Keçid linkləri

Təcili xəbərlər

İcazəli azadlıq


Rebecca Vincent
Rebecca Vincent
-

Azərbaycan müxalifətinin koalisiyası – Milli Şura avqustun 18-də azad və ədalətli prezident seçkilərinə, habelə siyasi məhbusların azad edilməsinə çağıran etiraz mitinqi keçirəcəyini bəyan edib.

Hakimiyyət orqanları tərəfindən tələb olunan prosedurları icra etdikdən sonra Milli Şura Bakı şəhər İcra Hakimiyyətinə (BŞİH) aksiyanın keçirilməsinə icazə verilməsini xahiş edən rəsmi məktub yollayıb. BŞİH mitinqin keçirilməsinə icazə verib, amma paytaxtın uzaq kənarındakı Bayıl kəndində.

Belə görünür ki, paytaxtın mərkəzindən xeyli aralı olan sürücülük məktəbinin həyəti BŞİH-nin sərbəst toplaşma azadlığı hüququndan istifadə etmək niyyətində olan müxalif qruplar üçün münasib bildiyi yeganə məkandır. Niyəsi bəllidir: gözdən, könüldən iraq və paytaxtın mərkəzindən 20 kilometr uzaq bir yerdə heç kəs nəyin baş verdiyini görüb-eşitməyəcək. Təsəvvür etmək belə çətindir ki, hakim Yeni Azərbaycan Partiyası hər hansı bir tədbirini sürücülük məktəbinin həyətində keçirməyə razılaşaydı.

ŞÜKÜR EDİN Kİ, İCAZƏ VERİRİK

Müxalifətə, ümumiyyətlə etiraz aksiyaları keçirməyə icazə verilməsini, hakimiyyət sərbəst toplaşma azadlığını təmin etməsi kimi qələmə verir. Lakin etirazlar üçün ucqar, namünasib yerlərin və həm də icazə ilə verilməsi sərbəst toplaşma azadlığı prinsiplərini pozur və beynəlxalq standartlarla ziddiyyət təşkil edir.

Əslində Azərbaycan Konstitusiyası və sərbəst toplaşmaya dair ölkə qanunları dinc nümayişlərin keçirilməsi üçün icazə alınmasını tələb etmir. Qanunlarda deyilir ki, sadəcə olaraq belə aksiyalar barədə əvvəlcədən bildiriş verilməlidir. Lakin Azərbaycan hakimiyyəti beynəlxalq təşkilatların və ekspertlərin çağırışlarına məhəl qoymadan, qanunun bu hissəsini özünə sərf edən şəkildə yozmaqda davam edir.

Etirazları icazəsiz və nəzərdə tutulmamış yerlərdə keçirənlər böyük riskə girmiş olurlar. Hakimiyyət icazəsiz aksiyalara qarşı qəddar və dinc nümayişləri dağıtmaq üçün aşırı güclə cavab verir. Geniş miqyasda həbslər keçirilir, etiraz iştirakçıları həbs və ya məhkum edilir, onların üzərinə bu ilin əvvəllərində qəbul edilmiş yeni repressiv qanununun köməyi ilə ağır cərimələr qoyulur.

Hərçənd, hökumətyönlü qruplarla bu cür rəftara yol verilmir. Məsələn, 2013-cü ilin mayında «Avropa günü»nü icazəsiz fləşmobla qeyd edən Azərbaycan Avropa Hərəkatı təşkilatının aksiyasına müdaxilə olunmayıb.

Sərbəst toplaşma, həmçinin ifadə və təşkilatlanma azadlıqları Azərbaycanda illərdir ki, pozulur. Hakimiyyət ölkədə tənqidi və fərqli düşüncəni məhv etmək üçün sistematik qaydada tədbirlər həyata keçirir. İndi, 9 oktyabrda keçiriləcək prezident seçkiləri ərəfəsində bu azadlıqlar xüsusi əhəmiyyət kəsb edir, çünki bu təməl azadlıqlara ehtiram göstərilmədən heç bir azad və ədalətli seçki keçirilə bilməz.

QAYDASIZ OYUNDA OYNAMAQ

Bu il, indiyədək hakimiyyət müxalifətin etirazları zamanı çox zorakı davranıb. 2013-cü il, martın 10-da əsgər ölümlərinə etiraz edən aksiyaçılara qarşı su şırnaqlarından, gözyaşardıcı qazlardan və plastik güllələrdən istifadə edilib. Hakimiyyət orqanları hətta etiraz yerinə Uzaq Məsafəli Akustik Qurğu gətirib. Çox güman cihazın topladığı məlumatdan daha sonra istifadə etmək üçün. Bir neçə etirazçı xəsarət alıb, 72 nəfər həbs edilib. Onlardan beşi inzibatı qaydada bir həftə müddətinə təcridxanaya salınıb.

Gəlin ümid edək ki, hakimiyyət dünyanın qurtaran yerində keçiriləcək bu icazəli mitinq zamanı belə praktikaya əl atmayacaq. Axı, Milli Şura oyun qaydalarına əməl edir. Bu qaydalar ədalətsiz olsa belə.

Rebecca Vincent Amerika-Britaniya insan haqları fəalı və beynəlxalq, həmçinin Azərbaycan insan haqları və ifadə azadlığı təşkilatları ilə geniş miqyasda işləmiş keçmiş ABŞ diplomatıdır. Onu Twitter-də @rebecca_vincent hesabında izləyə bilərsiniz.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG