Keçid linkləri

Münaqişələr niyə həll olunmur?


SSRİ yerini daha kiçik, daha zəif Rusiyaya verdi. Amma Fələstin-İsrail münaqişəsi həll olunmadı.

SSRİ yerini daha kiçik, daha zəif Rusiyaya verdi. Amma Fələstin-İsrail münaqişəsi həll olunmadı.

-
Bəlkə də Qarabağ münaqişəsi, yaxud da başqa bir səbəb azərbaycanlıların İsrail-Fələstin münaqişəsinə marağını azaltdı. Halbuki azərbaycanlılar da bir vaxt bütün sovet adamları kimi Fələstin-İsrail münaqişəsinin həmişə beynəlxalq buraxılışların baş xəbəri olmasına alışmışdılar.

Bütün hallarda üç ildən sonra yəhudilərlə fələstinlilər arasında birbaşa sülh danışıqlarının başlanması xəbəri bizə maraqlı göründü və yadımıza bir maraqlı epizodu saldı. İsrail-Fələstin münaqişəsi haqda ilk yazımızı 20 il bundan əvvəl yazmışdıq.

O vaxtın təsəvvürlərinə indiki prizmadan baxanda görürsən ki, biz yazarlar nə qədər sadəlövh olmuşuq. «Soyuq müharibə»nin bitməsini hamımız böyük siyasi qarşıdurmaların, münaqişələrin sonu kimi başa düşürdük.

O vaxt bizə elə gəlirdi ki, bütün böhranlı vəziyyətlər «soyuq müharibə»nin nəticəsidir və hər yerdə ABŞ-SSRİ qarşıdurmasının izlərini axtarırdıq. İndi bilmirik, yarış deyək, yoxsa çəkişmə söyləyək, amma hər halda bu proses bitdi və qarşıduran tərəflərdən biri - SSRİ yerini daha kiçik, daha zəif Rusiyaya verdi. Amma Fələstin-İsrail münaqişəsi həll olunmadı və 22 ildən sonra hələ də aydınlıq yoxdur ki, bu münaqişə ümumiyyətlə nə vaxtsa həll olunacaqmı?

Bunları deməklə keçmiş SSRİ-nin Yaxın Şərq münaqişələrindəki rolunu heç də kiçiltmək niyyətimiz yoxdur. Yox, hərbi ekspertlər, silah-sursat, hərbi texnika göndərməklə bahəm SSRİ bu müharibələrdə öz məhdud kontingentləri ilə də iştirak edirdi.

Amma zaman göstərdi ki, bütün hallarda bu, həlledici amil olmayıb. Məsələnin kökləri daha dərindədir. Onları çözməyə başlayanda görürsən ki, üzdə olanlar, dərhal nəzərə çarpanlar zahiri elementlərdir. O zahiri elementlər ki, onlar bəlkə də Qarabağ probleminə münasibətdə də həmişə önə çəkilib, öndə olub.

YAXIN ŞƏRQDƏN QARABAĞA DOĞRU…

Avqustun ilk günlərində İranda yeni prezident H.Rohani-nin andiçmə mərasimi olacaq. Prezidentlərin Kazan görüşü - 24 iyun 2011

Prezidentlərin Kazan görüşü - 24 iyun 2011

Artıq indidən belə xəbərlər dolaşır ki, tədbirə dəvət alsa da, İ.Əliyev İrana getməyəcək, Azərbaycanı tədbirdə parlamentin spikeri təmsil edəcək.

Düşünmürük ki, bu detal yalnız İ.Əliyevin İrandan məsafə saxlamasının nəticəsidir. O, bir müddətdir ki, İrana səfərlər etmir. Bunun da səbəbi odur ki, İ.Əliyev S. Sargsyan-la bir tədbirdə iştirak etməyi arzulamır.

Əvvəllər, prezidentlər arasında D.Medvedev-in təşəbbüsü ilə mütəmadi danışıqlar keçirilərkən bu, bir qədər anlaşılmaz görünürdü. Amma çoxdandı belə görüşlər keçirilmir və İ.Əliyevin S. Sargsyan-a soyuq münasibəti bu fonda daha təbii görünür.

Bir qədər əvvəl yəhudi-ərəb münaqişəsi haqqında yazdıq. Qarabağ münaqişəsinə də analoji yanaşma hökm sürürdü. Hamı belə hesab edirdi və indi də belə hesab edir ki, bu münaqişənin də arxasında Rusiya dayanıb.

Təbii ki, belə düşünmək üçün hədsiz dərəcədə ciddi və böyük əsaslar var, bunu inkar etmək mümkün deyil. Amma əsas yalnız Rusiya amili idimi? Özümüzdə heç günah yox idimi? Bəs bəzi bağışlanmaz səhvlərimizi kimin adına yazaq?

«ERMƏNİSTANA NƏ VERMƏK MÜMKÜN İDİSƏ, ARTIQ VERMİŞİK…»

Yadıma gəlir ki, bir dəfə Rusiyanın Azərbaycandakı birinci səfiri V.Shonia-dan müsahibə götürmüşdük. Ona Rusiyanın Qarabağ münaqişəsində oynadığı roldan gileyləndik, Rusiyanın Ermənistana kömək etdiyini dedik. Səfir bunu inkar etmədi və bircə cümlə dedi: «Biz sizə də kömək etmişdik…».

İndi Ermənistan çox acınacaqlı vəziyyətdədir. Arxayın olduğu Rusiya da ona deyir ki, biz Ermənistana nə vermək mümkün idisə, artıq vermişik…

Birgə Ermənistan-Rusiya hərbi təlimləri

Birgə Ermənistan-Rusiya hərbi təlimləri

Adamın dərhal ağlına belə bir sual gəlir ki, görən, Rusiya Ermənistana heç nə verməsəydi, bu ölkə hansı vəziyyətdə olardı?

Bəli, Ermənistanın halı pisdir. Amma görək, döyüş bölgələrinə, sərhədə yaxın yerlərdə elə bir gün olurmu ki, Ermənistan tərəfi atəşkəsi pozmasın? Yox, olmur. Məsələ də elə bundadır. Adama elə gəlir ki, bu ölkə bəlkə də sonuncu pulunu da gülləyə verir ki, onu Azərbaycana tərəf atsın!

Bu yaxınlarda, Rusiya Ermənistana verdiyi qazın qiymətini artırmaq qərarına gələndə Azərbaycan belə bir bəyanat verdi ki, Ermənistana da Gürcüstan kimi ucuz qaz verə bilər, yalnız bir şərtlə ki, bu ölkə özünün Azərbaycanla bağlı siyasətinə dəyişmiş olsun. Amma Ermənistan nə etdi? Susdu... Ona görə də getdikcə belə təsəvvür yaranır ki, məsələ tək Rusiyada deyil. Bu dövlətin azərbaycanlılara və türklərə «özəl» münasibəti var və heç bir halda bu münasibəti dəyişmək fikri yoxdur.

Ona görə də Yaxın Şərq münaqişəsi kimi Qarabağ münaqişəsinin də arxasında kiminsə dayandığını zənn etmək və illərlə əlini əlinin üstünə qoyaraq oturmaq, ucuz, saxta bir hərbi ritorikaya meydan vermək bəlkə də ən asan işdir. Çətini bunun belə olmadığına özünü və milləti inandırmaq və onu həll etməkdir. Çünki adam problemin böyüklüyünü özünə təlqin edəndə problem həqiqətən də böyüyür - Bir dövlətin həll edəcəyi problemdən on bir dövlətin «həll etməli» olduğu problemə çevrilir…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG