Keçid linkləri

-
Bir gün bu ölkədə korrupsiyaya qarşı mübarizə aparanlara heykəl ucaldılsa buna da təəccüblənməyə dəyməz.

Bəli, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin yeni inzibati binasının açılışına baxanda adamın ağlına gələn ilk fikir bu, oldu. Ona görə ki, idarə var, bina var, işçi personal var, amma mübarizə yoxdur və yaxud da o qədər azdır ki, o, ölkənin ümumi fonunda hiss olunmur.

«Haradan başlayır vətən?»
Düzdür, siyasi çəkişmələrin, məmur qruplaşmalarının nəticəsi kimi «vurulan» adamları korrupsioner, prosesin özünü isə korrupsiyaya qarşı mübarizə adlandırmaq ənənəsi də var bu ölkədə. Amma eyni zamanda korrupsiya da var, özü də çox böyük miqyaslarda.

MÜXALİFƏTİ KORRUPSİYADA SUÇLAMAQ OLARMI?

Məşhur bir rus mahnısı var: «Haradan başlayır vətən?». Bu məntiqlə azərbaycanlı məmurlar üçün də vətən öz idarələrindən, əyləşdikləri kürsüdən başlayır yəqin.

Korrupsiya nədir? O, məmur kürsüsünün, möhürünün gətirdiyi gəlirdir, məmuru vəzifəyə bağlayan tellərdir. Bunu ona görə xüsusilə qeyd edirik ki, hakim partiyanın təmsilçiləri teledebatlarda öz fantaziyalarına o qədər meydan verirlər ki, başlayırlar hətta müxalifəti də korrupsiyada suçlamağa.

Sual yaranır. Parlamentdə təmsil olunmayan, icra strukturlarına girişi olmayan, məhkəməyə yalnız müttəhim qismində daxil olan müxalifətçilərdən bu ölkədə nə asılıdır ki, insanlar da onlara rüşvət vermək məcburiyyətində qalsınlar? Absurd bir şey alınır, elə deyilmi?

Cəmiyyət hakimiyyətin diqtə etdiyi «oyun qaydaları» ilə yaşamaqda davam edir
Bəs nədən teledebatlarda belə absurd situasiyalar yaranır? Çox sadə səbəbdən. Hakim partiyanın təmsilçiləri sualları cavablandırmaqla yox, sadəcə, cavab qaytarmaqla məşğuldurlar.

Bu cavablar öz primitivliyinə görə o qədər bəsit olur ki, lap azyaşlıların davranışını xatırladır. Müxalifətçilərə «Özünsən korrupsioner!»-deməklə işlərini bitmiş hesab edirlər.

SƏN DƏ OLSAYDIN…

Amma bunda bir arxayınçılıq motivləri də hiss olunur. Görünür, bu da ona ona görədir ki, ictimai fəallardan savayı heç kim bu ölkədə hakimiyyətdən hesabat-filan tələb etmir.

Cəmiyyət hakimiyyətin diqtə etdiyi «oyun qaydaları» ilə yaşamaqda davam edir. Bu «oyun qaydaları» sadə bir mentalitet yaradıb: «Sən də olsaydın belə edərdin!».

«Sən də olsaydın belə edərdin!» fəlsəfəsi bəlkə də bu ölkə üçün korrupsiyanın özündən belə təhlükəlidir, çünki mənəvi sfera aşınmağa başlayanda, mənəviyyat özü korroziyaya uğrayanda onun fəsadalarını on illərlə aradan qaldırmaq olmur.

Bəziləri deyir ki, rüşvəti, korrupsiyanı bu millətə əvvəlcə rus imperiyası, sonra da sovet imperiyası öyrətdi. Amma hələ M.Füzuli yazırdı ki, bəs, salam verdim, rüşvət deyil deyə almadılar! O vaxt nə rus imperiyası vardı, nə də ki, sovet quruluşu.

Korrupsiyanın, rüşvətin Azərbaycanda özü boyda bəlası var: bu hadisə ilə bağlı ictimai qınaq formalaşmayıb
Amma indiki dövrün bütün əvvəlki dövrlərdən bir fərqi var. Əvvəllər şahlar, sultanlar öz xəzinələrini talan etmirdilər, talan edəni də cəzalandırırdılar. Amma indi talançılıq bir siyasi ideologiyaya çevrilib, heç kim dövlətə özünkü kimi baxmır, hamı dövləti üçüncü şəxs qismində və kənar bir subyekt kimi görür.

İstənilən bir fenomen əvvəlcə ictimai qınaq səviyyəsində ittiham olunur. Bəzi milli, hətta patriarxal keyfiyyətlərin bu günə qədər qalmasının səbəbi nədir? Səbəb budur ki, başqa cür olmaq, bu keyfiyyətlərə qarşı çıxmaq güclü ictimai qınaqla müşaiyət olunur.

Korrupsiyanın, rüşvətin Azərbaycanda özü boyda bəlası var:bu hadisə ilə bağlı ictimai qınaq formalaşmayıb. Əvvəldə bir siyasi «aforizm»i misal tək göstərdik: «Sən də olsaydın belə edərdin!».

Bu, bir hökmdür, ittihamdır, gələcəyə, dəyişikliyə aparan yolun önündə çox böyük bir səddir. Çin səddi bəlkə də bunun yanında yalandır.

«Əşşi, hamımız bir millətik, bir bezin qırağıyıq!»
Bu, hələ hamısı deyil. Cəmiyyətin passiv hissəsi indiki hakimiyyətə özünün loyal münasibətini əsaslandırmaq üçün başqa bir maraqlı tezis də seçib: «Bunlar (yəni, hakimiyyət!) artıq yeyib, doyublar, təzə gələnlər lap pis olacaq!».

Belə «fəlsəfə»nin qarşısında nə etmək olar? Onu təkzib etmək olduqca çətin bir işdir, çünki bu «fəlsəfə»nin çürüklüyünü yalnız təcrübədə, hakimiyyətə gələrək sübut etmək olar.

Bu imkanı isə vermirlər, əksinə bu «fəlsəfə»ni bir az da gücləndirirlər, «Əşşi, hamımız bir millətik, bir bezin qırağıyıq!» deyirlər. Nə etmək olar? Geriliyin məntiqi bəzən o qədər sərt olur ki, adamın əlləri yanına düşür…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Şərhləri göstər

XS
SM
MD
LG