Keçid linkləri

-

Çox keçməyəcək ki, bu suala da cavab alacağıq. Düzdür, bir məsələ var ki, bu ölkədə insanların nə düşündüyünü hətta seçkilərdə də yəqinləşdirmək olmur. Amma ümid var ki, elə situasiyalar yaranacaq dolayı yolla olsa da, insanların ovqatından xəbərdar olacağıq.

Sual özlüyündə heç də asan deyil. Sosiologiyada reprezentativlik məsələsi, yəni seçilmiş fokus qrupunun müəyyən bir kəsimi nə qədər təmsil etməsi çox vaxt mübahisə doğurur.

Əgər reprezentativlik düzgün təmin edilməyibsə, onda sorğuların əsasında ümumiləşdirmələr aparmaq, nəticələr çıxarmaq çətin olur. Amma bir qədər dəqiq olmasa da, müəyyən proseslər haqqında cəmiyyətin fəal hissəsinin davranışı əsasında da mühakimə yürütmək mümkündür.

Bu günlərdə zaman özü bizə belə bir fürsəti verdi. Düşünürük ki, ölkədə siyasi islahatlara jurnalistlər qədər həssas ikinci bir təbəqə tapmaq çətin məsələdir. Amma görək onlar dəyişiklik istəyirmi?

ANALOQU OLMAYAN MƏNZİLLƏR

Bəli, bu günlərdə ölkədə analoqu olmayan bir hadisə baş verdi - hakimiyyət jurnalistlərə mənzil payladı. Əvvəlcə bu hadisənin nədən analoqu olmadığına bir aydınlıq gətirməyə çalışaq. Bunun ona görə analoqu yoxdur ki, həqiqi jurnalistika mövcud olan ölkələrdə buna sadəcə ehtiyac yoxdur, jurnalistlər, onların təmsil etdiyi qurumlar kifayət qədər imkanlı olur və bu, onlara mənzil problemini öz imkanları çərçivəsində həll etməyə imkan verir.

İ. Əliyev də özünü elə apardı ki, sanki bunları bilmir və görmür. Halbuki Azərbaycanda ən sadəlövh adam belə buna inanmazdı. Amma İ. Əliyev «inandı»…
Üstəlik, hakimiyyətdən belə hədiyyələr qəbul etmək həm də peşə etikası baxımından qeyri-məqbul hesab edilir. Amma bircə anlığa bunları unudaq və belə hesab edək ki, hakimiyyətin jurnalistlərə mənzil paylaması yalnız ülvi hisslərin təzahürüdür, həm də o, jurnalistləri hər hansı bir öhdəliyə sövq etmir.

Fəqət, nə baş verdi? Bu son 20 ildə çox ədalətsizlik görmüşük, hətta düşünürük ki, təəccüblənməli başqa bir şey qalmayıb. Amma məlum oldu ki, çox yanılmışıq: bu hakimiyyət hələ insanları öz ədalətsiz seçimi, qərarı ilə çox təəccübləndirəcək…
Kimlərə mənzil paylandı? O adamlara ki, onların bəzilərinin nəinki bir, hətta bir neçə mənzili, bağ evi var! Elə adamlar vardı ki, onlar jurnalistika xətti ilə düz ikinci dəfə idi ki, mənzil alırdılar.

Bəli, İ. Əliyev də özünü elə apardı ki, sanki bunları bilmir və görmür. Halbuki Azərbaycanda ən sadəlövh adam belə buna inanmazdı. Amma İ. Əliyev «inandı»…

Əgər bir gün desələr ki, bizim nazirlərin də mənzili yoxdur, bu, təəccüblü görünməz. Sən demə, hakimiyyətin öz qəzetlərinin bəzi redaktorları belə bu vaxta qədər kirayədə yaşayırlarmış! İnanaqmı?

İnanmayıb nə edəcəyik? Onsuz da bu hakimiyyəti cəmiyyətin reaksiyası maraqlandırmır - istəyirsən inan, istəmirsən inanma… Bunun hakimiyyət üçün elə bir fərqi yoxdur.

Qərəz, adam özünü təhqir edilmiş sayırdı. Düşünürdün ki, əgər bu adamlar da jurnalistdirsə, onda sən 21 il sərasər nə işlə məşğul olmusan?

Qayıdaq dəyişiklik məsələsinə. İlk baxışdan belə təəssürat yarandı ki, bizim həmişə öncül hesab etdiyimiz insanlar - jurnalistlər bu sistemlə çox yaxşı uyuşur. Onlar kağıza yazdıqları bəlağətli cümlələri elə pafosla oxuyurdular ki, adam zaman boyunca geriyə səyahət etməyin mümkünlüyünə də inanmağa başlayırdı: elə bil hansısa siyasət dirijoru öz çubuğu ilə bizləri keçmişə, sovet dövrünə qaytarmışdı…

Əgər bir mənzillə bu cəmiyyətin ziyalısını, alimini, sənət adamını, hətta jurnalistini ələ almaq mümkündürsə onda nəyəsə ümid etmək olarmı?
Ona görə də dəyişikliklərdən danışmaq asandır. Gəlin bir görək, insanlar bunu istəyirmi? Azərbaycanda korrupsiya ilə çulğalamış bir sosial-siyasi orqanizm, bəli, sistem yox, orqanizm yaranıb və təəssüf ki, bu orqanizm çoxunu qane edir…

ÜMİD DEVİANTLARA QALIB?

Sosiologiyada ümumi normalardan kənara çıxanlara deviantlar deyirlər. Bəli, Azərbaycanda da mövcud siyasi-sosial orqanizmə inteqrasiya olunmayanlar var.
Amma onlar çoxdurmu? Bilmirik. Əgər bir mənzillə bu cəmiyyətin ziyalısını, alimini, sənət adamını, hətta jurnalistini ələ almaq mümkündürsə onda nəyəsə ümid etmək olarmı?

Cəmiyyətşünaslıqda elitarizmin heç vaxt tərəfdarı olmamışıq. Amma bütün cəmiyyətlərin öncül insanları olur. Onların dedikləri, yazdıqları, etdikləri cəmiyyətin ümumi davranışına bir ton verir. Bir vaxt bütün Avropa baxırdı ki, görək, J. P. Sartre (Sartr) filan məsələ haqda nə yazacaq, nə deyəcək?

Bir qədər kiçik miqyaslarda da belə olur. Düşünürsən ki, bəli, filankəsi əymək çətin məsələdir. Amma sonradan məlum olur ki, bu, sadəcə, görüntüdür, həmin filankəs bu vaxta qədər əyilmək üçün məqam gözləyirmiş…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG