Keçid linkləri

-

İnsanın psixologiyasının lap alt qatlarında həmişə «Mən bunu deyə bildim!», «Mən bunu edə bildim!» kimi özünütəsdiq simptomları gizlənir. Düzdür, belə reaksiyalar fizioloji baxımdan həm də «Bunu demək olmaz!, «Bunu etmək olmaz!» kimi xəbərdarlıqlarla da əvəz olunur.

Həkimlər, psixoloqlar üçün burada qeyri-adi heç nə yoxdur, onlar nəyin nə vaxt təzahür etdiyini gözəl bilirlər.

Di gəl, sosioloqların işi bir az qəlizdir. Məsələn, onlar tamamilə normal hesab edilən insanların hər il İspaniyada öküz döyüşünə çıxmasını izah etməyə bir qədər çətinlik çəkirlər. Nədir onları buna vadar edən?

Amma məsələ təkcə öküz döyüşündədirmi? İnsan həbs olunur, cərimələnir, bəlkə də özünə min dəfə söz verir ki, bax, bu dəfə etiraz aksiyasına çıxmayacam. Amma di gəl ki, növbəti aksiya yetişəndə özünü saxlaya bilmir, yenə də etiraz etməyə çıxır, dostlarını, silahdaşlarını görəndə ona sanki qeyri-adi enerji gəlir…

Düzdür, seçki etiraz aksiyası deyil, amma o da özünüifadənin bir formasıdır: bütün hallarda kiməsə səs verməklə sən həm də kiməsə etiraz edirsən… Hələ seçki prosesində adrenalin yaradan başqa nüansları nəzərə almırıq.
Elə seçkilərə də bu aspektdən yanaşmaq olar. Düzdür, seçki etiraz aksiyası deyil, amma o da özünüifadənin bir formasıdır: bütün hallarda kiməsə səs verməklə sən həm də kiməsə etiraz edirsən… Hələ seçki prosesində adrenalin yaradan başqa nüansları nəzərə almırıq.

Gəlib görürsən ki, adın siyahıda yoxdur və yaxud bir də görürsən ki, kimsə xəlvətləyib ikinci dəfə səs verməyə cəhd edir və ya qutuya bir neçə bülleten atmağa çalışır, ya da səsləri saymaq məqamı yetişəndə qəfildən işıq sönür… Belə hallar adrenalinin ifrazı üçün əsl məqamdır. Hərəyə bir siqnal gəlir. Kiməsə təhtəlşüur buyurur ki, durma, bizimkiləri döyürlər və yaxud kiməsə də qeybdən səs gəlir ki, buralar sənlik deyil, durma, qaç…

Güman edirik ki, bu ilki seçki adrenalin baxımından qısır keçməyəcək. Amma indidən bir suala cavab vermək lazımdır. Hansı halda, İ. Əliyev kiminlə üz-üzə gəlsə seçki daha maraqlı ola bilər?

REAGAN, HAVEL VƏ…

Orijinallıq və yenilik baxımından İlham Əliyevlə rəqabətə daha uyğun adam R. İbrahimbəyovdur. Başqa bir namizəd haqda bunu demək çətindi. Digər potensial namizədlərin həyatında 1998-ci il, 2003-cü il seçkiləri olub. Onların davranışı da, imkanları da artıq hamıya bəllidir, o cümlədən də hakimiyyətin özünə. Tək bir adam var ki, seçki üçün o, tamam yenilikdir.

Onun seçkidə rastlaşa biləcəyi maneələr, problemlər haqda, digər namizədlərdən fərqli cəhətləri haqda çox yazılıb. Qəribəsi budur ki, onu bir növ siyasətçi qismində görmək istəmirlər. O, elə özü də siyasətə bir zərurət kimi baxır, bəlkə də başqa bir vaxt olsaydı buna baş qoşmazdı.

R. Reagan da siyasətə aktyorluqdan gəlmişdi. Amma ABŞ siyasətinə yeni səhifə yazdı. Elə V. Havel də dramaturq, ssenarist idi. Amma o da dünya siyasətində çox az adama nəsib olan iz qoydu…
Başqalarından fərqli olaraq onun peşəsini siyasi fəaliyyət üçün maneə hesab etmirik. Bəli, R. Reagan da siyasətə aktyorluqdan gəlmişdi. Amma ABŞ siyasətinə yeni səhifə yazdı. Elə V. Havel də dramaturq, ssenarist idi. Amma o da dünya siyasətində çox az adama nəsib olan iz qoydu…

Burada deyə bilərlər ki, yuxarıda adı çəkilən iki nəfər böyük siyasət yolu keçmişdilər, öz siyasi kapitallarını illərlə toplamışdılar. Amma siyasətdə «staj» məsələsi bir qədər başqadır. Bəli, Azərbaycanda elə adamlar var ki, «siyasi staj» baxımından qoca adlandırıla bilər. Amma nə olsun? Axı siyasət qocalar və ahıllar evi deyil.

R. İbrahimbəyov da gənc deyil. Amma o, ömrünün böyük hissəsini elə bir işə həsr edib ki, bu, onun opponentlərində çatışmır: o, peşəsinin peşəkarı olub, həyatda uğurlu insan kimi tanınıb.

Bu, müxalifət sferasında bu vaxta qədər təsadüf olunan yeni bir siyasi obrazdır. Üstəlik, o, digər iddiaçıların razı olmadığı rola razılaşdı: seçki onun üçün uğurla bitəcəyi təqdirdə bu adam yalnız iki il hakimiyyətdə olacaq. Elə bunun özü o deməkdir ki, siyasət və hakimiyyət bu adam üçün heç də hər şey demək deyil…

Qərəz, seçki maraqlı olmağı vəd edir. Ən azı bu seçkidə siyasəti yeni bir biçimdə görə bilmək imkanımız olacaq. Son iyirmi ildə siyasət də şablona və quru sxemə çevrilmişdi. İndi yeni siyasi ssenari vəd olunur.

Əgər o, R. İbrahimbəyovun filmlərinin ssenarisi kimi maraqlı olsa, sonra ən azı demək olar ki, bəli, çox maraqlı proses yaşadıq. Məsələ bundadır ki, bəzən mübarizə prosesinin özü, onun yaratdığı adrenalin effekti hətta nəticəni də arxa plana keçirə bilir…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG