanlar, hakim partiyanın mövqeyindən fərqli fikir ifadə edən rəssamlar emalatxana və ya onların əsərlərini sərgiləyəcək və yayacaq yer tapmaqda zülm çəkirlər. Bəziləri işdən qovulmaq, zorakılıq hədələri və həbs edilməklə birbaşa hədəfə götürlürlər. “İncəsənət demokratiya üçün” kampaniyası diqqəti bu məsələlərə çəkmək üçün keçirilirdi, lakin nəticədə özü də təzyiqlərlə üzləşdi.

Əslində mədəniyyət diplomatiyasının özündə heç bir qəbahət yoxdur. Azərbaycan, doğrudan da, azərbaycanlıların fəxr etməyə haqlı olduqları zəngin mədəni irsə malikdir. Təhlükə incəsənətdən insan haqlarının vəziyyətindən diqqəti yayındırmaq üçün istifadə edilməsində və Azərbaycanın demokratik öhdəliklərini yerinə yetirməkdən geriləməsindədir.

Azərbaycan hakimiyyəti bu ciddi problemləri həll etmək və ölkədəki vəziyyəti yaxşılaşdırmaq üçün təcili addımlar atmalıdır. Əslində, onların yaratmağa çalışdıqları imicin real vəziyyətdə əksini tapması, daha asan və daha ucuz başa gələrdi.


Rebecca Vincent Amerika-Britaniya insan haqları fəalı və beynəlxalq, həmçinin Azərbaycan insan haqları və ifadə azadlığı təşkilatları ilə geniş miqyasda işləmiş keçmiş ABŞ diplomatıdır. Onu Twitter-də @rebecca_vincent hesabında izləyə bilərsiniz.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
Sən də fikirlərini aşağıdakı foruma yaza bilərsən.

Şərhləri göstər

XS
SM
MD
LG