Keçid linkləri

Ziyalının tale seçimi


-
Bunu «Ziyalının siyasi seçimi» də adlandırmaq olardı. Amma ölkədən ölkəyə fərq var. Ölkələr var ki, orada siyasət sadəcə tale deməkdir, kimin üçünsə bunu uğurlu, kimin üçünsə də uğursuz seçim adlandırmaq olardı.

Rusiya kimi mürəkkəb ölkədə, nə qədər qəribə olsa da, çox mürəkkəb sualların bəzən çox sadə həlli olur. Ruslar deyirlər ki, ziyalıların mənəvi missiyası hakimiyyətə opponentlik etməkdir…

Çox sadə və yığcam deyilib. Amma bunun arxasında hansı məhrumiyyətlər dayanır? Belə seçim etmiş insanları nələr gözləyir? Məsələ də bundadır… Ona görə də hər yerdə hakimiyyətə münasibət mürəkkəb məsələdir. Bir çoxu məsələni özü üçün meşşancasına həll edir: düşünürlər ki, nə olursa olsun, hakimiyyətlə dostluq etmək lazımdır.

Bəli, dostluq da edirlər. Heç bir hakimiyyət də bunu cavabsız və hədiyyəsiz qoymur, cəmiyyətin böyük əksəriyyətinin adi ehtiyaclarını ödəmək çətin olsa belə, ziyalıların «ehtiyacları»nı təmin edirlər. Bu «ehtiyac»lar ölkədən ölkəyə fərqlənir. Azərbaycanda hakimiyyətin ziyalılara hədiyyəsi mənzil, prezident təqaüdü, fəxri adlar, orden və medallar və bir də deputat mandatlarıdır.

Bunların arasında elələri var ki, hansısa yaxınlaşmada bunu başa düşmək olar.

Amma başa düşülməyən məqamlar da var: 70 il sovet hakimiyyəti, 21 il də müstəqil dövlətçilik dövründə Azərbaycan ziyalılarının bir çoxunun mənzil problemini həll etmək mümkün olmadı ki, olmadı. Onlar dövlətdən elə hey mənzil istədilər. Bəzən bu istək elə bayağı formalar alır ki, adam bilmir nəyi yamanlasın: belə istəkdə bulunanları, yoxsa bu cür istəkləri, müraciətləri stimullaşdıran və onlara meydan verən hakimiyyəti?

SON 25 İLİN QƏNAƏTİ

Ona görə də 25 ildir ki, Azərbaycanın ictimai-siyasi düşüncəsində ziyalı məsələsi qırmızı xətlə keçir. Bu illər ərzində həmin mövzuda səslənən fikirləri və yazıları bir yerə toplamaq mümkün olsaydı, bəlkə də çox nəhəng bir antologiya alınardı.
Ölkədə ziyalı problemi ilə bağlı bir aydınlaşma olubsa, o da budur ki, bu adamlar fikirlərində və baxışlarında ardıcıl olmurlar, axıra qədər öz yolları ilə getmirlər.

Amma bu gün bu, əsas deyil. Əsas odur ki, bu illər ərzində ölkənin ziyalı mühiti də çox narahatlıq dolu anlar yaşayıb. Onların elələri olub ki, yolu həm hakimiyyət, həm də müxalifət düşərgəsindən keçib. Elə bu səbəbdən bu vaxt ərzində ölkədə ziyalı problemi ilə bağlı bir aydınlaşma olubsa, o da budur ki, bu adamlar fikirlərində və baxışlarında ardıcıl olmurlar, axıra qədər öz yolları ilə getmirlər.

Amma bundan istisnalar da olub və belə istisnalar nəyin bahasına başa gəlib-təəssüf ki, bir çox hallarda cəmiyyətin mütləq əksəriyyətinin bundan xəbəri olmur… Burada mərhum A.Məmmədovun bir fikri yada düşür: millət qəhrəmanlarını ya tribunada, ya da dar ağacında görmək istəyir…

Son iki on illik ərzində ziyalı problemi ilə bağlı formalaşmış bir fikir də onunla bağlıdır ki, ziyalı hansı yolu seçməlidir-ictimai tribun olmalıdır, yoxsa gerçəkliyə münasibətini öz yaradıcılığında əks etdirməlidir?

CƏMİYYƏTİN İTİRDİKLƏRİ

Son çağların proseslərinə qayıtmaq istərdik. Son 25 ildə ilk dəfədir ki, ziyalı siyasi proseslərin önündə dayanıb, siyasi iddia irəli sürüb. Əvvəlki dövrlərdəki siyasət adamları da göydən düşməmişdi, onlar da ziyalıların sırasından çıxmışdı. Amma bu adamlar tez bir zamanda siyasətçilərə çevrildi. Üstəlik, bir məsələ ilə də razılaşmaq lazımdır ki, siyasətçilərin birinci dalğası ziyalıların sırasından çıxsa da, onlar elə bir yaradıcılıq uğurları nümayiş etdirə bilməmişdilər. Elə bu səbəbdən də sona qədər, bəlkə də bu günədək cəmiyyət bu adamlara uğursuz elmləri namizədləri, «əbədi aspirant»lar kimi baxır…
Bakıya gah Avropanın, gah da islam dünyasının mədəniyyət paytaxtı deyirlər. Amma bu mərkəzdə dünyanın ən yaxşı ssenaristlərindən birinə yer tapılmadı!

Amma budur, siyasətə öz yaradıcı uğurları ilə öyünmək iqtidarında olan adamlar gəlib. Onların siyasətə töhfələrini araşdırmaq üçün hələ vaxtımız olacaq. Bunun hansı nəticələrə gətirib çıxardığını ən azı gələcək üçün araşdırmaq lazım gələcək.

Amma bu gün ölkədə siyasi proseslərin avanqardı rolunda çıxış etməyə iddialı görünən ziyalılara baxanda düşünürsən ki, bu adamlar harada daha çox fayda verə bilərdi-siyasətdə, yoxsa elmdə və sənətdə?

DÜNYANIN ƏN YAXŞI SSENARİSTLƏRİNDƏN BİRİNƏ YER TAPILMADI!

Son bir ildəki ziyalı hərəkatı cəmiyyətə nə verdi? Bu, yaxın gələcəyin sualıdır. Amma o, cəmiyyətdən nələri aldı? Buna isə artıq elə indi də cavab vermək olardı.

Bəli, hakimiyyət Azərbaycan cəmiyyətindən böyük bir mədəniyyət layihəsini aldı. Ona görə hakimiyyət deyirik ki, bəzən o, insanları zorən siyasətçi edə bilir.

Bakıya gah Avropanın, gah da islam dünyasının mədəniyyət paytaxtı deyirlər. Amma bu mərkəzdə dünyanın ən yaxşı ssenaristlərindən birinə yer tapılmadı!

Bilirsiniz, siyasət də, siyasətçilər də böyük hesabla götürəndə, gəldi-gedərdi. Əbədi olan mədəniyyətdir. Mədəniyyətin siyasətçiləri dəyişməsi çox yaxşı haldır. Vay o günə ki, siyasətçilər mədəniyyəti dəyişməyə, onu öz zövqlərinə uyğunlaşdırmağa başlayırlar.

Azərbaycanda məhz elə bu, baş verir. Hakimiyyətin özü öz sevimli müğənnilərini, artistlərini, rəssamlarını, kinematoqrafçılarını təyin edir. Bəli, təyin edir. Lap məmurları vəzifələrə təyin edən kimi…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG