Keçid linkləri

-
SİYASİ TEATRIN DAHA BİR PƏRDƏSİ
İ.Əliyevin dövlət məmurlarına ünvanlanan növbəti xəbərdarlıqlarına, iradlarına siyasi aspektdən də yanaşmaq olar, sosioloji-ictimai aspektdən də.
Məsələnin siyasi tərəfi odur ki, bu iradlardan sonra məmurlar tamamilə dəyişərək cəmiyyətin tərəfinə keçəsi deyillər, çünki bu halda İ.Əliyev tək qalardı. Ona görə ki, o, ilk növbədə məhz onların- «danlanan», «yamanlanan» məmurların prezidentidir.
Əgər belə olmasaydı o, ən azı bölgələrə səfərləri zamanı irəlicədən nəzərdə tutulmuş proqramı dəyişərdi, bu küçədən yox, bir başqa küçədən keçərdi, icra aparatlarının qarşısına toplaşmış, ya də əvvəlcədən planlaşdırılmış adamlarla deyil, həmin bölgələrin sadə insanları ilə görüşərdi, onların da fikirlərini eşidərdi.
Amma o, bunları etmir. Deməli, bütün bunlar ənənəvi siyasi teatrın növbəti pərdəsidir, sadəcə, növbəti bir pərdəsi.
BU ÖLKƏ NİYƏ ÖYRƏNİLMİR?
Məsələnin ictimai-sosioloji aspektlərinə gəldikdə isə burada düşünməli məqamlar var.
Məmurlara cəmiyyətə nümunə olmaq tapşırılır. Amma bir görək, cəmiyyətin özü hansı durumdadır? O, hansı ictimai-siyasi dəyərləri bölüşür? Onunla məmurlar arasında yadlaşma prosesi doğrudanmı son həddə çatıb?
Məmurlara cəmiyyətə nümunə olmaq tapşırılır. Amma bir görək, cəmiyyətin özü hansı durumdadır? O, hansı ictimai-siyasi dəyərləri bölüşür?
Azərbaycanda dövlət məmurlarının demək olar ki, əksəriyyətinin, o cümlədən də elə İ.Əliyevin özünün ictimai elmlər üzrə alimlik dərəcəsi olsa da, bu ölkədə son illərdə, xüsusən də müstəqillik dövründə baş verən sosial-ictimai proseslərin elmi təhlili aparılmayıb.
Belə təhlillər aparılsaydı çox şey aydın olardı. Və hamının bu təhlillərə ilk reaksiyası bir olardı: doğrudanmı biz bu gündəyik?
AZƏRBAYCANDA ATA VƏ YAXUD ANA OLMAQ ASANDIRMI?
Cəmiyyətdə güclü aşınma prosesi gedib. Ona görə də bəlkə bu gün imkan olsaydı cəmiyyətin hər bir fərdi özünü həmin danlanan məmurların yerində görmək istərdi.
Özü də bu aşınma prosesi bilavasitə hakimiyyətin siyasətinin nəticəsində baş verib. Bu gün ölkədə valideyn olan hər bir şəxs çox çətin vəziyyətdədir. Məsələni qəlizləşdirən budur ki, valideyn öz övladı qarşısında həm maddi, həm də mənəvi öhdəliklər daşıyır.
Maddi öhdəliklərin ağırlığı aydındır. Cəmiyyətlə ayaqlaşa bilmək, öz övladında natamamlıq hissinin formalaşmasının qarşısını ala bilmək hər bir valideyn üçün çətindir.
Uşaqlar əksər hallarda məsələlərin mahiyyətinin fərqində olmurlar, sosial bərabərsizliyin səbəblərini başa düşmək istəmirlər. onlar üçün fərqi yoxdur, indi hansı quruluşdur, onlar yalnız tələb edirlər. Valideynlər isə bu tələblərin altında mum kimi əzilir, mənəvi sarsıntı keçirirlər.
Gündüz Ağayevin "O keçir" adlı rəsmi

Gündüz Ağayevin "O keçir" adlı rəsmi

Niyə bizim maşınmız yoxdur? Niyə mənzilimiz geniş deyil? Niyə bağ evimiz yoxdur? Niyə biz yayda istirahət etmək üçün heç olmasa Nabrana getmirik? Ola bilsin, bu suallar zahirən çox sadə görünür. Amma onların məşəqqətli ağırlığı minlərlə valideyni əzir, sarsıdır, həyatdan bezdirir, başqa yollara əl atmağa sövq edir.
Uşaqlar qarşısında mənəvi öhdəliklər isə daha ağırdır. Valideyn uşağına tərbiyə verməlidir, onu həyata hazırlamalıdır, ona həyat nümunələri, ideallar aşılamalıdır. Amma bu gün o, bunları edə bilirmi?
Yaşa dolduqca uşaqlar daha çox bilməyə, hər şeyin mahiyyətinə varmağa çalışırlar. Bəs valideyn nə etsin? Yalanın kütələviləşdiyi bir dövrdə o, öz uşaqlarına nə desin? Deməyə söz tapılırmı?
Uşaq hər şeyi bilmək, bu ölkənin hakimiyyətini, müxalifətini, alimini, müəllimini, fəhləsini, polisini tanımaq istəyir. Amma valideyn ona bunları tanıda bilirmi?
Həqiqəti deməyəcəyi təqdirdə o, öz uşağının timsalında gələcəyin sosial şikəstini, həqiqəti deyəcəyi təqdirdə isə gələcəyin müftəxorunu, rüşvətxorunu yetişdirir. Bu günün valideynləri bunlardan hansını seçsin?
TƏMTƏRAQLI HƏYATI TƏK MƏMURLAR SEVİRMİ?
Uşaq hər şeyi bilmək, bu ölkənin hakimiyyətini, müxalifətini, alimini, müəllimini, fəhləsini, polisini tanımaq istəyir. Amma valideyn ona bunları tanıda bilirmi?
Təmtəraqlı həyata sevgisində təəssüf ki, məmurlar yalqız deyillər. İnsanlar hansısa səbəbdənsə hamısı təmtərağı sevir. Yüzlərlə adamın iştirak etdiyi toy məclisləri, on günlərlə davam edən yas mərasimləri!
Azərbaycanlının həyatı əsl «sosializm yarışı»nı xatırladır: bütün həyatın boyu onunla yarış, buna çatmağa can at, filankəsdən geri qalma, onu öt, bununla qoşa addımla…
Halbuki bu həyatı çox sadələşdirmək olardı. Amma heç kim buna cəsarət etmir, heç kim birinci olmaq istəmir, «Hamı belə edir!» fəlsəfəsi imkan vermir.
Yas mərasimləri toylardan, toylar az qala dövlət ziyafətlərindən geri qalmır. Bu həyat bir cıdıra bənzəyir, hamı qaçır, qaçır… Qaçmaya da bilmirlər, çünki bu cıdırda əhədi kəsilmiş atları güllələmirlər.
Güllələsəydilər bəlkə də daha yaxşı olardı. Onlara gülürlər, ələ salırlar. «Oğluna bir toy da edə bilmədi!», «Atasına babat ehsan da vermədi!» deyirlər, diri ikən dəfn edirlər.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Şərhləri göstər

XS
SM
MD
LG