Keçid linkləri

-
Təkrarçılıq siyasətçilərin leksikasında və çıxışlarında adi haldır. Siyasət texnoloqları seçkilər zamanı təkrarçılıqdan çəkinməməyi məsləhət görürlər, çünki çıxış edənin özünə təkrar kimi görünən fikirləri auditoriyadakılar bəlkə də birinci dəfə eşidirlər.
Amma siyasətçi dövlət adamı, ələlxüsus da prezident olanda vəziyyət bir qədər mürəkkəbləşir. Televiziyalar onların çıxışlarını gündə bir neçə dəfə yayırlar və adama elə gəlir ki, dünyada bundan ağır işgəncə ola bilməz. Adam bir fikri, eyni sözləri nə qədər eşidər?
Bu mənada yığcam, bəsit şüarlara aludəçilik bütün Əliyevlər üçün xarakterik olub. Onların nitqləri, səhv etmiriksə, əvvəlcədən hazırlanmır və bu adamlar deyilənə görə, spiçrayterlərin xidmətindən istifadə etmirlər.
Bunu üstünlük kimi də qəbul etmək olardı, əgər məsələnin başqa tərəfi olmasaydı. Düşünürük ki, bu, əslində onların cəmiyyətə, insanlara qarşı etinasızlığın təzahürü hesab edilə bilər, çünki onlar özlərini insanlara yeni bir şey deməyə, öz siyasətlərini daha məntiqli şəkildə şərh etməyə və izahat verməyə borclu bilmirlər.
Prezidentlə bağlı istənilən süjetə baxanda adama elə gəlir ki, bunu artıq bir neçə dəfə görüb. Elə deyilən fikirlər də iki-üç tezis üzərində qurulur. Onlar da daha çox ölkədəki stabilliyin vəsfinə həsr edilir.
İ.ƏLİYEVİN SEVİMLİ MÖVZUSU
Bəli, stabillik İ.Əliyevin sevimli mövzusudur. Bəzən o, bu mövzuya o qədər aludə olur ki, fikir, xəyal onu uzaqlara, müqayisə üçün hətta Avropaya aparıb çıxarır.
Artıq Ermənistanla, MDB ölkələrilə müqayisələr onu qane etmir. Bir də görürsən ki, o, Azərbaycanı ortabab şirkətinin büdəcəsi onun ölkəsinin illik büdcəsi qədər olan hansısa Avropa ölkəsilə müqayisə etməyə başlayır. Adam qeyri-ixtiyari olaraq düşünür ki, görən, bu çıxışlar hansı auditoriyaya ünvanlanıb? Bəlkə də sovetlərin vaxtında belə çıxışlar effekt verə bilərdi. Amma insanlar indi hər şeydən xəbərdardır. İndi başqa vaxtdır.
Ümumiyyətlə, insanların siyasi passivliyini məlumatsızlıqla bağlamaq tək hakimiyyətin deyil, elə digərlərinin də yanaşmalarında hiss olunur. Amma doğrudanmı insanlar məlumatsızdır?
Güman etmirik. Siyasi passivliyin də səbəbləri çoxdur, bəlkə də onlarladır. Amma insanlar tək ona görə passiv deyillər ki, hakimiyyət onları çox böyük məharətlə aldadır. Bəzən adi adamlarla söhbət edəndə görürsən ki, onlar çox şeyi gözəl bilirlər, gözəl dərk edirlər.
Çox vaxt belə sadə həqiqəti unuduruq ki, bir çox siyasi sistemlər, o cümlədən də avtoritar quruluşlar özünə müqavimət üçün qeyri-adi iradə, açığı qəhrəmanlıq tələb edir. İnsanların əksəriyyəti isə qəhrəman olmur, onlar adi qayğılarla, gündəlik problemlərlə yaşayırlar.
Qəhrəmanlar isə bunun fərqində olmur. Onlar çox deyil, amma var. Bəzən insanlar onları sadəcə görmək istəmir, belələrinə ən yaxşı halda anormal adam kimi baxırlar. Amma onları görmək üçün elə bir əziyyət çəkmək də lazım deyil, sadəcə qəzetlərə, saytlara baxmaq kifayətdir.
İ.Əliyev də belə vəziyyəti sabitlik hesab edir. Amma o, unudur ki, insanların hamısı qəhrəman olmasa da elə bir gün gəlir ki, onlar qəhrəmanların ardınca getmək üçün özlərində cəsarət tapırlar.
Bütün ölkələrin, təbii ki, siyasi sistemi qüsurlu olan ölkələrin həyatında belə bir gün olur. Əsaslı olmayan, yalan üzərində qurulan təbliğat isə bu günü bir az da yaxınlaşdırır.
Bütün hökmdarlar, avtoritar liderlər müvəqqəti sabitliyi əbədi biliblər, özlərini əbədi hesab ediblər. Amma heç kim, heç nə bu həyatda əbədi olmur.
Sabitliyin özü bir gün, nə vaxtsa staqnasiyaya gətirib çıxarır. Sadəcə, durğunluq haqqında o qədər yazılıb, o qədər deyilib ki, onların sayını bir az da artırmaq istəməzdik. Amma təcrübə təcrübədir. Nahaq yerə F.Bekon demirdi ki, hər şeyin meyarı, ölçüsü təcrübədir.
Bütün insanların təcrübəsi onların yaşadığı həyat, onların keçmişidir. Bu mənada tam arxayın olmaq olar ki, cəmiyyətin hamısı olmasa da, böyük kəsimi müqayisə aparmaq, tutuşdurmaq üçün nəyəsə malikdir, onun sərəncamında ən azı keçmişin təcrübəsi, dərsləri var.
O keçmişin ki, onu insanlar, o cümlədən də siyasətçilər unutmağa meylli olur. Amma o, özünü gec-tez xatırladır, özü də hamıya eyni cür yox, hərəyə bir cür tale bəxş edir-kimini qaldırır, kimini isə endirir.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir
XS
SM
MD
LG