Keçid linkləri

Təcili xəbərlər

Konqress Bashar Assad-a acıyacaqmı?


Bashar Assad hərbçilər arasında, 1 avqust 2013
Bashar Assad hərbçilər arasında, 1 avqust 2013
-
Siyasətdə qəribə şeylər çox olur. Qatı mühafizəkar Winston Churchillin bəlkə də ağlına gəlməzdi ki, ikinci dünya müharibəsi zamanı nifrət etdiyi bir siyasi sistemlə-kommunist ölkəsilə bir cərgədə olacaq.
Bir müddət NATO-ya başçılıq etmiş ispan mənşəli siyasətçi X.Solana bir vaxt öz ölkəsinin bu bloka üzv olmasının əleyhinə çıxış etməsini çətin ki, izah edə bilərdi.
Bu günümüzdə də belə ziddiyyətli hadisələr baş verir. İndi hamı sentyabrın 9-nu gözləyir. Konqress bu tarixdən başlayaraq Suriyaya hərbi müdaxilə məsələsinə münasibətini bildirəcək.
Gözləyənlərdən biri də prezident B. Obamadır. O, siyasətin topunu Konqressin meydançasına atmağı bacardı. İndi də Konqressin nə cavab verəcəyini gözləyir.
«Mən axmaq, tələsik müharibənin əleyhinəyəm. Mənim Səddamla bağlı hansısa bir illüziyam yoxdur. O, hakimiyyətdə qalmaq üçün öz xalqına divan tutur. Amma o, ABŞ üçün birbaşa və qaçılmaz təhlükə deyildi».
Sizcə bu sözlər kimindir? Tələsməyin. Onlar prezident B.Obamaya məxsusdur. O, bu sözləri 2002-ci ildə, İraqa müdaxilə ərəfəsində deyib. O vaxt B.Obama İllinoys ştatının senatının üzvü idi.
İndi Obama özü Bushun vəziyyətinə düşüb. Bir çoxu onun məsələni Konqressə ötürməsini incə siyasi gediş hesab edir. Amma bir məsələ var ki, müharibə məsələsi bir qədər qəliz məsələdir, ona yalnız Konqress icazə verə bilər.
O ki qaldı onun dediyi sözlərə, elə bununla bağlı da W. Churchill çox gözəl deyib: «Siyasətçinin vəzifəsi nə baş verəcəyini demək, onlar baş verməyəndə isə bunun səbəblərini əsaslandırmaqdır».
Ona görə də Obamanı qınamayın. Hətta M.Gandi deyirdi ki, məni siyasətdə ardıcıllıq maraqlandırmır…
Prezident Obama
Prezident Obama
Amma düşünürük ki, indiki situasiyanın qəlizliyi tamam başqa məsələdədir.
MİSİR YENƏ DƏ SURİYA ÜÇÜN NÜMUNƏDİR
Məsələnin qəlizliyi ondadır ki, əsas ərəb ölkəsində- Misirdəki proseslər sözün əsl mənasında nonsenslə bitdi.Təxminən bir ildən sonra pis, yaxşı, hər halda seçki yolu ilə hakimiyyətə gəlmiş prezident M.Morsini hərbçilər devirdi, keçmiş diktator H.Mobaraki isə faktiki olaraq məsuliyyətdən tam azad etdilər. Bütün Qərb ölkələri də hərbi çevrilişin siyasi nəticələrini tanıdı.
İndi həmin Qərb ölkələri Suriya müxalifətinə kömək üçün fondlar yaradır.
Amma bir ildən sonra o müxalifət Qərbi Misirdəki kimi məyus etməyəcəkmi?
Haradan əminlik var ki, Suriyadakı müxalifətin siyasətə baxışı, bölüşdüyü siyasi dəyərlər «müsəlman qardaşları»nkından fərqlənir? Belə bir əminlik varmı?
Üstəlik, bir detalı da qeyd edək ki, gənc türk dövlətləri Türkiyəni necə yamsılamağa çalışırsa, ərəb ölkələri də Misiri elə yamsılayır. Misir ərəb ölkələri üçün həmişə beyin mərkəzi, yeniliklər ölkəsi olub.
Düşünürük ki, Suriya məsələsinin qəlizliyi bundadır. Dərindən baxanda görürsən ki, hətta İraqın özündə də Qərbin siyasəti fiaskoya uğradı. Bununla bağlı dünyanın politoloqları həyəcan siqnalı çalırdı. Amma eşitmədilər. Nəticəsi nə oldu? Terrorun səviyyəsi artdı, ölkə demokratikləşmədi, əksinə inciklik yarandı, çünki ərəblərin milli heysiyyatına toxunuldu, separatçı etnik kürd hərəkatının liderini İraqa prezident qoydular.
İndi Suriya müxalifəti haqqında da heç bir dolğun təsəvvür yoxdur. Onları bir B.Assadı tanıyır. Assad də deyir ki, bunlar terroristlərdir. Təbii ki, B.Assadin sözlərinə inanmaq olmaz, çünki o, öz əməllərinin nəticələrinə görə beynəlxalq miqyaslı cani hesab edilməlidir.
Suriyada paytaxtında partlayış
Suriyada paytaxtında partlayış
Amma Assadin sözlərinə inanmamaq üçün də elə bir ciddi əsas yoxdur. Kim Suriya müxalifətini tanıyır? Bir ildən sonra həmin Qərb ölkələri həmin bu müxalifəti devirmiş hərbçiləri tanımayacaqmı?
İndi ötən təcrübə haqqında tək Türkiyə danışır. Qərblə müttəfiqlik edən yeganə ölkələrdəndir ki, Türkiyə Misirdə baş vermiş hərbi çevrilişi pisləyir. Misir müəyyən mənada Qərb üçün görk olmalıdır.
Burada bir şeylə barışmaq lazımdır ki, bütün hallarda ərəb ölkələrində birdən-birə Qərb standartlarına cavab verən demokratiya qurula bilməz, ən azı ona görə ki, bu ölkələrin belə təcrübəsi yoxdur.
Qərəz, indi hər şey Konqressdən asılıdır. Təbii ki, Suriya ABŞ üçün rəqib deyil. Müharibə də çox tez bir zamanda, özü də ABŞ üçün minimal itkilərlə başa çatacaq.
Amma sonrası necə olacaq? Suriyada normal bir siyasi sistem bərqərar olacaqmı? Bax, məsələ bundadır. Misirdə Qərb yönümlü hərbi elita var. Amma Suriyada hətta bu da yoxdur…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Ən son yazılan

XS
SM
MD
LG