Keçid linkləri

-
SEÇKİNİN LEGİTİMLİYİ ŞÜBHƏLİ QALDI


Seçki bitsə də onun ətrafındakı söhbətlər bitməyib. Hamı öz mövqeyində israrlıdır: hakimiyyət də, müxalifət də və hətta müşahidəçi dövlətlər və beynəlxalq təşkilatlar da…

Diqqət edəndə görürsən ki, müxalifət öz arqumentlərində heç də tamam əsassız görünmür. Onların 9 oktyabr seçkisi ilə bağlı indiyə qədər dediklərinin böyük hissəsi yalnız uduzmuş tərəfin gileyi deyil, bütün hallarda reallığın ifadəsidir.

Onların 9 oktyabr seçkisi ilə bağlı indiyə qədər dediklərinin böyük hissəsi yalnız uduzmuş tərəfin gileyi deyil
İrəlicədən gözlənildiyi kimi, bir neçə dövlət az qala seçki bitəndən bir neçə saat sonra öz təbriklərini göndərsələr də, bəzi beynəlxalq təşkilatlar təkrar-təkrar seçkinin «sərbəst və sakit şəkildə» keçdiyini bəyan etsələr də, bir faktın üzərindən sükutla keçmək də olmur: daha obyektiv qənaət budur ki, seçkinin nəticələrinin legitimliyi şübhəli qaldı…

Demirik ki, bunun uzağa gedən siyasi nəticələri olacaq. Ən azı ona görə ki, belə hal birinci dəfə deyil ki, baş verir. Hər dəfə seçkidən əvvəl israrla, təkrar-təkrar deyilir ki, dünyada heç kim 80-90 faizlik nəticələrə inanmır.

Əgər adi bir teleaparıcı deyirsə ki, hətta İsa Məsih də bu qədər səs toplaya bilməzdi, deməli, bu məntiqlə hesablaşmaq lazımdır.

Bəlkə də hakimiyyətdəkilər ürəklərində bununla razılaşırlar, amma siyasi ambisiyaları onlara imkan vermir ki, heç olmasa, nəzəri cəhətdən qəbul etsinlər ki, əhalinin, tutaq ki, 20 faizi bunların namizədinə səs verməyə də bilər.

BAŞA DÜŞÜLMƏK PROBLEMİ

İndi bu ambisiyalar ölkə ətrafında elə bir siyasi duman yaradıb ki, onun tezliklə çəkiləcəyini təxmin etmək çətindir.

...özləri müstəqil olmaq istəyirlər-bir biznesmen, iş adamı kimi
Hakimiyyəti Qərblə münasibətlərin korlanması böyük ehtimalla narahat etmir, çünki onlar Qərbdən uzaqlaşdıqca Rusiyaya, Belarusa, Qazaxıstana və bu sıradan olan ölkələrə bir o qədər yaxınlaşırlar, onlar üçün daha anlaşıqlı olurlar.

Onsuz da bu hakimiyyətin ən böyük problemi anlaşılmaq, başa düşülmək problemidir. Özlərinin etirafına görə Qərbdə onlar bunu tapa bilmirlər.

Rusiyada qismən tapırlar, çünki hətta ruslar da başa düşmür ki, bu hakimiyyətdəkilər müstəqillik üstündə milli heysiyyatlara görə əsmirlər, ona görə əsirlər ki, özləri müstəqil olmaq istəyirlər-bir biznesmen, iş adamı kimi.

Hərənin bir «obyekti» var və bunların da «obyekt»i Azərbaycandır, ona görə də onu heç kimlə bölüşmək istəmirlər.

Hətta ruslar, rusiyalı siyasətçilər də bunu başa düşməyə çətinlik çəkirlər, çünki onlar hələ Rusiyanı azərbaycanlı həmkarları kimi tamam özəlləşdirə bilməyiblər, nə vaxt özəlləşdirsələr, onda başa düşəcəklər.

O ki qaldı Belarusa, Qazaxıstana və bu qəbildən olan ölkələrə, onlarla elə bir problem yoxdur, tam anlaşma mühiti hökm sürür. Bu ölkələr İ. Əliyevin üçüncü dəfə prezident olmasını da başa düşür, onun Azərbaycana şəriksiz sahib olmaq iddiasını da…

...bu hakimiyyətin Azərbaycana özəl münasibəti var
Həm də Qərbdən uzaqlaşdıqca Rusiya bir az da məhrəmləşir. Bəzi ehtimallara görə Azərbaycan gec-tez, bəlkə də bu ilin sonuna qədər Avrasiya İttifaqına və Gömrük Birliyinə «hə» deyəcək.

Doğrusu, belə ehtimalları bölüşmürük, çünki bir az əvvəldə qeyd etdiyimiz kimi, bu hakimiyyətin Azərbaycana özəl münasibəti var.

Amma o da var ki, seçki zamanı teledebatlarda hakimiyyətə çox yaxın olan partiyaların prezidentliyə namizədləri hətta belə bir fikri əsaslandırmağa çalışdırdılar ki, məhz bu iki birliyə «hə» deməklə Azərbaycanın bir çox problemləri, o cümlədən də Qarabağ problemi öz həllini tapa bilər.

RUSİYA UKRAYNANIN HALINA NİYƏ ACIYIR?

İndi isə daha çox Rusiyanın Ukrayna sarıdan «nigarançılığ»ı adamı sözün əsl mənasında əyləndirir. Bəlli olduğu kimi Ukrayna Avropa Birliyi ilə assosiativ saziş imzalamaq ərəfəsindədir.

İlahi, Rusiya mətbuatı bu haqda nələr yazmır, hansı mərsiyələri söyləmir, Ukrayanın və onun xalqının gələcəyindən hansı narahatlıqları keçirmir?
Sanki T. Şevçenkonun başqa «Vəsiyyət» şeiri də varmış və o, həmin şeirdə Ukraynanı V. Putinə vəsiyyət edibmiş!

Azərbaycan Ukraynadan nə geri qalmalıdır, nə də qabağa qaçmalıdır…
Amma çox istərdik ki, Ukrayna assosiativ sazişi imzalasın. Ən azı ona görə ki, bu, bizim yadımıza bir siyasi tezisi salır: Azərbaycan Ukraynadan nə geri qalmalıdır, nə də qabağa qaçmalıdır…

Bir vaxt o tezis ciddi siyasi arqument kimi gətirilirdi. Amma onu indi hətta müəllifi də unudub-ya qocalıqdan, ya da ki, elitar Bakı həyatının gətirdiyi rahatlıqdan…


Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Şərhləri göstər

XS
SM
MD
LG