Keçid linkləri

İki qonşu, iki ittifaq


Rusiya prezidenti Vladimr Putin Ermənistan prezidenti Serzh Sarkisianla görüş zamanı. 3 sentyabr -Moskva

Rusiya prezidenti Vladimr Putin Ermənistan prezidenti Serzh Sarkisianla görüş zamanı. 3 sentyabr -Moskva

-
İSTEHSALÇILAR VƏ İSTEHLAKÇILAR
Ermənistanla Rusiya arasında yaranmış müvəqqəti soyuqluğun donu elə gözlənilən formada açıldı- bu ölkənin Moskvada səfərdə olan prezidenti Rusiyanın ondan tələb etdiyi bəyanatı verdi, ölkəsinin Gömrük İttifaqına qoşulacağını bəyan etdi.
Maraqlıdır ki, erməni ekspertləri bir az əvvəl tamam başqa şey deyirdilər. Hətta belə fikirlər səslənirdi ki, Ermənistanın Gömrük İttifaqına qoşulması bunu tələb edən Rusiyaya heç nə verməyəcək, çünki bu iki ölkənin heç ortaq sərhədi də yoxdur.
Belə mövqelər də təbii görünürdü. Az da olsa da Ermənistanda da bu ölkənin Qərb institutlarına inteqrasiyasını arzulayanlar var. Amma onların halına yalnız acımaq olar, çünki müstəqil olandan bu günə qədər Rusiya harada olubsa Ermənistan da orada olub, onun inteqrasiya planlarına həmişə dəstək verib.
Bəli, Gömrük İttifaqı ilə bağlı da müxtəlif fikirlər var. Onu hətta faydalı hesab edənlərə də rast gəlmək mümkündür. Amma böyük əksəriyyət buna skeptik yanaşır.
Əslində bütün məsələnin məğzi budur ki, hamı öz çevrəsindəki bazarları tutmaq, onları öz malları ilə doldurmaq istəyir. Gömrük İttifaqının yaxın perspektivinə ona görə inanmırıq ki, o, bir məsələni- istehlakçının psixologiyasını nəzərə almır.
İstehlakçını yalnız bir məsələ maraqlandırır- ucuz və keyfiyyətli mal almaq. Bəli, süni şəkildə Rusiya malları üçün əlverişli şərait yaratmaq olar. Amma yalnız süni şəkildə. İlk fürsətdəcə bu sxem çat verəcək, çünki dünyada rəqabət deyilən bir şey də var.
Düzdür, yerli istehsalçılar deyilən bir zümrə də var. Onlar həmişə proteksionist siyasətin tərəfdarı olurlar. Amma onlar da bir məsələni unudur ki, süni şəkildə yaradılmış əlverişli şəraitlə uzağa getmək olmaz, lazımdır ki, bu insanlar da keyfiyyətli məhsul, mal istehsal etməyi öyrənsinlər.
Bu baxımdan Rusiyanın təklifləri ilk baxışda çox cəlbedici görünür: onlar «Gəlin öz bazarımızda özümüzü ağalıq edək» deyirlər.
Amma yenə də istehlakçı, onun maraqları nəzərə alınmır. Hamı etiraf edir ki, məsələn, Rusiya istehsalı olan avtomobillər, təyyarələr heç bir rəqabətə davam gətirmir. İndi nə edək? İnsanları, şirkətləri zorla Rusiya mallarını almağa məcbur edəkmi?
Ermənistanın Gömrük İttifaqına qoşulması ermənilərin etirazına səbəb olub. Onlar paytaxt küçələrində prezidentin bu qərarına etiraz ediblər

Ermənistanın Gömrük İttifaqına qoşulması ermənilərin etirazına səbəb olub. Onlar paytaxt küçələrində prezidentin bu qərarına etiraz ediblər

Əslində Rusiya bunu təklif edir. Amma dövlətlərarası iqtisadi münasibətlər də sağlam iqtisadi özül üzərində qurulmalıdır. İstehlakçının seçimi həm də onun azadlığı deməkdir. Bu, son iyirmi ilin bəlkə də insanlara verdiyi ən böyük azadlıqlardan biri də məhz budur- keyfiyyətli məhsuldan və xidmətdən yararlanmaq hüququ. Bunu insanlara yasaq etmək olarmı?
BAŞQASINI ZƏİF BƏND HESAB EDİRLƏR, AMMA ÖZLƏRİ…
YAP funksionerlərinin Ermənistanın son addımına reaksiyası maraqlı oldu. Hətta onlardan biri belə bir fikir dedi ki, Ermənistanın Avropa Birliyi ilə daha sıx əlaqələr qurmaq istəyi beşiyindəcə boğuldu.
Amma onlar bir məsələni aydınlaşmırlar. Bəs Azərbaycan? Onun Avropa Birliyi ilə assosasiya sazişi bağlamaq yolunda kim əngələ çevrilib? Bunun izahını vermirlər.
Əvəzində müstəqillik haqqında balladalar oxuyurlar. Onların dediklərindən belə nəticə çıxarmaq olar ki, əsl müstəqillik tək qalmaqdır, nə Gömrük Birliyi, nə də Avropa Birliyi ilə əlaqə qurmaq lazım deyil, özünün analoqsuz siyasətini davam etdirmək ən düzgün yoldur.
Nə demək olar? O yerdə ki, məntiq və təcrübə işləmir, orada susmaqdan başqa çarə qalmır. Bu dünyada ideal müstəqillik yoxdur. İdeal müstəqil adam olmadığı kimi, ideal müstəqil dövlət də yoxdur- hamı biri-birilə bağlıdır.
Bu bağlılıq gündən-günə artır, çünki dünyada qloballaşma prosesi gedir. Bəli, Gömrük Birliyi kimi, Avropa Birliyilə assosiativ saziş haqqında da müxtəlif fikirlər var. Bəziləri belə hesab edir ki, bu sazişin iqtisadi bloku zəifdir, o daha çox siyasi prinsiplərdən ibarətdir və ölkələrə asanlaşmış viza rejimindən başqa heç nə vəd etmir. Nə demək olar? Avropa Birliyi təbii ki, siyasi prinsiplərə çox önəm verir, çünki bu, münasibətlərin fundamentidir.
Elə Azərbaycan hökumətini də məyus edən budur. Yoxsa elə bilirsiniz yerli istehsalçıların maraqları onları belə narahat edir? Etmir. Onları daha çox neft və qaz bazarı maraqlandırır, orada da təmsil olunublar. Əsas bu hökuməti narahat edən siyasi prinsiplərdir- demokratiyadır, azad seçkidir. Müstəqil olmağı da bunların yoxluğu kimi başa düşürlər. Doğrudan da tragikomediyadı.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Şərhləri göstər

XS
SM
MD
LG