Keçid linkləri

-
SSENARİ ELƏ HƏMİN SSENARİDİR
Milli Şura bir neçə gün bundan əvvəl seçkinin birinci mərhələsinə - imza toplamaq mərhələsinə adladı. Digər namizədlər və təsisatlar üçün bu proses çoxdan başlayıb, hətta imzaları artıq təqdim edənlər də var (məsələn , İ.Əliyev).

Milli Şuranın sərəncamında olan vaxt çox deyil, amma bu quruma daxil olan partiyaların funksionerləri çox nikbin görünür. Onlar imzaları vaxtında MSK- ya təqdim edəcəklərinə əmindirlər .
Güman ki, partiyalar bu işin öhdəsindən gələcəklər. Bununla bağlı ciddi bir problemin yaşanacağını zənn etmirəm.

İstisna deyil ki, lokal xarakterli maneələr olacaq, siyasi fəalların sərbəst şəkildə imza toplamasına müxtəlif cür əngəllər yaratmağa cəhd ediləcək və insanları incitməyə çalışacaqlar.
Məsələn, Milli Şuraya daxil olan «El» hərəkatı ilə bağlı hüquq- mühafizə orqanlarının apardığı «araşdırmalar» ı müəyyən mənada bunun göstəricisi hesab etmək olar.
Amma böyük ehtimalla bu, ümumi nəticəyə - Milli Şuranın namizədinin qeydə alınmasına təsir etməyəcək .
Məsələ bundadır ki, hakimiyyət bir tərəfdən Milli Şuranın seçkidə iştirak etməsini istəyir, çünki bu, ona seçkiyə legitimlik görüntüsü vermək üçün lazımdır.
Digər tərəfdən isə, ölkədəki narazılıq elə bir həddədir ki, həqiqəti dilə gətirən və onu ağıllı şəkildə ifadə edən istənilən siyasi fiqur böyük ictimai dəstək qazana bilər.
Ona görə də hakimiyyət narahatlıq içindədir. Çalışırlar ki, müxalifəti nəzarət altında saxlamaqla seçkilərin gedişini idarə edə bilsinlər.
2003-cü ildə də belə olmuşdu. Müxalifət sıralarına yol tapan və hətta onların etibarını qazanan bir şəxs indi olduğu kimi hakimiyyət orqanlarını müxalifət partiyalarının planlaşdırdığı dırnaqarası təxribatlar haqqında məlumatlandırmışdı. Bu baxımdan ssenari elə həmin köhnə ssenaridi, hətta aparıcı rollar da dəyişməyib.

Milli Şura üzvləri

Milli Şura üzvləri

Amma indi elə bir məqamdır ki, istənilən siyasi təzyiq Milli Şuranın reklamına çevrilir. Belə hallar, nə qədər qəribə olsa da, insanlar üçün bir növ alternativ məlumat mənbəyi rolunu oynayır, çünki siyasətdə də «şou- biznes» elementləri olur.

Şou- biznesdə qalmaqal reklama çevrildiyi kimi siyasətdə də belə olur- bir də görürsən ki, sənin kimisə qaralamaq cəhdin əks effekt yaradır.
NİKBİN OLMAQ VƏ NİKBİN GÖRÜNMƏK

Amma Milli Şuranın fəaliyyətində də problemlər var. Təşkilatın bu vaxta qədərki fəaliyyətində bir siyasi lənglik və ətalət müşahidə edilirdi. Cəmi bir aksiya keçirilib. O da daha çox diqqəti Milli Şuranın düşdüyü çətin vəziyyətdən yayındırmaq cəhdi kimi yadda qaldı.
Burada iki amili mütləq qeyd etmək lazımdır. Milli Şuranın sədri təşkilatın operativ qərar qəbul etmək imkanlarını məhdudlaşdırmışdı. Onun özəl problemləri ucbatından uzun müddət zəruri qərarları qəbul etmək mümkün olmadı. Daha bir namizədin irəli sürülməsi prosesi avqustun üçüncü on günlüyünə qədər yubadıldı.

İkincisi, Şuranın keçirdiyi yeganə etiraz aksiyası nikbinlik üçün bir o qədər də əsas yaratmadı, çünki aksiya bundan güclü ola bilərdi, əgər Şuranın özəyini təşkil edən partiyalar daha fəal olsaydılar. Güman ki, bunun bir səbəbi də Şura daxilindəki ziddiyyətlər idi.

İndi artıq ümumi qərar qəbul edilib və ehtimal etmək olar ki, seçkinin növbəti mərhələsində partiyalar daha fəal və yekdil olacaqlar. İndi həm də elə bir mərhələdir ki, insanlar nikbin olmaqla nikbin görünmək arasında vurnuxurlar. Siyasət onları birinci tərəfə, reallıqsa ikinci tərəfə dartır.

İLHAM ƏLİYEV CƏMİL HƏSƏNLİDƏN EHTİYAT EDİRMİ?
İlham Əliyev İsmayıllıda görüş zamanı

İlham Əliyev İsmayıllıda görüş zamanı

Hakimiyyətin davranışına gəldikdə isə, hətta C. Həsənli də İ. Əliyev üçün ciddi rəqibdir. Güman etmirik ki, indiki vəziyyətdə belə hakimiyyətin tam demokratik seçki keçirmək iradəsi var. C. Həsənli bir siyasi fərd kimi güclü deyil, amma o, böyük düşrəgəni, əsas müxalifəti təmsil edir. Bu quruma rəğbət bəsləyən insanların hamısı səslərini ona verəcək.
Bir məsələ var ki, istənilən siyasi lider ictimailəşmə mərhələsini keçməlidir. İnternetdə C.Həsənli ilə bağlı bir neçə materiala baxdıq. Onların demək olar ki, hamısı reytinq şkalasının yüksək yerlərində qərar tutmuşdu. Deməli, maraq var. Baxmayaraq ki, oxunma reytinqləri sosioloji sorğu deyil, amma hər halda müxalifət üçün yaxşı xəbər sayıla bilər.
İ.Əliyev indiki namizədlərin hamısından sözsüz ki, daha çox tanınır. Amma tanınmağın neqativ tərəfləri də var. Bəzən izafi reklam anti-reklama çevrilir. Ona görə də indi müəyyən etmək çox çətindir: İ. Əliyev kimi çox tanınmaq daha yaxşıdır, yoxsa C. Həsənli kimi az tanınmaq?
İ. Əliyev həm də 20 illik YAP hakimiyyətini özündə təcəssüm etdirir. Bunun da mənfi tərəfləri var. YAP- ın siyasətilə bağlı mümkün etiraz ovqatı bütünlüklə İ.Əliyevə qarşı yönələcək.
Məhz buna görə güman edilir ki, İ. Əliyev böyük ehtimalla hətta indiki namizədlə- C. Həsənli ilə azad və ədalətli seçkidə yarışmayacaq, çünki əhali arasında müəyyən narazaılıq var və artıq qeyd etdiyimiz kimi, hətta təsadüfi adam belə bu narazılığın fonunda yüksələ bilər.
Bunu bir vaxt Rusiyanın timsalında müşahidə etmişik. Rusiyada ilk böyük etiraz aksiyaları keçirilərkən adi bir bloqçu və ictimai fəal qısa bir müddətdə ölkənin ilk yüz siyasətçisi siyahısına düşə bildi.
Üstəlik, bir qədər əvvəldə qeyd etdiyimiz kimi, C. Həsənli həm də İ.Qəmbərin, Ə.Kərimlinin, L. Ş.Hacıyevanın, R. İbrahimbəyovun səslərini alacaq. Amma bir şərtlə ki, o özünü bu səslərə ala biləcək namizəd kimi təqdim edə bilsin.
Bu da çox ciddi məsələdir. Bəzən böyük qüvvələri təmsil edən bacarıqsız siyasət adamları həmin qüvvələrin potensialını heç edə bilir.
Ona görə də bütün hallarda indiki seçki iki suala cavab verəcək: Milli Şuranın vahid namizəd seçimi nə qədər uğurlu oldu? Bəs gələcəkdə necə, yenə də indi olduğu kimi vahid namizəd məsələsi üzərində israr etməyə dəyəcəkmi?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir
XS
SM
MD
LG