Keçid linkləri

-
Başqalarının da onlar kimi hərəkət etməsi, onlar kimi olması adi insanlara elə bil təskinlik, toxtaqlıq verir. İnsanları fərqlənənlər, onlardan seçilənlər dilxor edir, onlar belələrini başa düşməyə çətinlik çəkir və bir qayda olaraq belələrindən uzaq olmağa çalışırlar.
Ona görə də indi desən ki, Moskvada seçkidə iştirak cəmi 32 faiz olub onlar dərhal «Gördünüz? Tək bizdə belə deyil. Elə hər yerdə belədir!»-deyəcəklər. Yox, məqsədimiz Rusiyadakı son yerli seçkiləri təhlil etmək deyil. Onlardan yalnız bir detalı, bir şəhərdə-paytaxtda iştirak faizini götürdük.
O ki qaldı seçici fəallığına, o, hər yerdə problemdir. Böyük göstəricilərlə çox az ölkə öyünə bilir. Səbəbi haqqında isə onlarla kitab yazılıb.
Amma hər seçki ərəfəsində, daha çox isə seçkilərdən sonra insanlar «Bəs nədən belə olur?» sualını verməkdən özlərini saxlaya bilmirlər.
İki cür ölkələr var ki, onlarda seçici fəallığının aşağı olmasını nisbətən asan başa düşmək olar.
Birincisi elə ölkələrdir ki, orada oturuşmuş siyasi sistem, siyasi dəyərlər var, insanların həyatı cari seçkilərdən çox az asılıdır.
İkincisi elə ölkələrdir ki, orada insanlar seçkilərə inanmır, çünki bu ölkələrdə bir qayda olaraq seçkilər düzgün keçirilmir.
Azərbaycanın hansı ölkələrə aid olmasını oxucu özü də asanlıqla müəyyən edə bilər. Amma tələsməyin. Başqa nüanslar da var.
EVDƏ BİŞMƏYİB, QONŞUDAN GƏLMƏYİB
Ən asanı «İnsanlar seçkiyə inanmır»-deməkdir. Bəs onlar seçkilərin normal keçməsi üçün nə edirlər? Bax, məsələ də bundadır.
Elə ölkələr var ki, orada adi halda seçki prosesinə maraq göstərməyən insanlara desən ki, seçkilər saxtalaşdırılıb, inanın, elə bir mərəkə qopar ki, elə bir etiraz olar ki, bununla bağlı bütün siyasətçilərin və məmurların karyeresına birdəfəlik son qoyular. Buna əsl vətəndaş sayıqlığı deyirlər.
Amma elələri də var ki, orada insanları heç nə ilə təəccübləndirmək mümkün deyil, onlar hətta qeyri-adi şeyləri də adi kimi qəbul etməyə alışıblar. Zira burada adam bir qədər düşünməli olur.
Azərbaycanlılar üçün nə daha çox adidir? Düzgün seçki, yoxsa saxtakarlıq? Bu suala insafla cavab verməyə çalışanda cəmiyyəti çox qınamaqdan vaz keçirsən.
O səbəbdən ki, azərbaycanlılar, onların ataları, babaları heç vaxt düzgün seçki görməyiblər, onlar ona alışıblar ki, hakimiyyət kimi istəyirsə o, da «seçilir».
Rusiya imperiyası zamanı demək olar ki, seçki olmayıb, sovetlərin vaxtında o formal bir şey olub, müstəqillik dönəmində isə adı seçki olub, özü isə tamam başqa şey!
Onlar heç olmasa bir neçə dəfə, heç olmasa bircə nəslin həyatında düzgün seçki görsəydilər, bəlkə də seçkilərin saxtalaşdırılması bu adamlara qeyri-adi görünərdi.
Vəziyyət belədir. Lap elə bir məsəldə deyildiyi kimi: evdə bişməyib, qonşudan gətirilməyib! Bu azərbaycanlılar nə vaxt düzgün seçkilər görüblər ki, onların saxtalaşdırılmasından da qeyzlənsinlər?
Amma vəziyyət nə vaxtsa dəyişməlidir. Düzgün seçki keçirməyə hakimiyyətlərin iradəsi çatmır. Deməli, bunu etmək vətəndaşların öhdəsinə düşür. Bəs onlar bunun fərqindədirmi?
SEÇKİYƏ YARDIM AKSİYASI NƏ GÖSTƏRDİ?
Seçki məntəqəsi (Arxiv foto)

Seçki məntəqəsi (Arxiv foto)

Təəssüf ki, «hə» deməyə əsaslar çox azdır. Bu seçkidə Milli Şura ilk dəfə olaraq cəmiyyətə müraciət etdi.
Onları namizədlərinə maddi dəstək verməyə çağırdı. Yardım üçün simvolik bir ədəd seçilmişdi- cəmi bir manat. Amma bu vaxta qədərki proses nə göstərir və bunun əsasında hansı nəticələrə gəlib çıxmaq olar?
Yardım üçün yaradılan fonda hələki çox az, cəmi beş yüz manat pul toplanıb. Ola bilsin, bundan bir qədər az, ya da bir qədər çoxdur, hər halda, təxminən elə bu qədərdir- bu günə qədər yardım üç rəqəmli ədədi aşmayıb.
Bəlkə də bu detala toxunmamaq olardı. Amma o, çox ibrətamizdir. Yuxarıda dedik ki, düzgün seçki keçirməyə hakimiyyətin iradəsi çatmır. Amma di gəl ki, vətəndaşlar özləri də bunun üçün çox az iş görürlər, onlar da daha çox əllərini əllərinin üstünə qoyub otururlar, ölkədə vəziyyətin dəyişməsi üçün ciddi bir iş görməyə cəhd etmirlər.
Demirik ki, seçkinin əsas problemi namizədlərin maliyyə məsələsidir. Amma bu da ciddi məsələdir.
Ən azı bu aksiya bir göstərici ola bilərdi. Onun əsasında müəyyən nəticəyə gəlmək olardı. Amma olmadı. Deməli, adi insanlar, vətəndaşların özləri də bu vəziyyətlə barışıblar. Düzdür, burada başqa səbəblər də aramaq olar. Məsələn, demək olar ki, vətəndaşların çox az hissəsi müxalifətə inanır, ölkədə kiməsə inam qalmayıb. Amma bunların hamısı sözdür.
Burada adamın yadına bir duzlu Şəki lətifəsi düşür. Şəkili Əhmədiyyə gecə-gündüz Allaha yalvarır ki, elə et ki, mən bir maşın udum. Allah da deyir ki, ay Əhmədiyyə, sən heç olmasa bir lotoreya al, mən də sənə maşın verim…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir
XS
SM
MD
LG