Keçid linkləri

Tibb üzrə Nobel mükafatı: Hüceyrə maddələri düz ünvana necə göndərir?


Soldan- James Rothman , Randy Schekman və
Thomas Suedhof

Soldan- James Rothman , Randy Schekman və Thomas Suedhof

2013-cü il Tibb üzrə Nobel mükafatına James Rothman (ABŞ), Randy Schekman (ABŞ) və Thomas Suedhof (Almaniya) layiq görülüb.

Hər üçü ABŞ-da işləyən alimlər hüceyrələrdə əsas nəql sisteminin mexanizmini kəşf ediblər.

Hüceyrələrin öz nəqliyyat sistemini necə təşkil etdiyi, yəni maddələri necə göndərdiyi və daşıdığı indiyədək məlum deyildi.

Reuters yazır ki, hər bir hüceyrə fabrik kimi işləyir – o, molekulları istehsal edir və ixrac edir. Hüceyrə bu molekulları ətrafa vezikl ( ingiliscə: vesicle) adlanan, belə demək mümkünsə, xırda qutucuqda, bağlamada göndərir. İndiyədək məlum deyilıdi ki, niyə bu vesicle bağlamalar düz ünvana və düz vaxtında çatır.

TETANUS...

Stokholmun Karolinska İnstitutunda qaliblər elan olunarkən keçirilən mətbuat konfransında uşaq onkologiyası üzrə professor Jan–İnge Henter bu kəşfin əhəmiyyətindən və tətbiqindən danışıb:

“Bu gözəl kəşfin insan bədənini daha yaxşı anlamağımız üçün əhəmiyyəti var. Bu kəşfin müxtəlif orqanlar, əsəb sistemi, diabet və immun pozuntuları üçün nəticələri var”.

“Tətbiqlər çoxdur. Birincisi, tetanusdur. Tetanus birinci yerdə gedən bakteriyadır, zəhərdir. O, vezikl nəqliyyat sisteminə təsir edir və hər il yüz minlərlə uşağın ölümünə səbəb olur. Bundan başqa immun sistemi pozulan uşaqlarda biz vezikl nəqliyyat sisteminin anlizindən istifadə edirik”.

104 DƏFƏ

Tibb üzrə Nobel mükafatı 1901-ci ildən verilir. İndiyə kimi bu mükafat 104 dəfə verilib.
Cəmi 38 dəfə bu mükafatın tək qalibi olub, qalan bütün hallarda qaliblər bir neçə nəfər olub.

1901-2013 –cü illər arası tibb üzrə Nobel mükafatını 204 alim alıb. Onlardan cəmi 10 nəfəri qadındır.

Tibb üzrə ən gənc Nobel mükafatı qalibi Frederick Bantingin 1923-cü ildə qalib elan olunanda 32 yaşı var idi. Banting insulini kəşf etmişdi.

Tibb üzrə Nobel mükafatından imtina edən də var. 1939-cu ildə Gerhard Domagk Nobel mükfatından imtina etdi. Çünki Adolf Hitler Nobel mükafatı laureatı olan 3 alman aliminə bu mükafatı almağı qadağan etmişdi. Domagk sonralar mükafatın medalını və diplomunu aldı. Ancaq pul mükafatını almadı.
XS
SM
MD
LG