Keçid linkləri

-
ABSURD QƏRARLAR ÖLKƏSİ
Həqiqətən də kədərli mənzərədir. Kədərli olduğu qədər də anlaşılmazdır. Əgər desəydilər ki, metro stansiyalarında ticarət ümumiyyətlə yasaq edilir, bunu başa düşmək olardı.
Amma belə deyil. Stansiyalarda pal-paltar, xırdavat alveri necə var, elə gedir. Təkcə əvvəlki qəzet və kitab köşkləri ya bağlanıb, ya da ki, təcili öz yönümünü dəyişib –dünənki kitab və qəzet köşklərinin bir hissəsi indi xırdavat alveri ilə məşğuldur.
Bu ölkədə qərarlarda məntiq axtarmaq mənasız bir işdir, ona görə ki, bura absurd qərarlar ölkəsidir. Əslində kitab və qəzet ticarəti ilə məşğul olanlara dövlət güzəşt etməli idi. Tək ona görə yox ki, onlar millət üçün faydalı işlə məşğul olurlar, həm də ona görə ki, bu iş o qədər də rentabelli deyil, o qədər də gəlir gətirmir- ilin, ayın bu vaxtında kitab alanlara çoxmu rast gəlmək olur? Yox, onlar o qədər də çox deyillər.
CƏMİYYƏT KİTABLARA TƏZƏ-TƏZƏ ALIŞIRDI
Amma axır vaxtlar kitab köşklərinə baxanda adamın ürəyi açılırdı. Burada nəinki F. Nietzschenin, hətta C. Oruellin Azərbaycan dilində kitablarına rast gəlmək olurdu. Təbii ki, bu tərcümələrin keyfiyyəti bir ayrı söhbətin mövzusudur.
Çox adam bu ölkədə hələ bədii tərcümənin nə olduğunun fərqində deyil, azacıq dili bildin, özü də orijinalın dilini deyil, rus dilini bildin, kifayətdir, artıq tərcüməçilik edə bilərsən. Amma insafla deyəndə, uğurlu tərcümələrə də rast gəlmək olurdu.
Həm də seçim olmayanda adam pisə də qane olur. Əsas o idi ki, kitab işi bir qədər dirçəlirdi. İndi bu işin də qabağına bənd atdılar və məlum deyil, kitab yazanlar, tərcümə edənlər, naşirlər və satanlar bundan sonra özlərinə gələ biləcəklər, ya yox?
YAZAN ÇOX, ALAN AZ…
Etiraf edək ki, kitab satışı hər yerdə problemdir. Axırıncı dəfə bu mövzu haqqında narahatlıq dolu fikirləri Rusiyanın «Ədəbiyyat» qəzetində oxumuşduq. Amma bir problemə aydınlıq gətirmək lazımdır: kitab məsələsində problem nədən ibarətdir? Başqa ölkələr kitab alıcılarının az olmasından gileylənir.
Amma Azərbaycanda məsələ təkcə alıcı məsələsi deyil. Bu ölkədə əsas problem iqtisadiyyata sağlam nəzərlərlə baxmağa alışmamış və sözü dünyada ən təhlükəli şey hesab edən hökumət və məmurlardır.
Əslində qəzet və kitab satışı stansiyalara bir gözəllik gətirirdi. İndi nə var? Əsl alverxanadır-kimi ayağına ayaqqabı ölçür, kimi paltar geyinir, kimi də ucuz dəmir-dümürlə üst-başını bəzəyir...
Əslində qəzet və kitab satışı stansiyalara bir gözəllik gətirirdi. İndi nə var? Əsl alverxanadır-kimi ayağına ayaqqabı ölçür, kimi paltar geyinir, kimi də ucuz dəmir-dümürlə üst-başını bəzəyir. Mən Asiya ölkələrində olmamışam. Amma həmin ölkələrdən təsvirləri çox görmüşəm.
Ona görə də donub qalırsan: bu gün Bakı bəzi cəhətinə görə uzaq Afrikanın şəhərlərini necə də xatırladır?! O şəhər ki, vaxtilə biz görmüşdük, o, artıq yoxdur. O şəhərdə böyük kitab dükanları vardı, orada indi supermarketlərdə olduğu kimi çox gözəl qızlar kitab satırdılar. O şəhərdə ki, orada böyük kitab dükanlarında gözəl musiqilər də səsləndirirdilər ki, adamlar bir az da rahat olsunlar.
SƏS EKOLOGİYASI
Amma «musiqi» dedik başqa bir məsələ yadımıza düşdü. Birdən durub supermarketlərdə də avtobuslardakı kimi bayağı musiqi səsləndirərlər, onda biz nə edərik, hara qaçarıq? Bir dəfə hörmətli yazarlardan biri nisgillə yazmışdı ki, vaxtilə İçərişəhərdə səhərlər qatıq alverçilərinin səsinə oyanardıq!
Mən o vaxt deməyə utandım ki, biz indi də hər səhər qatıq alverçilərinin səyinə oyanırıq, səhər açılmamış binanı səslər öz ağuşuna alır: «Süd var! Qatıq var!».
Bundan ötrü də nisgil keçirməyə dəyərdimi? Deyirlər, əvvəllər qəzet satanlar da beləcə qışqırırmış. Mən bunu görməmişəm. Amma qatıqdan fərqli olaraq, bu, həqiqətən də çox maraqlı olardı.
Təsəvvür edin, qəzetçilər səhər tezdən əsas xəbərlərin anonsunu verirlər! Məgər bu, pisdirmi? Düzdür, indi televiziya var, radio var. Amma bir məsələ var ki, televiziyalarda cadugərlərin, fala baxanların əlindən imkan yoxdur.
Onların qəzet düşürmü yadına? Ən yaxşısı isə bilirsiniz nədir? Səhər ayılıb görürsən ki, təzə qəzet artıq sənin poçtundadır!
Bu, daha yaxşıdır, qışqıra-qışqıra qəzet satanlardan da, köşkə getməkdən də, hər şey sənin evinə gəlir.
O gün Türkiyə telekanallarında bir süjet diqqətimizi çəkdi-təzə bir qəzeti reklam edirdilər. Fikirləşdik ki, əcəba, biz Türkiyədən çoxmu irəli getmişik?
Orada qəzeti televiziya ilə reklam edirlər, burada isə metroda qəzet satışını özlərinə yaraşdırmırlar! Qəribədir, deyilmi?..

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir

Şərhləri göstər

XS
SM
MD
LG