Keçid linkləri

-

«Avropa Birliyinə potensial üzvlüyə baxılmaq üçün Belarus çox avtoritar, Moldova çox kasıb, Ukrayna çox böyük, Rusiya isə çox qorxuludur». Birliyin ekspertləri Avropa Birliyinə münasibətdə müxtəlif ölkələri səciyyələndirərkən adətən belə deməyi xoşlayırlar. Amma bu deyilənlər bir siyasi imperativ də deyil. Ən azı ona görə ki, bu ilin noyabrında Vilnüsdə yuxarıda adları sadalanan bəzi ölkələrlə növbəti inteqrasiya sazişini-assosiasiya sazişini imzalamaq nəzərdə tutulur.

Qafqazdan iki ölkə – Gürcüstan və Ermənistan bu prosesə hazırlaşır. Amma Azərbaycan rəsmiləri hələ də susurlar. Elə bizi də daha çox bu məqam maraqlandırdı. Azərbaycan özünün enerji imkanlarını həm də əməkdaşlıq meyarına çevirib.

Yayın əvvəlində Brüsselə səfər edən İ. Əliyev Birlikdən Azərbaycana xüsusi status verməyi xahiş etmişdi. Amma ona çox incə şəkildə xatırlatdılar ki, Avropa Birliyinin assosiativ üzvlük proqramı da var.

Təbii ki, o proqram İ. Əliyevi qane etmir. Amma o, bir detalı nəzərə almır ki, Avropa həm də əhəmiyyətli dərəcədə Rusiya qazından və neftindən asılıdır. Amma bu regionda heç kim Rusiyaya nəinki xüsusi status vermək, hətta onu Birlikdə görmək fikrində deyil. Yeri gəlmişkən, Rusiya da uzun illərdir ki, NATO-dan xüsusi status umur, bu illər ərzində NATO coğrafi baxımdan bəlkə də iki dəfə genişlənib və Rusiyaya xüsusi status verməyib.

DÜNYADA NƏ DƏYİŞİB?

Amma son vaxtlar Azərbaycana münasibətdə, xüsusən də mövcud hakimiyyətə baxışda Avropa strukturlarının münasibətində çox qəribə çalarlar müşahidə edilir. Elə bil Avropa strukturları bu hakimiyyətə daha çox inanmağa başlayıb. Açığını etiraf etmək lazımdır ki, builki seçkilər ilk seçkidir ki, onun müşahidə perspektivləri artıq indidən şübhə doğurmağa başlayıb.

Hamı deyir ki, dünya çox dəyişib. Amma «Dəyişən nədir?» sualına heç kim cavab vermək istəmir.
Avropa Şurasının Parlament Assambleyası seçkiyə müşahidəçi göndərmək fikrində olmadığını bəyan edib, ATƏT-in Bakı ofisinin də missiyası tamam dəyişdirilib, ATƏT-in Demokratik Təsisatlar və Seçki Bürosu isə ona seçki prosesini müşahidə etmək üçün hələ də dəvətnamənin göndərilmədiyini bəyan edib.

Bu, faktiki olaraq gələcək seçkiyə nəzarətin yoxluğu deməkdir. Üstəlik, proses elə bir fonda baş verir ki, müxalifət funksionerləri, xüsusən də, Milli Şura təmsilçiləri özlərinin beynəlxalq təşkilatlarla böyük iş apardığını və bu təşkilatlar tərəfindən yaxşı anlaşıldıqlarını iddia edirlər.

Hamı deyir ki, dünya çox dəyişib. Amma «Dəyişən nədir?» sualına heç kim cavab vermək istəmir. Rəngli inqilabların bir seriyasından İ. Əliyev hakimiyyəti çox uğurla çıxdı. İndi «ərəb baharı»na istinad edərək, növbəti dalğanın Azərbaycanı da dəyişəcəyini güman etmək sadəlövhlük olardı. Ən azı ona görə ki, bu inqilablara dünyanın əsl, səmimi reaksiyası da göz önündə bir görk kimi dayanır.

GÜRCÜSTAN NİYƏ NATO ÜZVÜ OLMADI?

Bununla həmin ölkələrdə baş verən o proseslərə kölgə salmaq fikrində deyilik, ən azı ona görə ki, millətlər belə istəyirdi. Amma bu prosesləri müşahidə edən böyük dövlətlər və beynəlxalq təşkilatlar da belə istəyirdimi? Elə sual da budur və ona cavab verməyi heç də hamı xoşlamır.

Hamı düşünür ki, görən, azad olmuş Gürcüstan bizi Rusiya ilə arzulamadığımız konfliktə sürükləməyəcək ki? Və yaxud da deyirlər ki, təminat varmı ki, avtoritarizmdən qurtulmuş ərəb ölkələri İran yolunu seçməyəcək?
İndi rəngli inqilabların birinci dalğasının təmsilçisi M. Saakashvili öz siyasi qürubunu yaşayır. Ona lazım olan dəstək verilmədi. Bəlkə də bunu verə bilmədilər. A. Merkel V. Putin-lə dostluğunu pozmaq istəmədi və Gürcüstanın NATO-ya daha sürətli inteqrasiyasının faktiki olaraq qarşısını aldı… «Ərəb baharı»nın ilk müjdəçilərindən olan Misirdə pis-yaxşı, hər halda, seçilmiş prezident olan M. Morsi devrildi və böyük dövlətlər də çevrilişlə hakimiyyətə gəlmiş hərbçiləri tanıdı. İndi də Morsi-ni azad etməyə cəhd edirlər…

BU DÜNYANIN TƏZADLARI

Dünya belə təzadlarla doludur. Mühafizəkarlıq tək fərdlərə aid deyil, millətlərin də bəzi məsələlərə baxışlarında mühafizəkarlıq duyulur.

Bu, da təbiidir. Ona görə ki, hamı düşünür ki, görən, azad olmuş Gürcüstan bizi Rusiya ilə arzulamadığımız konfliktə sürükləməyəcək ki? Və yaxud da deyirlər ki, təminat varmı ki, avtoritarizmdən qurtulmuş ərəb ölkələri İran yolunu seçməyəcək?

Bir çox hallarda təəssüf ki, bəzən bu şübhələr, tərəddüdlər doğrulur. Millətlərin cəmiyyəti də bir klubdur və onun da illərlə formalaşmış ənənələri var.

Azad olmuş millətlər də elə etməlidir ki, başqaları onlara inansın, onları öz klublarına buraxsınlar. Bunu bacarmayanların yolu çox uzun olur, onlar çox keşməkeşlərdən keçirlər, ta o vaxta qədər ki, bu dünyanın hamıya məxsus olduğunu dərk etsinlər…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG