Keçid linkləri

-
Yenə «Köhnə hamam, köhnə tas»... Hamam yerində qalır, hərdən tasın yerini dəyişirik. Nə isə... bu söhbətin nə hamama, nə də tasa aidiyyəti yoxdur.

Yaşımızın hər anında qürurla xatırladığımız və hər an hörmət etdiyimiz əziz müəllimlərimizin peşə bayramıdır. Fürsətdən istifadə edib, bu münasibətlə, bu şərəfli peşənin daşıyıcılarını ürəkdən təbrik edirəm. Onlar həqiqətən daim böyük hörmətə və ehtirama layiqdirlər.

İndi deyəcəyim «hörmət» isə o hörmətdən deyil. Bu, bir az fərqli bir şeydir – Azərbaycan dilinin lüğətində «rüşvət» sözünün şəkil dəyişmiş formasıdır. Hər iki söz eyni sayda hərfdən, eyni sayda – iki hecadan, eyni tipli – iki incə saitdən ibarət, sinonim sözlərdir. Elə isə, dilimizdə bu sözlərdən daha həlim, daha ürəyə yatımlı səslənənini, daha mülayimini işlətmək daha məqsədəuyğun deyilmi?

HÖRMƏT ELƏMƏK BİZİM MƏDƏNİYYƏTİMİZDƏ VAR

Əlbəttə, bizim əxlaqımızda, mentalitetimizdə müəllimə hörmətsizlik ən pis haldır, qəti qəbul olunmazdır. Demək, hörmət eləmək bizim mədəniyyətimizdə var. Müəllimlərimizin də hər biri özlərinin daha çox hörmətə layiq görülməsini istəyirlər bizdən. Bizim daxilimizdəki hörmətlə əlimizdə olan hörmət və onların gözlədiyi hörmətin tarazlığı pozulanda... başlayır bütün hörmətsizliklər...

Təbii ki, biz istəsək də, istəməsək də, onlar istəsələr də, istəməsələr də, (hərçənd, bu sadəcə məsələdir) bu hörmət olunur. Çünki bu bizim yazılmamış qanunlar siyahısına aid ənənələrdəndir. Belə qanunları dəyişməyə heç inqilabların da gücü çatmaz.

Məktəblərdə sözügedən ənənəyə uyğun, ən böyük hörmətə sinif rəhbərləri layiq görülür. Təbii ki, bundan başqa, hər müəllimin də öz hörməti var. Amma bu hörmət də öz növbəsində paylaşılmalıdır. Məsəl var, deyərlər, sevinc paylaşdıqca çoxalar... Amma hörməti paylaşmaq, deyəsən, heç ürəkaçan deyil...

Universitetlərdə bir qədər fərqlidir bu məsələ. Almadığın təhsilin haqqını hörmətə çevirib verəndə, olursan hörmətli tələbə. Qəribədir, xaricdə yalnız təhsil almaq üçün pul ödəyirlər, bizdə isə almadığın təhsilin pulu ödəməlisən. Bax, bu, bizim fərqli mədəniyyətimiz və özünəməxsus hörmət anlayışımızdı. Buna görə də, hamımız çalışırıq bu hörməti layiqincə edib, hörmət qazanaq. Amma çoxumuz etməmişdən əvvəl edəcəyimiz hörməti qazanmaq üçün olan-qalan hörmətimizi də itiririk...

XƏCALƏT

Bu hörmətin əks tərəfinin adı xəcalətdir. Bu isə daha mürəkkəb sözdür. Hecası da artıqdır, hərfi də... Heç ahəng qanununa da uyğun gəlmir bu söz. Yox, hər adamın boynuna götürə biləcəyi və ya altında tab gətirəcəyi söz deyil bu. Heç düşmənimizə də arzulamadığımız ağır bir kəlmədir. Ən ağır təhqirlərə bərabər, utancverici bir xüsusiyyəti var. Əslində, gərək bu sözdən, dilimizdə pis niyyətlərinin adını xoş sözə çevirənlər utansın.

Əminəm ki, belə müqəddəs peşənin sahibləri heç vaxt öz adlarına ləkə yaxacaq bir vəziyyətdə yaşamağı seçməzlər. Onları bu işə vadar edən səbəblər hamımıza aydındır, amma yenə də, bu onların şərəfli əxlaqına bəraət qazandırmaz.

Nə olur-olsun, gəlin dilimizdəki bu sözün, elə əsl mənasında, müəllimlərə hörmətsizlik etməyək. Və onların zəhmətinin qiymətini verə biləcəyimiz ən yaxşı üsulla verək.

Bir daha bayramınız mübarək əziz müəllimlər!

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Şərhləri göstər

XS
SM
MD
LG