Keçid linkləri

-

GÖZLƏNİLƏN FORS-MAJOR VƏZİYYƏTİ

Seçkinin bir neçə gün irəli çəkilməsi müxalifət düşərgəsində əsl şok yaratdı. Bunun təsadüf olmadığı, Milli Şuranın sədri R. İbrahimbəyovun vətəndaşlıq məsələsinin həllini bir az da çətinləşdirmək məqsədi güddüyü haqda siyasi mülahizələr müstəqil qəzetlərin səhifələrini bürüdü.

Amma düşünmürük ki, hakimiyyət təkcə seçkinin tarixini bir qədər dəyişməklə özünün üstünlüyünü təmin etməyə çalışdı. Məsələ bundadır ki, Milli Şura sədrinin vətəndaşlıq məsələsi həll olunandırsa, bu, olacaq, bir neçə günün bu məsələdə elə bir həlledici təsiri yoxdur.

Əsas odur ki, belə bir vəziyyət gözlənirdi və müstəqil təhlilçilər bu haqda bir neçə dəfə yazmışdılar. İndi Milli Şuranın üzvlərindən biri öz müsahibəsində deyir ki, biz yalnız R. İbrahimbəyovun namizədliyini irəli sürəndən üç gün sonra bilmişik ki, o, başqa bir dövlətin də, həm də Rusiyanın vətəndaşıdır.

Nə demək olar bu haqda? Onlar heç olmasa, internetə baxa bilərdilər. Sadəcə, bir «Rüstəm İbrahimbəyov» sözlərini yazmaq kifayət idi ki, hər şey aydın olsun.
Amma onlar bunu nəinki etmədilər, hətta Milli Şuranın icra aparatının rəhbəri E. Namazov bu xüsusda səslənən bütün xəbərdarlıqlara cavab olaraq bildirirdi ki, belə problem yoxdur, Milli Şura sədri qeydə alınacaq və çünki onun qeydə alınmaması seçkilərin legitimliyini şübhə altına ala bilər.

Səslənən bəyanatlarda belə bir fikir vurğulanır ki, başqa bir intellektual tapmaq və onun namizədliyini irəli sürmək lazımdır. Başa düşmək olmur ki, seçki siyasətçilərin yarışıdır, yoxsa intellektualların? Ölkə prezident seçkisinə hazırlaşır, yoxsa Akademiyaya seçkilərə?
İndi irəli qaçmaq niyyətində deyilik. Hələ hər şey itirilməyib. Amma bir məsələ aydındır ki, problem var, özü də ciddidir, üstəlik onun yaxın vaxtda həll olunmasına ümidlər də böyük deyil.

Məhz bu səbəbdən bir sıra Şura üzvləri yaxın günlərdə təşkilatın sessiyasını çağırmağı təklif edirlər. Ən qəribəsi isə budur ki, cəmi bir neçə gün bundan əvvəl Tbilisidə toplantı olmuşdu və ordan Şura üzvləri çox böyük «ruh yüksəkliyi» ilə qayıtmışdılar. Bəs indi nə istəyirlər?

KRAL ÖLDÜ, YAŞASIN KRAL!

Səslənən bəyanatlarda belə bir fikir vurğulanır ki, başqa bir intellektual tapmaq və onun namizədliyini irəli sürmək lazımdır. Başa düşmək olmur ki, seçki siyasətçilərin yarışıdır, yoxsa intellektualların? Ölkə prezident seçkisinə hazırlaşır, yoxsa Akademiyaya seçkilərə?

Həqiqətən də çox absurd vəziyyətdir. Üstəlik, «alternativ intellektual» kimi elə adamların adı çəkilir ki, İ. Əliyev bu adamlara hətta düzgün seçkidə belə problemsiz qalib gələ bilər və həmin adamların namizəd kimi irəli sürülməsi hakimiyyətə böyük siyasi hədiyyə ola bilərdi.

MƏQSƏD BİRLİKDİR, YOXSA…

Bunun niyə belə edildiyini soruşanda qayıdırlar ki, məqsədimiz müxalifətin birliyinə nail olmaqdır. Amma həmin birlik insanların ümidlərinin puç olması və onların zəif bir namizədlə seçki adlı siyasi maskarada sürüklənməsi hesabına başa gələcəksə, ona ehtiyac varmı? Əslində birliklər bir vasitədir, onlar siyasi qələbəyə apara bilən üsullardır. Müxalifətin birlik məsələsi əsas məqsəd deyil, əsas məqsəd heç olmasa şərəfli məğlubiyyət sayıla bilən mübarizəyə hazır olmaqdır.

Bəlkə də «məğlubiyyət» sözü burada bir o qədər də yerinə düşmür. Amma müxalifət bu seçkini əvvəlkilərdən fərqləndirən heç bir iş görməyib. Elə bu səbəbdən də adam çox istəyir ki, qələbədən danışsın, amma ötən illərin çox acı təcrübəsi bundan çəkindirir. Həm də azərbaycanlıların bir məsəli var ki, şər deməsən, xeyir gəlməz.

Rüstəm İbrahimbəyov

Rüstəm İbrahimbəyov

Uğurlu mübarizə hətta seçki saxtalaşdırılanda belə öz nəticəsini verir. Beynəlxalq təşkilatlar hesabatlarında «Demokratiyaya doğru daha bir addım atıldı» yazsa da, müxalifətdən də diqqətlərini əsirgəmirlər, çünki bilirlər ki, ən azı mənəvi qələbə onların tərəfindədir.

BAŞQA ÇIXIŞ YOLU VARMI?

Milli Şura sədrinin seçkiyə qatıla bilməyəcəyi təqdirdə seçkini boykot etmək haqqında də çağırışlar eşidilir. Amma bu, çıxış yoludurmu? Belə bir təsəvvür yaranır ki, sanki bəzi müxalifətçilər bu seçki ilə bağlı ümidləri də başqa bir adamın əlilə dəfn etmək istəyirlər.

Amma son anda yada salmaq olardı ki, bu müxalifətin İctimai Palata adlı da təşkilatı vardı. Əvvəlki formata qayıtmaq olmazdımı? Təbii ki, müxalifətin əvəzinə qərar qəbul edəsi deyilik, seçim onlarındır. Amma bir məsələ var ki, ötən seçkidə, 2008-ci ildə bu müxalifət seçkini boykot etmişdi. Bununla nəsə dəyişdimi?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG