Keçid linkləri

Təcili xəbərlər

Hər tərəfdən qınanan BMT


Rəşid Şərifin karikaturası
Rəşid Şərifin karikaturası
-
MƏSƏLƏ BƏLKƏ PRİNSİPLƏRDƏDİR?
B.Assada və Suriyadakı proseslərə münasibət yenidən BMT və onun dünyadakı rolu məsələsini gündəmə gətirdi. Mövzu bir tərəfdən yeni deyil. Ötən əsrin doxsanıncı illərindən başlayaraq bu mövzu müzakirə olunur. Bu vaxta qədər bu xüsusda nələr deyilməyib və nələr yazılmayıb?
Çox şey deyilib və çox təhlillər aparılıb. BMT-nin özündə soyuq müharibənin reallıqlarını yaşatdığı iddia olunub. Təşkilatın əsas vektorlarının-TŞ-nın daimi üzvlərinin sayının artırılması təklif edilib. Amma maraqlısı nədir? Bütün deyilənlərə və yazılanlara rəğmən bu təşkilatın strukturunda və mahiyyətində bu vaxta qədər demək olar ki, heç bir dəyişiklik edilməyib. Bəlkə heç bundan sonra da edilməyəcək.
Bəs onda bu yazılanlar, bu təhlillər nəyə lazımdır? Düşünürük ki, məsələ heç bəlkə də BMT-nin özündə də deyil.
Məntiqçilərin belə bir fikri var ki, istənilən formalizə olunmuş sistem mahiyyət etibarilə ziddiyyətlidir, yəni onun çərçivəsində elə təklif irəli sürmək olar ki, mövcud prinsiplərin köməyilə onu nə inkar, nə də təsdiq etmək mümkün olsun.
Dünya nizamını müəyyən edən prinsiplərə, hüquqi müddəalara da formalizə olunmuş sistem kimi baxmaq olar. Bəzən bu sistemin çərçivəsində elə məsələlər meydana çıxır ki, beynəlxalq hüququn özü dalana dirənir.
Amma çox da irəli qaçmayaq. Əvvəlcə iki məsələni biri-birindən ayırmaq lazımdır. Biri var, BMT-nin bir struktur kimi problemləri. Biri də var ki, beynəlxalq hüququn özünün ziddiyyətli məqamları.
BMT-NİN STRUKTURU KÖHNƏLİBMİ?
Struktur məsələsi gündəmə gələndə ağla gələn ilk məqam BMT-də qərarların qəbul edilməsi proseduru olur. Qərarların qəbul edilmə prosedurları prinsip etibarilə hamıya bəllidir. Amma bəzən elə problem də hamıya bəlli olan məsələlərdə özünü göstərir.
BMT faktiki olaraq geosiyasi teatra çevrilib. Təsəvvür edin, bu vaxta qədər SSRİ və Rusiya BMT-dəki veto hüququndan 98 dəfə, ABŞ isə 85 dəfə istifadə edib.
Bəlkə də təşkilat bu ədədlərdə ifadə olunan qədər hansısa problemlərin həllinə yaxın olub. Amma maraqların toqquşması hər dəfə bu problemlərin həll edilməsini təxirə salıb.
Maraqlısı budur ki, veto hüququndan daha çox SSRİ-Rusiya və bir də ki, ABŞ istifadə edib. Digər daimi üzvlər isə bu hüquqdan çox az yararlanıb.
Dünya nizamını müəyyən edən prinsiplərə, hüquqi müddəalara da formalizə olunmuş sistem kimi baxmaq olar
Ona görə də birmənalı şəkildə demək olar ki, BMT superdövlətlərin çəkişmə meydanıdır. Müəyyən mənada o, dünyadakı reallıqları əks etdirir, axı biz hansısa abstrakt məkanda deyil, Yer kürəsində yaşayırıq. Sözsüz ki, belə bir sual maraq doğurur ki, əgər bu veto hüququ olmasaydı dünyadakı proseslər başqa cür cərəyan edəcəkdimi?
Doğrusu, bilmirik. Amma bəlkə də bu veto hüququ bir neçə dəfə, hətta ola bilsin, onlarla dəfə dünyanı müharibədən sovuşdurub.
İndi iki superdövlət öz maraqlarına cavab verməyən məsələlərə veto qoymaqla onların qəbulunu dayandırır.
Təsəvvür edin ki, veto hüququ yoxdur. Bəs bu halda nə baş verərdi? Bəlkə də iki böyük dövlət öz münasibətlərini başqa yolla aydınlaşdırmaq məcburiyyətində qalardılar.
B. ASSAD GÜCLÜDÜR, YOXSA ZƏİF?
Bashar Assad
Bashar Assad
Bəs BMT-ni başqa rakursdan tənqid edənlər nə deyir? Onlar deyir ki, təşkilat «zəiflərin müdafiəçisi» və «güclülərin qarşısında sipər» ola bilmir.
Bu konteksdən yanaşanda, məsələn, B. Assad kimdir? Zəif, yoxsa güclü? Ümumiyyətlə, Suriya siyasi teatrında güclünü və zəifi necə müəyyən edəsən? Bəzən deyirlər ki, başqa dövlətlərin işinə qarışmaq üçün hüquqi əsaslar yoxdur. Amma ən azı əxlaqi və mənəvi əsaslar var, hərçənd ki, dünya daha çox hüququ apellyasiya etməyi sevir.
Bəs hüquq nə deyir? Ümumdünya İnsan Haqları Bəyannaməsində deyilir ki, hökumətlər elə idarə etməlidir ki, millətlər onları devirmək məcburiyyətində qalmasınlar! Bu konteksdən yanaşanda B.Assad Suriyanı idarə edə bilmir, iki ildir ölkədə vətəndaş müharibəsi gedir.
Düzdür, Suriyadakı itkilərin həqiqi mənzərəsi tam və dürüst bəlli deyil. Amma on minlərlə adamın qətlə yetirildiyi şübhəsizdir. Ona görə də sual yaranır: on minlərlə dinc adamı qətlə yetirən ölkə başçısı haqda «zəif», «kimsəsiz», «köməksiz» sözlərini işlətmək olarmı?
Bu anlamda «yazıq diktator» kimi anlaşılmaz, mücərrəd bir söz birləşməsinə gəlib çıxmayacağıqmı? Bəli, B.Assad ABŞ-la müqayisədə zəifdir, amma Suriya xalqı, etiraz edən suriyalılar da B.Assadla müqayisədə zəifdirlər.
Belə olan halda dünya kimin tərəfini tutsun: «yazıq diktator» B.Assadın, yoxsa həqiqətən də yazıq suriyalıların?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir
XS
SM
MD
LG