Keçid linkləri

-
Doğrusu, düşünürdük ki, Vilnüs sammiti həftənin əsas hadisəsi olacaq, amma İ. Əliyevin jurnalistlərin dostu elan edilməsi bunu bir qədər arxa plana keçirdi.
Qəzetlər, ümumiyyətlə, media Vilnüs sammitini gündəmdə saxlamağa çalışsa da, insanlar daha çox jurnalistlərin növbəti seçimini özləri üçün müzakirə etməyə meyllidirlər.

Maraqlısı da budur ki, xəbər daha çox jurnalist olmayan, adi oxucu kütləsi arasında rezonansa səbəb olub.

...əsl müstəqil mətbuat ümumi jurnalistika kütləsi arasında kiçik bir adadır
O gün bir tanışla ayaqüstü bu haqda söhbət edirdik. Tanışımın ilk sualı bu oldu ki, bunlar nə edir? Gah deyirlər ki, köşklərimizi tamam bağlayıblar, bizi qəzet satmağa qoymurlar, pulumuzu vermirlər, o biri tərəfdən də prezidenti özlərinin dostu elan edirlər, mənzil alırlar! İndi biz nəyə inanaq?

Doğrusu, bir qədər çaşdım. Heç bilmədim ona nə cavab verim. Prinsipcə, deyə bilərdim ki, əsl müstəqil mətbuat ümumi jurnalistika kütləsi arasında kiçik bir adadır. Deyə bilərdim ki, qəzetlərin böyük hissəsi öz satışları ilə ümumiyyətlə maraqlanmır, çünki qəzetləri satılmır.

Deyə bilərdim ki, bunun özü də çarəsizlikdən atılmış addımdır, jurnalistlər təəssüf ki, özləri sərbəst şəkildə vəziyyəti dəyişmək iqtidarında deyillər, ona görə də prezidentə yol axtarırlar ki, bəlkə bu üsulla özlərini və qəzetlərini qəzəbli məmurlardan qoruya bilsinlər…

Qərəz, mən çox şey deyə bilərdim. Amma tanışım mənim arqumentlərimin heç birini qəbul etməyəcəkdi. Ona görə ki, onların da öz məntiqi var və onlar sonuncu dəfə keçirilən uğurlu marafondan sonra özlərində bir güc hiss edirlər və mən bu gücü heç zərrə qədər belə olsun zəiflətmək istəməzdim.

Elmdə yüzlərlə problem var ki, cəmiyyətin böyük əksəriyyəti hətta onların mövcudluğundan xəbərsizdir
Ona görə də istədim ki, tanışım və onun kimi düşünən başqa insanlar öz fikirlərində qalsınlar, problem yoxdur, qoy, bir dəfə də bizi, jurnalistləri qınasınlar.

Amma adam problemlər haqqında ona görə düşünmür ki, kimsə onları bir tənə edib hər addımda üzümüzə çırpır.

Elmdə yüzlərlə problem var ki, cəmiyyətin böyük əksəriyyəti hətta onların mövcudluğundan xəbərsizdir. Amma alimlərə həmin problemlər bir saat belə olsun rahatlıq vermirlər.

Bizim, jurnalistikanın da problemləri belədir. Ömrünü sözün əsl mənasında jurnalistikaya həsr etmiş bir adam «Bu gün ölkədə media qalmayıb» -deyirsə, deməli burada düşünməli nəsə var.

SON ON BEŞ İLİN TƏCRÜBƏSİ


Senzura 1998-ji ildə ləğv olunmuşdu. Senzuradan sonrakı mətbuatın vəziyyətini təhlil etmək cəhdləri çox olub.

Ona görə də sadəcə onların sayını artırmaq niyyətində deyilik-üzücü məhkəmələr haqda da hamı bilir, məmurların özbaşınalığı haqda da, qəzetlərin bir özəl struktur kimi problemləri haqda da…

Senzura dövrünü tez-tez xatırlayıram. Elə olurdu ki, gecə saat 2-də, 3-də evə gəlib çatırdıq. Narahat günlər idi. Buna söz yoxdur.

Amma bir məsələ var. O vaxt biz yaza bilmədiklərimizin əzabını çəkirdiksə bu gün yazdıqlarımızın əziyyətini çəkirik. Prinsipcə, o qədər də böyük dəyişiklik yoxdur.

İndi senzor ürəklərimizdə oturub. O vaxt bizi yazmağa qoymurdular, bununla da iş bitirdi. Bu gün yaza bilirik, amma müəyyən həddə qədər və o həddi heç kim müəyyən edə bilmir: o, bu gün də yetişə bilər, sabah da…

Senzura dövründə jurnalistlər həbs olunmurdu, onların cibindən anaşa tapılmırdı və kimisə şəhərdən kənara aparıb döyüb təhqir etmirdilər.
Ona görə də adam bilmir ki, nə daha yaxşıdır? Senzura, yoxsa…

Bir məsələ də var ki, indi «presedent senzurası» yaranıb. Bu, nə deməkdir?
İstənilən redaksiyada sizə deyə bilərlər ki, bax, filan məsələdən yazma, filankəs yazdı, gördün başına nə oyun açdılar?

Bu, mənə hər dəfə məşhur bir lətifəni xatırladır: şir tülküdən soruşur ki, sən belə gözəl bölgünü kimdən öyrənmisən? Tülkü də qayıdıb deyir ki, gözü çıxan canavar qardaşımdan!

PEŞƏ OLMAYAN YERDƏ PEŞƏKARLIQ OLURMU?

Onlardan soruşmaq gərək ki, siz bu jurnalist peşəsinin sirlərini harada öyrənmisiniz?
Jurnalistləri tez-tez qeyri-peşəkarlıqda qınayırlar, hətta ittiham edirlər. Özü də kimlər? Məmurlar! Onlardan soruşmaq gərək ki, siz bu jurnalist peşəsinin sirlərini harada öyrənmisiniz?

Çox vaxt əcnəbilər də onların təsiri altında yerli jurnalistləri qeyri-peşəkar olmaqda suçlayırlar.

Amma avtoritar sistemlərin bir xüsusiyyəti var: belə sistemlərdə adi jurnalistika olmur, ekstremal jurnalistika olur. Jurnalistika ilə bağlı iradlar şəraitə adekvat olmalıdır.

Hamı diqqət edib görməlidir ki, jurnalistlər hansı şəraitdə yazır, hansı şəraitdə işləyirlər? Hansı jurnalist istəməz ki, o, ən mötəbər mənbələrdən informasiya alsın, onları dəqiqləşdirmək imkanları olsun? Kim bunu istəməz?

Amma varmı belə şərait?.. Mərhum aktyor F.Salayevin məşhur bir səhənəciyi var. Milisioner ondan soruşur ki, sən bu vaxta qədər heç metroda olmamısan? F.Salayev də öz personajının dili ilə deyir ki, qoyursunuz ki?..

İndi jurnalistlərə hər dəfə peşəkarlıqdan dərs keçiləndə adam o sözləri demək istəyir: əşşi, qoyursunuz ki?..


Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir

Şərhləri göstər

XS
SM
MD
LG