Keçid linkləri

-
Albert Einstein

Albert Einstein

Seçki günündə fizikadan, bu ilin Nobel laureatlarından yazmaq bəlkə də bir qədər qəribə görünəcək. Amma onsuz da sükut günüdür və bu elə bir gündür ki, istənilən siyasi yazıda bir detal tapıb onu reklam və yaxud anti-reklam kimi dəyərləndirə bilərlər. Ona görə də, necə deyərlər, salamatı elə fizikadan və bu sahədə Nobelə layiq görülmüş işdən yazmaqdır.
Üstəlik, elə bir işə mükafat verilib ki, bu, elmdə əsl inqilabdır. Neçə illər idi ki, nəinki fiziklər, hətta elmdən yazan jurnalistlər də bunu gözləyirdi.
Amma ən ümidverici xəbər təxminən bir il bundan əvvəl gəldi. Avropa Nüvə Tədqiqatları Mərkəzinin fizikləri elan etdilər ki, bəli, onlar bu vaxta qədər hipotetik zərrəcik hesab edilən – Hiqqs bozonunu aşkar ediblər.
Etiraf edək ki, buna hətta inanmayanlar da oldu. Ona görə ki, bu işə böyük dövlətlər milyardlarla dollar vəsait xərcləmişdilər, böyük adron kollayderi inşa etmişdilər. Elə bu səbəbdən düşünən oldu ki, bəlkə fiziklər də artıq siyasiləşiblər? Bu qədər xərcdən sonra onlar durub deyəsi deyildi ki, bəs biz Hiqqs bozonunu aşkar edə bilmədik!
Amma budur, Nobel komitəsi də xəbəri təsdiq etdi. P.Hiqqsin özü və bir də bu işi ondan asılı olmadan görmüş başqa bir nəzəriyyəçi fizik-F.Enqler Nobel mükafatına layiq görüldülər.
Bəs bu kəşf elmə nə verir?
İKİ SAHƏNİ BİRLƏŞDİRƏN VAHİD NƏZƏRİYYƏ TƏSDİQ OLUNDU!
Ötən əsrin altımışıncı illərində üç alim (onlardan biri də pakistanlı A.Salam idi) elektromaqnit və zəif qarşılıqlı təsirlərin vahid nəzəriyyəsini irəli sürdülər. Bu nəzəriyyə bütün fiziki nəzəriyyələr kimi bir neçə effekti irəlicədən xəbər verirdi.
Onlardan biri neytral cərəyanlar idi. Bu, ötən əsrin 70-ci illərində təsdiq olundu.
Digər bir effekt isə üç ötürücü hissəciklər idi. Onlar da ötən əsrin 80-ci illərinin əvvəllərində kəşf olundular.
Qalırdı, Hiqqs mexanizminin və uyğun bozonun kəşfi. Bu mexanizm həm də hissəciklərin necə kütlə almasını izah edirdi. Nəhayət, bu da kəşf edildi.
İndi qətiyyətlə demək olar ki, elktormaqnit və zəif qarşılıqlı təsirlərin vahid nəzəriyyəsi tam təsdiq olunub.
İndi qalır, daha iki təsiri də özündə birləşdirən nəzəriyyənin yaranması və təsdiq olunması. Amma…
EYNŞTEYN HƏYATINI NƏYƏ SƏRF ETMİŞDİ?
Yada salaq ki, A.Eynşteyn həyatının böyük hissəsini məhz yuxarıda adı çəkilən qüvvələlərin birləşdirilməsinə həsr etmişdi. Bəzən ona elə gəlirdi ki, artıq məqsədə yaxındır, amma daha dəqiq yoxlamalar göstərirdi ki, yox, bu dəfə də böyük fizik yanılıb.
İndi, Eynşteyndən sonra, sahələrin hamısını birləşdirən hətta bir neçə nəzəriyyə var. Amma onların hamısının bir ümumi, zəif cəhəti var –hələki bu nəzəriyyələrin heç birini eksperimentdə yoxlamaq mümkün olmayıb.
Fiziklər hətta belə hesab edirlər ki, ən azı üç qüvvəni-elektromaqnit, zəif və güclü qarşılıqlı təsirləri birləşdirən vahid nəzəriyyə artıq hazırdır. Di gəl, maraqlısı nədir?
Belə bir nəzəriyənin xeyrinə ola biləcək, onu, necə deyərlər, təsdiq edə biləcək bir dənə belə olsun eksperimental fakt yoxdur! Hər şey quru yerdə və fiziklərin beynində mövcuddur.
«SAĞLAM MƏNTİQ»DƏN KƏNARDA
Bu nəzəriyyələri yoxlamaq üçün elə yüksək enerjilər tələb olunur ki, onların nə vaxtsa laborotoriyada əldə olunacağı mübahisəlidir. Ona görə də getdikcə daha çox fizik komosa, kainatın ilkin çağlarına müraciət edir. Düşünürlər ki, bəlkə bu yolla öz nəzəriyyələrini yoxlaya bildilər.
Ona görə də bilmək olmur ki, bu gününün fizikası hansı həddə- öz sonuna, yoxsa böyük bir yolun başlanğıcına çatıb?
Amma aydın olanı budur ki, böyük fizika böyük texnoloji sıçrayış tələb edir. Bu sıçrayışsız o, özü sıçrayış edə bilməyəcək. Ona görə də «Biz necə yaranmışıq?», «Haradan gəlirik?» və «Hara gedirik?»sualları hələ bir müddət havadan asılı qalacaq.
İndi kiçik bir təcrübi fakt əldə etmək üçün fiziklər hər bir şeyə əl atırlar, hətta ədədi eksperimentlərə də fiziki ekperiment statusu vermək təklifilə çıxış edənlər də var. Nə demək olar?
Fiziklərin özlərinin bir sözü var ki, fikir, ideya «sağlam məntiq»dən nə qədər uzaqdırsa, o, Nobel mükafatına bir o qədər yaxındır…

Şərhləri göstər

XS
SM
MD
LG