Keçid linkləri

Təcili xəbərlər

V. Putinin şərq turnesi


Vladimir Putin
Vladimir Putin
-

Hələ iyulun ortalarından Rusiya prezidenti V. Putin-in Bakıya səfər edəcəyi haqda səslənən ehtimallar axır ki, təsdiqini tapdı - prezident V. Putin avqustun ilk günlərində, bəlkə də birinci on günlüyündə Bakıya yeddi ildən sonra özünün növbəti rəsmi səfərini edəcək.

Bu, onun müsəlman ölkələrinə heç də yeganə səfəri olmayacaq. V. Putin-in avqust ayında İrana da səfəri gözlənir. Təbii ki, bu iki səfər arasında bir bağlantı axtarmaq siyasi məntiq sərhədlərini tamam aşmaq demək olardı. İran-Azərbaycan-Rusiya üçbucağında həll olunası məsələlər olsa da (məsələn, Xəzərin statusu) hər halda bu iki səfər arasında ciddi bir bağlantı yoxdur. Ümumi siyasi cəhət odur ki, İranda yeni prezident hakimiyyətə gəlir, Azərbaycanda isə köhnə prezident yenidən siyasi olimpdə qalmaq üçün cəhd edir, özü də V. Putin-in siyasi təcrübəsini bir qədər dəyişilmiş formada təkrar etməyə hazırlaşır. Ona görə «V. Putin-in təcrübəsi» deyirik ki, Rusiyada da Asiya modeli qalib gəldi və V. Putin-i də elə də böyük təhrifə yol vermədən «uzunömürlülər»ə aid etmək olar.

Bircə onu qeyd edək ki, indi Qərb yeni İran prezidenti H. Rouhani-yə bir qədər ümidlə baxır. Rusiya bu ümidi artıracaq dövlətlərdən deyil, əksinə qonşuluqda daha bir anti-qərbçi dövlətin olması onun geostrateji, geosiyasi maraqlarına cavab verir.

V. Putin-in gəlişindən Avrasiya İttifaqı və Gömrük Birliyi haqqında da müzakirələrin start alması istisna olunmur.
Azərbaycana gəldikdə isə, bu ölkə hələ Qərbin siyasi gündəmində İran qədər önəm kəsb etmir - Azərbaycan bütün mənalarda Qərb üçün problem deyil, əksinə bu dövlət öz daxilindəki mövcud siyasi balansı saxlamaq xatirinə həmişə Qərbin maraqlarını gözləməyə hazırdır.

Amma V. Putin-in gəlişindən Avrasiya İttifaqı və Gömrük Birliyi haqqında da müzakirələrin start alması istisna olunmur. Fəqət, demokratik müxalifət partiyalarını təmsil etməyən politoloqlar və təhlilçilər belə Azərbaycanın yalnız bir halda – Rusiyanın öz Qarabağ siyasətinə ciddi düzəlişlər verəcəyi təqdirdə bu müzakirələri asmasının mümkün olduğunu qeyd edirlər.

Hakimiyyətin nə düşündüyünü demək çətindir. Maraqlıdır ki, avqust ayında Avrasiya İttifaqı ideyasının əsas ideoloqlarından birinin - Qazaxıstan prezidenti N. Nazarbayev-in də Bakıya səfəri gözlənir. O, türkdilli xalqların (buna hələ də «türk xalqlarının» deməyə qorxurlar) növbəti sammitində iştirak etmək üçün Bakıya gələcək. Ona görə də maraqlı sual yaranır: görəsən, N. Nazarbayev və yaxud da V. Putin rəsmi Bakının, xalq arasında deyildiyi tək, «saqqızını oğurlaya» biləcəkmi?

HƏLƏ Kİ YALNIZ EHTİMALLAR VAR…

V. Putin-in səfərinin daha çox qarşıdakı seçki ilə bağlı olduğunu ehtimal etmək olar. Təbii ki, bu, yalnız ehtimaldır. Məsələ bundadır ki, bir müddət idi deyilirdi ki, Azərbaycan və Rusiya rəhbərlərinin yüksək səviyyəli görüşü gözlənir. Bu, səfər İ. Əliyevə çox lazımdır. Ona görə ki, seçki ərəfəsində Rusiyanın xeyir-duasını almaq mühüm məsələdir. Sual ola bilər ki, Rusiya bu məsələdə Azərbaycana nə verir?

Rusiyalı siyasi texnoloqların seçki prosesinə birbaşa müdaxiləsini bir tərəfə qoyaq. Seçkinin tanınması məsələsi var. Rusiya və onu eşidən ölkələrin Azərbaycandakı seçkinin nəticələrini tanıması digər dövlətləri fakt qarşısında qoyur, onlar da Rusiyanın ardınca bunu etməli olurlar, çünki əks təqdirdə rəsmi Bakı onlara qarşı siyasi demarş edə, Rusiya ilə Qərbin maraqlarına cavab verməyəcək dərəcədə yaxınlaşa bilər. Bunu isə təbii, Qərb ölkələri arzulamaz.

Əvvəl belə bir təəssürat yaranmışdı ki, Milli Şura R. İbrahimbəyovu vahid namizəd etməklə (hələ də mübahisəlidir!) özünə qarşı Rusiyanın siyasi dairələrinin münasibətini müəyyən qədər dəyişəcək. Amma bir anlığa düşünmək lazımdır: R. İbarihimbəyovun seçkini udması Rusiyaya nə vəd edir?
İndi Avropa ölkələrində belə fikir formalaşıb ki, Azərbaycan Avropanın yanacaq problemlərinin qismən həlli üçün böyük işlər görür. Üstəlik, rəsmi Bakı öz qazının ixracı üçün başqa marşrut seçməklə Rusiyanın əsas qaz bazarı üçün – Şərqi Avropa seqmenti üçün problem yaratmadı. Elə vəziyyət yaranıb ki, həm Rusiya razı qalıb, həm də Avropa…

Rusiyanın son seçimi haqda danışmaq hələ tezdir, amma ölkə siyasətinin digər kəsiminə - seçkiyə qatılmaqda iddialı olan müxalifətə gəldikdə isə, məsələ bir qədər qəlizdir. Bəli, əvvəl belə bir təəssürat yaranmışdı ki, Milli Şura R. İbrahimbəyovu vahid namizəd etməklə (hələ də mübahisəlidir!) özünə qarşı Rusiyanın siyasi dairələrinin münasibətini müəyyən qədər dəyişəcək. Amma bir anlığa düşünmək lazımdır: R. İbarihimbəyovun seçkini udması Rusiyaya nə vəd edir?

Təsəvvür edin, R. İbrahimbəyov iki il hakimiyyətdə olur. Onun ardınca isə qatı qərbçi kimi tanınan Ə. Kərimli və ya İ. Qəmbər, yaxud da onlar ikisi birlikdə hakimiyyətə gəlirlər - hər halda, Milli Şurada başqa ciddi siyasi iddiaçılar yoxdur… Bu variant Rusiyaya sərf edərmi? Onun maraqlarına cavab verərmi? Adam «hə» demək istəyir, amma bacarmır, çünki adi siyasi məntiq bundan çəkindirir.

Elə bu səbəbdən də müxalifətin Rusiya ilə bağlı gözləntilərinin hələ ki, sual altında olduğunu ehtimal etmək olar. Təbii ki, bu, yalnız bir ehtimaldır və o, doğrulmaya da bilər, amma hiss olunur ki, Rusiya indiki hakimiyyəti daha yaxşı «anlayır»…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG