Keçid linkləri

-

Uşaqlığımızın özəl günləri vardı. O günləri dörd gözlə gözlərdik. Həmin günlər həyatımız rənglənərdi. Sən bir təzada bax: müsəlman şiələrin 3-cü imamı Hz. Hüseynin öz ailəsi və yoldaşları ilə İraqın Kərbəla çölündə düşmənləri tərəfindən qətlə yetirildiyi gün uşaqlığımızın ən xoşbəxt günləri olurdu.
O günlərdə evdən xəbərsiz hər yerə gedə, saatlarla evə qayıtmaya bilərdik. Soruşanda da deyəcək sözümüz vardı: Məsçiddə idik, sinə vururduq. Yalnız həmin günlər müstəqil olmaq imkanımız olurdu – imamın qətlə yetirildiyi gün bizlərin müstəqillik günüydü...

Məhərrəmliyin 9-cu (Tasura) və 10-cu (Aşura) günlərinə bir neçə gün əvvəldən hazırlaşardıq. Səhər açılar-açılmaz, ən enli kəmərlərimizi götürüb məsçidə qaçardıq. Adətən, məhəllə uşaqlarıyla birgə gedərdik məsçidə, amma oradaya gələn başqa uşaqlarla da tezcə dostlaşıb birlikdə sinə vurar, kəmərlərimizi belimizə döyəclərdik. Belimizin başqa uşaqların belindən daha artıq qızarmasıyla cür öyünər, bununla ayrıca fəxr edərdik. Kəmərlə belimizə vurarkən tez-tez yanımızdakı yoldaşımızdan soruşardıq: “Bax gör, belim qızarıb?”. Kəmərin döyəclədiyi belimizdən qan çıxardısa, – ay Allah, nə gözəl günlər idi – olardıq qalib sərkərdə. Sonra da savaşdan zəif düşmüş xalqın içində məsçid həyətinə toplaşıb sinə vuran, ağlaşan camaatın arasında qalib ədasıyla dolaşar və qanayan belimizi onların baxışlarına “ilişdirərdik”...

Aşura günlərinin axşamları da gündüzləri qədər maraqlı olardı. Bu dəfə evdəkilərlə birlikdə gedərdik məsçidə. Aşura axşamına “Şami Qəriban” deyirlər, Yəni “Kimsəsizlər Gecəsi”. Açıqlaması belə idi ki, günorta vaxtı düşmənləri imamı və onun əli silah tutan bütün yoldaşlarını qətlə yetirdiyindən, xeymələri yandırıldığından, axşam uşaqlar ataları, qardaşları üçün ağlaşırmışlar. Bunları minbərdə oturan və həmin an ona həsəd aparıb onun yerində olmaq istədiyimiz molla avazla oxuyar, camaat da ağlayardı...

Bakıda Nardaran qəsəbəsində keçirilən Aşura mərasimində müxbirlərimizin çəkdikləri video:
Günortalar bellərini qızartmaqla yarışan biz uşaqlar bu dəfə ağlamaq yarışında yoldaşlarımızdan önə çıxmaq və bunu camaata göstərmək istərdik.

Amma ağlamaq kəmərlə özünü döymək qədər asan olmurdu. Ağlımıza pis-pis şeylər gətirib gözümüzdən yaş çıxarmağa çalışardıq. Ha çalışıb, ha çabalasaq da ağlaya bilmirdik. Bu bir yana, həmin durumda dəcəl uşaqlardan biri qəfildən ağzıyla həm əcaib, həm məzəli bir səs çıxarar və aləm bir-birinə dəyərdi!.. Gülməkdən boğulardıq!.. Böyüklər də ağzını açar, nə açar və daha nələr bizə deməzdilər. Nə fayda, yenə gülməkdən özümüzü saxlaya bilməzdik.
İşıqların sönməsiylə “Şami Qəriban”ın zirvə nöqtəsi başlardı. Zil qaranlıqda məsçid camaatına Kərbəla çöllərinə, Fərat çayının ətrafına səpələnmiş müqəddəs cəsədlər təsvir edilər və insanlarda o ab-hava yaradılardı.

Bizim də əlimizə yaxşıca fürsət düşərdi: qaranlıqda yanındakı yoldaşını qıdıqlayan kim, çimdikləyib fağırca duran kim, əcaib səslər çıxarıb meymunluq edən kim...

İşıqların təxminən nə vaxt yandırılacağını bildiyimizdən gözlərimizə tüpürcək yaxıb valideynləri Kərbəlada qətlə yetirilmiş uşaqlar biziymişik kimi, özümüzü ağlamağa vurardıq.

Bizi bu vəziyyətdə görən əksəriyyət “Allah saxlasın!”, “Maşallah! Yüz maşallah!” – deyib gülümsərdi. Bu fırıldağımıza özümüzdən başqa hamı inanardı. Beləcə, ildə ikicə gün sürən bu mərasim tez gəlib gedərdi. Bir də “Ərbəin” deyilən “İmamın qırxı” olardı... Amma o gün Aşura qədər maraqlı keçməzdi bizim üçün...
...Bir neçə il olar, Aşura günləri məsçidlərə gedib mərasimi foto-aparatımın yaddaşına köçürürəm. Amma inandırım sizi ki, uşaqlığımdakı o həzzi indi ala bilmirəm. Hər Aşura günündə həsrətlə uşaqlığımın aşuralarına boylanıram...

Bunlar müəllifin şəxsi mülahizələridir.
Sən də fikirlərini aşağıdakı foruma yaz, polemikaya qoşul.

Şərhləri göstər

XS
SM
MD
LG