Keçid linkləri

-

Amerika-Britaniya insan haqları müdafiəçisi Rebecca Vincent Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun Azərbaycan Mətbuat Şurasındakı görüş zamanı səsləndirdiyi tənqidi fikirlərinə cavab verib. Xanım Vincent-in AzadlıqRadiosuna müsahibəsini təqdim edirik:

AzadlıqRadiosu: Mətbuat Şurasında keçirilən görüşdə Əli Həsənov sizin barənizdə bir neçə iddia irəli sürüb. Buna cavabınız nə olardı?

- Rebecca Vincent: Ə. Həsənovun barəmdə söylədikləri böhtan xarakteri daşıyır. Onun dedikləri çox şeylər sadəcə olaraq həqiqət deyil. O deyir ki, mən Bakıdakı ABŞ səfirliyində köhnə işimdən qovulmuşam. Mən, sadəcə olaraq iki illik normal təyinatımı başa vurmuşam və işimə görə mükafatlandırılmışam. O deyir ki, mən Azərbaycanda «Eurovision» yarışının keçirilməsini boykota çağırmışam. Əksinə, mən «Al Jazeera» üçün yazdığım təfərrüatlı məqalədə boykota qarşı çıxmışam. Bundan əlavə o, yanlış olaraq iddia edir ki, mən Human Rights Watch təşkilatında işləmişəm. O, həmçinin mənim «Al Jazeera» ilə əməkdaşlığımın səviyyəsini xeyli şişirdir.

Lakin ən narahatedici cəhət budur ki, Həsənov mənim «Azərbaycana qarşı müharibə apardığımı» deyib. O deyib: «Hansı səbəbdənsə o, özünü tamamilə anti-Azərbaycan fəaliyyətinə həsr edib».

Mən bu iddialara xüsusilə cavab vermək istəyirəm, çünki bu iddialar nəinki bir insan haqları müdafiəçisi kimi mənim, hətta bir çox azərbaycanlıların öz ölkələrində insan haqları və demokratiyanın inkişafı üçün etdiyi səylərə ziyan vurur.

AzadlıqRadiosu: Biz əvvəllər də «anti-Azərbaycan» termininin jurnalistlər, insan haqları müdafiəçiləri və fəallar haqqında işlədildiyinin şahidi olmuşuq. Sizcə bu terminin mənası nədir?

- Vincent: «Anti-Azərbaycan» termini, «anti-milli» və ya «xəyanətkar» kimi terminlərlə yanaşı? hökumət tərəfindən daim ictimai rəyi tənqid edən jurnalistlərə, insan haqları müdafiəçiləri və vətəndaş cəmiyyəti fəallarına – bir sözlə? hökuməti tənqid edən və ya onunla razılaşmayan hər kəsə qarşı yönəltmək üçün işlədilir.

Eurovision 2012

Eurovision 2012

Belə iddialar Bakıda keçirilmiş «Eurovision 2012» yarışından bəri daha tez-tez işlədilir. Mahnı yarışı ərəfəsində insan haqları pozuntularını tənqid etməyə cəsarət tapmış adamlar, prezident Əliyevin və Həsənov da daxil, vəzifəli rəsmilərin kəskin hücumunun hədəfinə çevriliblər. Həsənov QHT-ə aid konfransdakı çıxışında demişdi ki, bu sayaq fəaliyyətin «cəmiyyətdə peyda olmasına yol vermək olmaz» və buna qarşı «ictimai nifrət» nümayiş etdirilməlidir.

Bu nə deməkdir? Həsənov kimi rəsmilərin təbirincə desək, «anti-Azərbaycan» olmaq dövlətin siyasətini sual altına almaq, ictimai xadimlərin fəaliyyətlərini araşdırmaq, hökumətin gizli saxlamağa çalışdığı korrupsiya və insan haqları pozuntularını faş etməkdir.

Lakin bu ifadənin belə bir mənası olmamalıdır. Mətbuat Şurasındakı görüşdə Həsənov demişdi: «Azərbaycan jurnalistikasında elə fərdlər vardır ki, onlar dövlət maraqlarını hökumət maraqlarından ayıra bilmirlər». Əksinə, mən düşünürəm ki, məhz Həsənov kimi rəsmilər dövlətin maraqları ilə hökumətin maraqlarını bir-birindən seçmək qabiliyyətini itiriblər. Onlar elə bir mühit yaradıblar ki, yalnız hökumətlə tam razılaşanlar vətənpərvər, belə deyək, «Azərbaycanpərəst» sayılırlar.

AzadlıqRadiosu: Kimisə «anti-Azərbaycan» adlandırmaq hökumət rəsmilərinə nə verir?

- Vincent: Vətənpərvərlik anlayışının belə izahı həm təhlükəli, həm də qeyri-demokratikdir. Geniş çeşidli informasiya, ideya və rəylərin mübadiləsi hər bir demokratik cəmiyyətin həyat komponentidir. Qızğın ictimai debat – tənqid və araşdırma da daxil olmaqla – alqışlanmalıdır, çünki bu, daha yaxşı, daha təmsilçi siyasətlərin, daha məsuliyyətli və hesabatlı hökumətin formalaşmasına töhfə verir.

Jurnalistlər, insan haqları müdafiəçiləri və siyasi fəallar dövlətin siyasətinə və fəaliyyətinə, həmçinin fərdi ictimai xadimlərin fəaliyyətinə nəzarətçi kimi, ictimaiyyətə informasiyalı qərarlar qəbul edilməsində, siyasi plüralizmin təmin olunmasında və hökumətin hesabatlı olmasında mühüm rol oynayırlar. Bu cür nəzarətçilərin azad fəaliyyəti demokratiyanın vacib komponentidir. Bu mühüm rolun məhv edilməsi istənilən cəmiyyətə vurulmuş ağır zərbədir.

Əli Həsənov

Əli Həsənov

Azərbaycanda məhz bu baş verir – hakimiyyət nəzarətçiləri susdurmaq, tənqidin bütün formalarını və azadfikirliyi boğmaq üçün kampaniya aparır. Bu cür hərəkətlər Azərbaycan Konstitusiyasına və ölkə qanunlarına, həmçinin Azərbaycanın üzərinə götürdüyü bir çox beynəlxalq öhdəliklərə ziddir.

Tanış olmaq şərəfinə malik olduğum bir çox mərd Azərbaycan jurnalisti, insan haqları müdafiəçiləri və siyasi fəallar «anti-Azərbaycan» deyillər, əksinə, onlar indiyədək gördüyüm ən vətənpərvər insanlardır. Onlar vəziyyəti yaxşılaşdırmaq üçün gündəlik qaydada çox şeyləri ona görə qurban verirlər ki, vətənlərini sevirlər. Onlar nifrətə yox, ən böyük ehtiramımıza layiqdirlər. Onların həyati rolu müdafiə olunmalıdır.

AzadlıqRadiosu: Öz işinizdə tez-tez diqqətinizi Azərbaycan hakimiyyəti barədə tənqidi sayılacaq məqamlara yönəldirsiniz. Buna səbəb sizin ölkəyə buraxılmadığınıza dair iddialara cavabınız necə olar?

- Vincent: Bu doğrudur ki, mən hazırda Azərbaycana daxil ola bilmirəm. Hakimiyyət orqanları mənim vizamı 2012-ci ilin dekabrında, Milad bayramını qeyd etmək üçün Britaniyaya getdikdən az sonra ləğv edib. Bu, bizim Demokratiya Sənəti kampaniyasına başlamağımızdan bir həftə sonra baş verdi. Həmin vaxt kampaniya və onun tərəfdarları üzərinə təzyiqlər edilirdi.

Bu hadisə mənim insan haqları sahəsində işləməyimə səbəb olmayıb, əksinə, mənim fəaliyyətimin nəticəsi kimi ortaya çıxıb. Mən viza şərtlərini pozmamışam və vizanın ləğvi üçün heç bir hüquqi əsas olmayıb. Məsələ başqa cürdür. Məsələm diplomatik kanallarla müzakirə ediləndə, yüksək vəzifəli hökumət rəsmisindən mənə bir təklifin edilməsi göstərir ki, vizamın ləğvi siyasi motivlidir və işimlə bağlıdır. Mənə təklif olunmuşdu ki, Azərbaycana qayıda bilərəm, lakin fəallığımı dayandırmalıyım. Sonradan bu təklif iflasa uğradı.

Fakt budur ki, mən Azərbaycanda insan haqları sahəsində 7 il çalışmışam. Əvvəlcə ABŞ səfirliyində diplomat kimi, sonra isə beynəlxalq və Azərbaycan QHT-lərində insan haqları müdafiəçisi kimi. Mən bütün fəaliyyətim ərzində ardıcıl olmuşam. Fərq bundadır ki, indi platformam daha genişdir və indi daha geniş auditoriyaya çıxa bilirəm.

Həmçinin qeyd etmək istəyirəm ki, özlərinin haqları şəxsən pozulmuş şəxslər üçün bu fakt onların fəaliyyətini etibarsız etmir, əksinə, bu onlara etimadı daha da artırır. Azərbaycandan bayıra atılmağım mənim peşəkarlığımı şübhə altına salmır, əksinə haqları pozulanlara münasibətdə rəğbətimi artırır. İnanıram ki, bu məni daha effektiv insan haqları müdafiəçisinə çevirib.

AzadlıqRadiosu: Siz Azərbaycanda insan haqları sahəsində işinizi davam etdirmək qərarını niyə qəbul etdiniz?

- Vincent: Ən sadə cavab budur ki, mən Azərbaycanı sevirəm. Mən ömrümün əhəmiyyətli hissəsini bu ölkənin tarix və mədəniyyətinin öyrənilməsinə həsr etmişəm və bu ölkənin dilini öyrənirəm. Mən Azərbaycana, ayağımı bu torpağa qoyandan vurulmuşam. İndi, yeddi il sonra orada gördüklərim mənim üzərimdə elə bir təsir izi buraxıb ki, hətta hökumət rəsmiləri bu ölkəyə girişimi mümkünsüz etsələr də, böhtan atsalar da, kənara çəkilə bilmərəm.

Bir insan haqları müdafiəçisi kimi işimi davam etdirməklə, mən tam demokratik Azərbaycan üçün töhfə vermək istəyirəm. Elə bir Azərbaycan ki, burada hər bir adamın haqlarına hörmət ediləcək və hər bir kəsin çiçəklənmək üçün bərabər imkanı olacaq. Bunun necə bir «anti-Azərbaycan» əməl olduğunu mən heç vaxt başa düşməyəcəyəm.

Rebecca Vincent İnsan Haqları Klubunun Demokratiya Sənəti kampaniyasının müvəkkil direktorudur və müstəqil qaydada başqa beynəlxalq və Azərbaycan QHT-ləri üçün işləyir. O, mütəmadi olaraq AzadlıqRadiosu, «Al Jazeera»nin ingilisdilli kanalı və Xarici Siyasət Mərkəzi (Foreign Policy Centre) də daxil media üçün Azərbaycanda insan haqları məsələləri barədə yazır.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG