Keçid linkləri

-
Əslində ilin sonuna yaxınlaşanda bütün böyük layihələri təxirə salır, onları növbəti ilə saxlayırlar. Bir xarici siyasət bu sahədə istisna kimi görünür, o, ilin sonunu, əvvəlini nəzərə almır, özünün mürəkkəb məntiqini diqtə edir.

Bu il elə bir diplomatik proses qalıbmı ki, o, həqiqətən də ölkələr üçün ciddi bir sınağa çevrilsin? Bu qəbildən olan hadisə kimi yalnız noyabrın sonunda baş tutacaq Vilnüs sammitini göstərmək və diqqəti ona yönəltmək olar.

Həqiqətənmi hər şey azad seçim formasında cərəyan edir?
İlk baxışda bununla bağlı gərginlik yaşanmır. AB ilə assosasiya sazişi imzalamaq heç də məcburi proses deyil, dövlətlər öz seçimlərini özləri edirlər. Amma doğrudanmı belədir? Həqiqətənmi hər şey azad seçim formasında cərəyan edir?

«QAZ KOMMUNİZMİ»NİN SONU

Assosasiya sazişinə ilk rəsmi reaksiya Ermənistandan gəldi. Bu dövlətin başçısı bəyan etdi ki, onun ölkəsi AB ilə heç bir saziş imzalamayacaq. Amma bu seçim heç də asan olmadı.

Bundan əvvəl Rusiyanın Ermənistana silsilə təzyiqləri oldu, hətta Moskvada bir erməni əsilli şəxsi məhkəməyə qadın paltarında çıxarmaqdan da çəkinmədilər.

Amma ən əsas təzyiq vasitəsi təbii ki, bu dəfə də yanacaq-qaz oldu. Ona görə də Ermənistanın prezidenti MDB-nin Minsk sammitində bir qədər pəjmürdə görünürdü, hətta mürgüləyirdi də.

Sammitdə Ukraynanın prezidenti V.Yanukovich də iştirak edirdi. Bu ölkə Ermənistandan fərqli olaraq assosiasiya sazişi imzalamaqda hələ ki, israrlı görünür.

...onlar Rusiya ilə dil tapmağa məcburdurlar
Elə bu səbəbdən Rusiyanın mətbuatında ona qarşı əsl müharibə və qəzəb elementləri müşahidə olunur. Bu günlərdə baş nazir D. Medvedev bəyan etdi ki, qaz kommunizminin sonu çatdı, bundan sonra Ukrayna qazı onun haqqını irəlicədən ödəməklə alacaq.

Amma Ukrayna hələ avqust ayında aldığı qazın pulunu da ödəməyib və ən əsası onu ödəmək üçün bu ölkənin imkanı da yoxdur. Qarşıdan isə sərt keçməyi vəd edən qış gəlir.

Bir vaxt deyirdilər ki, dünyada əsl qaz müharibəsi gedir. Dünyanı bilmirik, amma Rusiya çoxdan öz qonşularını bu müharibə ilə şantaj edir. Çətini də budur ki, ölkələrin bu müharibədən yayınmaq və yaxud da ona adekvat cavab vermək üçün xüsusi imkanları da yoxdur, onlar Rusiya ilə dil tapmağa məcburdurlar.

ALƏMİ BƏZƏR, ÖZÜ İSƏ…

Bir-iki il bundan əvvəl Belarus da bu təhrikə məruz qalmışdı. O vaxt A.Lukashenkonu sözün əsl mənasında İ.Əliyev xilas etdi. Öz əhalisinə kiçik kreditləri çox qısa müddətə və böyük faizlərlə verməsinə baxmayaraq İ.Əliyev Belarusa müddətsiz və faizsiz kredit verdi.

Eyni siyasət Gürcüstana qarşı da aparılır. Bu ölkə də dəfələrlə Azərbaycandan müddətsiz və faizsiz kreditlər alıb. Qətiyyətlə, demək olar ki, Rusiyanın bəzi keçmiş sovet ölkələrinə təzyiqlərini Azərbaycan dəf etməklə məşğuldur.

Azərbaycanı AB ilə sazişdən çəkindirən təkcə Rusiya məsələsi deyil
Amma Azərbaycan indi özü Rusiya qarşısında tərki-silah olunmuş kimi görünür. Moskvada əməkçi miqrantlara qarşı növbəti təzyiqlər başlayanda xarici işlər naziri E.Məmmədyarov dərhal bəyan etdi ki, onun ölkəsi AB ilə heç bir saziş imzalamağa hazırlaşmır.

Bəs necə olur ki, bu ölkə başqalarına yardım edir, amma özü Rusiyaya qarşı kiçik bir addım atmaqdan ehtiyat edir? Məsələ də elə bundadır ki, Azərbaycanı AB ilə sazişdən çəkindirən təkcə Rusiya məsələsi deyil.

AB ilə yaxınlaşmaq İ.Əliyev hakimiyyətinin həm də özəl maraqlarına cavab vermir. Təsadüfi deyil ki, assosiasiya sazişini bəzən «böyük siyasi islahatlar» paketi də adlandırırlar. İ.Əliyev hakimiyyətini də narahat edən budur.

KÖLGƏLƏR GÜNORTA YOX OLUR…

Təbii ki, ortalıqda Rusiya amili də var, onu tamamilə inkar etmək olmaz. Seçki debatlarında İ.Əliyevin komandası Azərbaycandan bu ölkəyə çörək pulu ardınca gedənlərin sayını ciddi-cəhdlə azaltmağa çalışsa da, əməkçi miqrantların əsl statistikası onlara çox yaxşı bəllidir və onlar bu kütlənin geriyə - Azərbaycana tərəf dönməsindən bərk ehtiyat edirlər.

İndi isə Moskvada əməkçi miqrantlara qarşı əsl «ov» gedir
İndi isə Moskvada əməkçi miqrantlara qarşı əsl «ov» gedir. Əsas odur ki, onların bir neçə il ərzində Rusiyanın ərzaq bazarında tutduqları mövqelər əllərindən alınır. Bu addım bilavasitə indi azərbaycanlıların bir hissəsinin rifahına vurulan zərbədir. Ona görə ki, hər il Rusiyadan Azərbaycana milyardlarla manat vəsait daxil olur.

Bu, isə heç də əhəmiyyətsiz amil deyil. Azərbaycan özü bu boşluğu doldurmaq iqtidarında deyil.

Qərəz, noyabrın sonlarına çox da qalmayıb. Məsəl var, deyirlər ki, kölgələr günorta yox olur. Görək Azərbaycandan kölgələr çəkiləcəkmi?

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG