Keçid linkləri

-
Jurnalist işi belədir. Hər təsadüfi görüş, hər atılan addım onu yeni mövzunun izinə salır. Bax, «İz»in son sayında ölkədə uşaq mahnıları qıtlığından danışmışdıq. Bu yazıya gələn şərhlərin biri diqqətimi çəkdi...

AMSTERDAMDA «CÜCƏLƏRİM»?!..

Azər adlı istifadəçi bizə yazırdı: «Mən Amsterdamda yaşayıram. Bir gün, təsadüfən, küçədə bir holland uşağın klarnetdə «Cücələrim» mahnısını ifa etdiyinin şahidi olmuşam. Bu, uzaq Avropa ölkəsində çox nadir hadisədir».

Azər bəyə bu diqqətindən dolayı təşəkkürlər düşür! Doğrudan da, qürurverici hadisədir! Ona bu yazını yazmağa həvəsləndirdiyi üçün də minnətdaram!

«CÜCƏLƏRİM» BELƏ DOĞULDU

«Nu, poqodi!»

«Cücələrim»in qəribə taleyi olub. Mahnı yazılandan düz 10 il sonra məşhurlaşıb. Demək, 1949-cu ildə bəstəkar Qəmbər Hüseynli şair Tofiq Mütəllibova bir musiqi dinlədir və ondan xahiş edir ki, buna söz yazsın. O dönəmlər uşaq şeirləri yazan Tofiq Mütəllibov musiqiyə söz yazıb verir Qəmbər Hüseynliyə. Mahnının ilk ifaçısı, deyilənə görə, indi Muğam Teatrının direktoru çalışan Arif Qazıyev olur. Arif müəllimin mahnını necə oxuduğu bizə gəlib çatmayıb. Hər halda yaxşı oxumasaydı, müəlliflər mahnını ona verməzdilər. Beləcə, 10 il mahnı Azərbaycanda oxunmasında olsun, sizə xəbər verim Moskva dekadasından…

MOSKVA. 1959-CU İL…

Mahnının ulduzu düz 10 il sonra parlayır. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan incəsənəti dekadasında «Cücələrim»i indi hamımızın tanıdığı aktrisa və rəssam-florist Suqra Bağırzadə oxuyur. Mahnı «ura »yla qarşılanır və tezliklə dillər əzbərinə çevrilir, sovetlər məkanını aşaraq bütün dünyaya yayılır. Müxtəlif dillərə (100-dən çox dilə !) çevrilir. Hətta «Dünyanın ən yaxşı uşaq mahnıları» albomuna daxil edilir. Məşhur sovet cizgi filmi «Nu, poqodi!»nin bir bölümünə də salınır. Özü də, mahnı cizgi filmində Azərbaycan dilində səslənir!..

BƏXTƏVƏR BƏSTƏKAR…

«Wikipedia»da bu mahnıyla bağlı maraqlı bir detal var. Vaxtilə Azərbaycan kino xadimləri Fransada olarkən, dünya şöhrətli Charlie Chaplin (Çarli Çaplin) gələnlərin Azərbaycandan olduğunu biləndə piano arxasına keçib «Cücələrim»i ifa edib və qonaqlara üz tutub deyib: Çarli Çaplin

Çarli Çaplin

​«Demək, siz bu melodiyanın vətənindənsiniz?! Məndən o bəxtəvər bəstəkara salam yetirin!».

«AY İŞIĞINDA», «MUĞANA CEYRAN»

«Bəxtəvər bəstəkar»sa Bakıda adidən-adi, sadədən-sadə həyatını yaşayırdı… Nə şöhrət, nə də sərvət dalınca qaçırdı. Heç elə bil o dünya şöhrətli mahnını yazmamışdı… Yenə də gözəl mahnılar bəstələyirdi. Onun «Ay işığında» mahnısı öz ölkəsində sevilə-sevilə oxunurdu. «Muğana ceyran» mahnısı isə nəinki böyüklərin, elə uşaqların da (mənim də--S.İ.) sevimlisiydi.

GƏNCƏ

1916-cı il aprelin 16-da Gəncədə dəmirçi ailəsində doğulmuşdu Qəmbər. Kiçik yaşlarından atası Məşədi Muxtarı itirmişdi. O dönəmlərin Gəncə musiqi mühiti çox zəngin idi. Əfsanəvi Məşədi Cəmil Əmirovun şəhərində tez-tez adlı-sanlı xanəndələr – Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Bülbül, Malıbəyli Həmid, Xan Şuşinski, Qurban Pirimov qonaq olurdu. Qəmbər Hüseynli də belə bir mühitdə böyüyür və təbii ki, musiqiçi olmağa qərar verir. 1927-ci ildə Gəncə orta ixtisas musiqi məktəbinin tar sinfinə, 1929-cu ildə Gəncə Pedaqoji Texnikumuna daxil olur. Sonralar Azərbaycanın böyük bəstəkarı olan Fikrət Əmirov və misilsiz tarzən Zərif Qayıbovla birgə təhsil alır. «Rast»ı, «Şur»u, «Zabul segah»ı tarda məharətlə ifa etməsi ilə şəhərdə tanınır. Tələbəykən aşıq və el havalarını toplayıb nota alır…

BAKI

1934-cü ildə istedadlı gənci Bakıya göndərirlər. Qəmbər Bakı Musiqi Texnikumunda tanınmış pedaqoq A.S.Şvartsın violonçel sinfində təhsil alır. Daha sonra qabiliyyətini görüb bəstəkarlıq şöbəsinə keçirirlər. O, pedaqoq Buruşteynin sinfində oxuyur. Cəfər Cabbarlının sözlərinə «Tellər oynadı» romans-mahnısını da bu illərdə bəstələyir. Mahnı çox sevilir.
Qəmbər Hüseynli

Qəmbər Hüseynli


ŞUŞA

1939-cu ildə bəstəkarı Şuşa Musiqi Texnikumuna direktor göndərirlər. Qəmbər orada da ürəklə çalışır. Amma bir ildən sonra onu təzədən Bakıya çağırırlar. O, filarmoniyanın nəzdində fəaliyyət göstərən Azərbaycan Xalq Çalğı Alətləri Orkestrində dirijor köməkçisi çalışır, həm də Üzeyir bəyin məsləhətilə həmin illərdə yaranan Sazçı Qızlar Ansamblının təşkilatçısı və bədii rəhbəri olur.

YENİDƏN TƏHSİL?

1951-ci ildə Qəmbər yenidən A.Zeynallı adına Bakı Orta İxtisas Musiqi Məktəbinin bəstəkarlıq şöbəsində – bu dəfə professor B.İ.Zeydmanın sinfində təhsil almağa başlayır. Üç ildən sonra şair Mirmehdi Seyidzadənin librettosu əsasında «Qızıl quş» operasını (diplom işi) yazır və 1954-cü ildə məktəbi bitirir. «Cücələrim» artıq çoxdan yazılmışdı…

VAXTSIZ ƏCƏL…

Qəmbər Hüseynli cəmi 45 yaşında (1 avqust, 1961-ci il) dünyadan köçüb.

«Cücələrim» mahnısının triumfunu – misilsiz zəfərini görəndən 2 il sonra sakitcə həyata gözlərini yumub.

Atası kimi onu heç xatırlamağa gücü çatmayacaq kiçik oğul qoyub gedib. Amma özündən sonra elə böyük bir əsər qalıb ki, adını yüzillərcə yaşadacaq…

Sağ oldu, ya olmadı, onu «bəxtəvər bəstəkar» adlandıracaqlar.

Gəncəli Məşədi Muxtarın bəstəkar oğlunun adı «Cücələrim»lə bütün dünyanı gəzməyə davam edəcək.

AMSTERDAM

Və günlərin birində Amsterdam küçələrində bir holland uşağın klarnetdə çaldığı musiqi azərbaycanlı Azərin diqqətini çəkəcək.

« Ayy! – deyəcək, – Bu ki bizim «Cücələrim»dir!»

Çarli Çaplin haqlıymış!

Belə bəstəkara «bəxtəvər» deməyəsən də, nə deyəsən?

Şərhləri göstər

XS
SM
MD
LG