Keçid linkləri

-
HAKİMİYYƏTDƏ İ.ƏLİYEVDİR,YOXSA C.HƏSƏNLİ?


Hətta indiki vəziyyətdə, məhdud imkanlar çərçivəsində belə prezidentliyə namizədlərin teledebatlarında maraqlı detallar tapmaq olur. Məsələn, debatlar başlayandan bu günə qədər hakim partiyanın, eləcə də hakimiyyətə yaxın partiyaların nümayəndələri ciddi-cəhdlə çalışırlar ki, Milli Şuranın namizədi C. Həsənlini ardıcıl olmamaqda və öz fikirlərini tez-tez dəyişməkdə ittiham etsinlər.

Ona görə də C. Həsənlinin müxtəlif dövrlərdəki çıxışlarından, kitablarından sitatlar gətirir, namizədin indi dediklərinin bir neçə il bundan əvvəl dediklərilə ziddiyyət təşkil etməsi görüntüsünü yaratmağa çalışırlar.

Bununla bağlı nə demək olardı? Təbii ki, bu da seçki texnologiyalarından, siyasi taktika üsullarından biridir və kimisə ondan faydalanmaqda qınamaq olmaz.

Amma İ. Əliyevin səlahiyyətli nümayəndələri, eləcə də hakim partiyanın mövqelərini müdafiə edənlər öz liderlərinin, öz partiyalarını yaradanların və komandalarının üzvlərinin 30-40 il bundan əvvəl, xüsusən də sovet dövründə dediklərini və etdiklərini də xatırlaya bilərdilər. Çox maraqlı olardı və həm də bilinərdi ki, əsl siyasi ardıcıllıq necə olur.

Ümumiyyətlə, debatlara baxanda qəribə mənzərə ilə rastlaşırsan. Başa düşmək olmur ki, hakimiyyətdə İ. Əliyevdir, yoxsa C. Həsənli?

M.Qandi deyirdi ki, məni ardıcıllıq maraqlandırmır, çünki mən həqiqəti axtarıram.
Namizədlərin əksəriyyəti əsas rəqibi-İ.Əliyevi özünə hədəf seçməkdənsə C. Həsənliyə qarşı birləşiblər, hamısı onu ittiham edir, onu gözdən salmağa çalışır.

Bunun özü də Azərbaycandakı seçkiləri başa düşmək üçün xarakterik detaldır. O ki qaldı o namizədlərə, belə təsəvvür yaranır ki, onları məhz Milli Şuraya qarşı qara təbliğatla məşğul olmaq üçün qeydə alıblar. Onlar da öz vəzifələrini həyata keçirmək üçün dəridən-qabıqdan çıxırlar. Hərdən elektorata, xüsusən də narazı elektorata müraciət edirlər ki, bəs mənə səs verin.

O adamların halı bir neçə gündən, seçkidən sonra aydın olacaq, onların eləsi olacaq ki, adına heç sıfır bal da yazılmayacaq.

QANDİ ARDICILLIQ HAQDA NƏ DEMİŞDİ?

O ki qaldı ardıcıllıq məsələsinə, burada M.Qandinin bir fikrini xatırlatmaq istərdik. O deyirdi ki, məni ardıcıllıq maraqlandırmır, çünki mən həqiqəti axtarıram.

...insanlar üçün bu gün əsas və maraqlı olan onun indi dedikləridir
Həqiqət axtarışı həmişə belə olur. İnsan əsl həqiqəti bilmək və onu dilə gətirmək üçün bu vaxta qədər dediklərinin hamısının üstündən xətt çəkməyə, həqiqəti və yalnız onu dilə gətirməyi bacarmalıdır.

Təbii, demirik ki, insanlar bütün həyatı boyu öz fantaziyalarına gen-bol meydan verməlidir. Amma hətta ingilis filosofu Bertrand Rassel deyirdi ki, mən heç vaxt bir mövqedə tam, axıra qədər israr edə bilmərəm, çünki yanıla bilərəm.

Bu mənada Milli Şuranın namizədinin bir neçə il bundan əvvəl hansısa bir məclisdə təsadüfən dediyi sözlər heç kimi maraqlandırmır, insanlar üçün bu gün əsas və maraqlı olan onun indi dedikləridir.

FİZİKLƏR LENİNDƏN NİYƏ SİTAT GƏTİRİRDİLƏR?

Hiss olunur ki, YAP-ın nümayəndələri, hakimiyyətə yaxın partiyaların təmsilçiləri C. Həsənliyə qarşı başqa kompromat tapa bilmirlər, ona görə də yapışıblar onun kitablarından.

Amma bir məsələ var ki, həmin kitablardan bu gün onların gətirdiyi sitatlar da YAP-ın yaratdığı mühitin nəticəsidir - bəli, bu ölkədə kitab nəşr etmək bir ziyalının imkanları xaricindədir.

Ona görə də bir çox ziyalılar məcbur olurlar ki, öz kitablarında hakimiyyət, onun keçmiş və indiki liderləri haqqında bəzi fikirlər yazsınlar ki, həmin kitablar işıq üzü görə bilsin.

Onsuz da oxucu bu kitabları oxuyarkən həmin fikir və ithafların üzərindən ötüb keçir, onların hansı zərurətdən edildiyini başa düşür.

Burada sovet dövründən bir misal gətirərdik . V. Lenin nə vaxtsa yazmışdı ki, elektron da atom kimi tükənməzdir . Müasir elmin bu fikri təkzib etməsinə baxmayaraq o vaxt atom, nüvə fizikası və kvant mexanikası kimi dərsliklərin girişinə mütləq bu fikri salırdılar .

Alim uzun müddət axtarışlar aparır, arxivdə çalışır və öz əməyinin işıq üzü görməsi üçün kiçik kompromisə gedir
Bəs o vaxt tələbələr nə etməli idi? Onlar bu sitata görə həmin dərslikləri oxumamalı idilərmi? Yox, oxuyurdular və onu da gözəl başa düşürdülər ki, bu, kitabın müəlliflərinin günahından çox, zamanın və siyasi quruluşun nöqsanı idi. O dərsliklərin bir hissəsi çox gözəl dərsliklər idi, baxmayaraq onların girişində V.Lenindən sitat vardı.

Bu gün Azərbaycanda bir çox xüsusiyyətləri ilə sovetləri xatırladan üstqurum hökm sürür. O cümlədən də naşirlik ənənəsi. C. Həsənlini və başqa ziyalıları öz kitablarına hakimiyyət haqqında bir-iki xoş cümlə saldıqlarına görə qınamaq lazım deyil, buna görə, əslində hakimiyyət qınanmalıdır.

Alim uzun müddət axtarışlar aparır, arxivdə çalışır və öz əməyinin işıq üzü görməsi üçün kiçik kompromisə gedir. Buna görə onları qınamağa dəyərmi?

Son nəticədə insanlar üçün əsas nədir? Hansısa sanballı tədqiqat, yoxsa siyasi hakimiyyət haqqında məcburiyyətdən yazılmış bir-iki xoş cümlə?


Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Şərhləri göstər

XS
SM
MD
LG