Keçid linkləri

-
Təhminə xanımın yaşı 70-i ötüb.

Tənha qadındır.

Havalar nisbətən sərin olsa da, dincəlmək, hava dəyişmək düşüncəsindən vaz keçə bilmir.

Beyni olsun, ya ürəyi bir ani arzunun əsiridir: «Bir 15-cə gün təmiz dağ havası ala bilsəydim!».

Amma... bir iləmi, iki iləmi - pensiyasından cəmi 350 manat artırıb. Bu pula hara gedə bilər?

Bütün yayı bu düşüncələrlə keçirən Təhminə xanım avqustun sonlarında yerli telekanalların səhər efirindəki qaçan titrlərdə bir xəbər oxudu: İlisudakı pansionatların birində, səhər yeməyi də daxil, günü 20 manata müsafirlər axtarılır.

ŞAD XƏBƏR!

Təhminə xanım bu şad xəbərə (titrdə elə belə də yazılmışdı – «şad xəbər») doğrudan da şadlandı. Hətta «bir səhər yeməyi» ifadəsi də onu qorxutmadı. «Onsuz da yeyimcil deyiləm, mənə bəsdir» – deyə düşündü və...

Və gündəlik hesabından qalan puldan 10 manat verib «Bakı--Balakən» qatarına bilet aldı. Qaxa üz tutmuşdu. Səhər tezdən oraya çatınca, avtobusa oturub üzü ulu dağlara tərəf yollandı...

Sağdan-soldan pansionatlar görününcə, avtobusu saxladıb düşdü.

Tələm-tələsik pansionatları gəzdi. Heyhat! 20 manata heç yerdə qonaq istəmirdilər!

«Bəs axı televiziyada, o od-alov aparıcı var ha, onun səhər proqramında yazmışdılar. Bu necə ola bilər?!».

Hamı bir ağızdan onlarda belə qiymət olmadığını, bəlkə bundan sonrakı pansionatlarda ola biləcəyini söyləyirdi.

BƏS MƏNİM 10 MANAT 40 QƏPİYİM HARA GE-ETDİ?

Təhminə xanım qatardan sonra 40 qəpik verib buracan gəlmişdi. İndi gərək 40 qəpik də verib yola davam edəydi. Kim təminat verə bilərdi ki, oralarda da eyni cavabı eşitməyəcək?

Dağ günəşi başına vurduqca, ürəyi xarab olan ac-susuz qadın pansionatlardan birinin həyətindəki kölgəlikdə oturub ağlamağa başladı...

Elə bu an pansionatın sahiblərindən biri olan gənc və gözəl xanım ona yaxınlaşıb niyə ağladığını soruşdu. Dərdinin çarəsiz olduğunu üzülərək o xanıma söylədi. Bu qadın da Təhminə xanımı pulsuz səhər yeməyinə dəvət etdi.

Təhminə xanım razılaşdı. Çarəsi nəydi? Şüşə eyvanlı rahat yeməkxanada dağları, meşələri seyr edə-edə dadlı səhər yeməyi yedi və birdən... ağlına bir fikir gəldi.

«TAPDIM!!!»

Axı yazının əvvəlində sizə söyləmişdim ki, Təhminə xanımın cəmi 350 manat pulu vardı. Onun 50 manatını Bakıda saxlamışdı – qayıdıb pensiyasını alınca yaşamaq üçün.

İndi əlində 300 manatı var. Bu pansionatda qiymətlər 30 və 35 manatdır. Demək, 30 manatlıq yerdə 10 gün dincələ bilər!

Sahibə xanım onun bu fikrini bəyəndi, 300 manatı aldı və 5 dəqiqədən sonra Təhminə xanımın yol çantası pansionatın rahat nömrələrinin birində qərarlaşdı.

Qəhrəmanım pansionatın aramsız əvəzlənən sakinlərinə tezcə alışdı. Ünsiyyətcildi, axı. Hər şey yağ kimi gedirdi. Amma 2-3 gündən sonra bir problem ortaya çıxdı. Əslində, adi hesablama vərdişi olan hər adamda bu sual ortaya çıxmalıydı...

TƏHMİNƏ XANIM GERİYƏ – BAKIYA NECƏ QAYIDACAQ?

Bax, Təhminə xanım bunu nəzərə almamışdı... 300 manatı sahibəyə verəndə, geriyə bileti nəylə alacağını düşünməmişdi.
Ürəyini qonşusuna açan xanıma otaq yoldaşı bir yol göstərdi: 10 gün dincəlmək nə vacibdir? Get bir günün pulunu geri istə, 10 manat verib qatara bilet al və 9 gün dincəl!

Gözəl təklif idi! Təhminə xanım yenə həmin cavan və gözəl sahibənin yanına getdi. Düşdüyü durumu anlatdı. İnsafən, xanım onun 30 manatını həmən geri qaytardı.

Beləcə, həm bilet məsələsi çözüldü, həm də əlində 20 manat artıq pulu qaldı...

TƏHMİNƏ XANIM KİMDİR?

Təhminə xanım o səfalı guşədə dincəlməyində olsun, sizə nədən kimdən və nədən deyim – onun özündən və pensiyasından.

O, sovetlər dönəmində 2 institut bitirib. Xalq Təsərrüfatı İnstitutunun Statistika fakültəsini, daha sonra da Pedaqoji İnstitutun psixologiya bölümünü...

45 il bağça müdiri çalışıb.

Və cəmi 150 manat pensiya alır!

Özünün dediyi kimi, yaxın qohumları olmasaydı, bu pensiya ilə acından ölə bilərdi...

BU ÖLKƏDƏ YAŞLANMAQ SƏRFƏLİDİRMİ?

Lap o reklamdakı kimi sizdən soruşuram: Bu ölkədə yaşlanmaq sərfəlidirmi?

Yaşlanmağa dəyərmi?

Təhminə xanımlara baxa-baxa yaşlanmaqdan necə ürkməyəsən?

Əgər yaşasaydı, məşhur yazıçının Təhminə obrazını hansı həyat gözləyirdi?

Eynən bu yazının qəhrəmanı kimi – ailəsiz, uşaqsız, gözəl Təhminə nə qədər pensiya alardı?

Və bir ildə yay tətili keçirmək üçün Zaursuz Təhminə nə qədər pul artıra bilərdi?

O pul İlisuda 15 gün dincəlməyə yetərdimi?

Yetərdimi?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG