Keçid linkləri

Bəzi ölkələri Avropadan uzaqlaşdıran təkcə Rusiya deyil, öz prezidentləridir...


Litvada keçirilən Avropa Birliyi Şərq Tərəfdaşlığı proqramına daxil olan ölkələrin sammitinin loqosu.

Litvada keçirilən Avropa Birliyi Şərq Tərəfdaşlığı proqramına daxil olan ölkələrin sammitinin loqosu.

-
V.YANUKOVYCH-İN BƏHANƏLƏRİ

Bəli, altı Şərq Tərəfdaşlığı ölkəsindən yalnız ukraynalılar yeganə xalq oldular ki, öz ölkələrinin siyasi, strateji seçiminin və gələcəyinin onlar üçün heç də əhəmiyyətsiz olmadığını sübut etdilər- tək paytaxtda deyil, elə digər bölgələrdə də insanlar etiraz aksiyalarına çıxdılar və hətta sammitin keçirildiyi Vilnüsün özündə belə aksiya keçirməyə cəhd etdilər.

Prezident V.Yanukovych isə hətta bu iki gündə sammit təşkilatçılarına intizarlı anlar yaşatmaqda davam edir. O gah AB-nin irəli sürdüyü tələbin – həbsdə olan keçmiş baş nazir Y.Tymoshenkonun azad edilməsini ölkəsi üçün məqbul şərt hesab etmir, gah Birliyin Ukrayanaya ayırdığı 600 milyon avronu Ukrayna üçün təhqir hesab edir, gah da prosesin bitmədyini və daha məqbul şərtlər əsasında gələcəkdə Birliklə saziş imzalamağın mümkünlüyünü bildirir.

Ukrayna müxalifəti də özünü çox nikbin aparır, onlar da prosesin bitmədiyini bəyan edirlər və V.Yanukovych-in dövründə olmasa da, başqa bir prezidentin dövründə assosiasiya sazişinin mütləq imzalanacağını elan edirlər.

Amma Birlik bu məsələdə nə qədər israrlı olacaq? AB-nin yüksək statuslu məmurları da Ukrayna ilə axıra qədər müzakirələrə hazır olduqlarını bəyan edirlər. Fəqət, bəzi müşahidəçilərin fikrincə, ola bilsin ki, saziş uzun müddətə gündəmdən çıxarılacaq.

Hələlik, bu ehtimallardan hansının daha gerçək olacağını demək çətindir. Bu günlərdə bəlkə də bütün bu məsələlərdən irəli bir suala cavab vermək daha yaxşı olardı.

Bu, nə idi? Rusiyanın regional gücünün təntənəsi, yoxsa digər bir amil?

UKRAYNANI QAZAXISTANLA ƏVƏZ ETMƏK OLMAZMI?

Sözsüz ki, Ukrayananın sazişi imzalamaması üçün Rusiya çox böyük iş gördü. Hətta lazım olandan da çox. Siyasi təzyiq «rıçaq»ları bir tərəfə, hətta bütün təbliğat «rupor»larını da işə salmışdılar.

Bütün hallarda, bundan sonra çox adam deəyəcək ki, gördünüz, Rusiyasız heç bir addım atmaq olmur. Hətta sammit ərəfəsində V.Yanukovych-in məxfi şəkildə Moskvaya yollanması və orada V.Putinlə görüşməsi haqda da xəbərlər yayılmışdı. Ukraynalılar əvvəl bunu inkar etməyə cəhd etdilər, sonra isə çox mənalı şəkildə susdular.

Təbii ki, Ukraynanın Rusiya üçün önəmi böyükdür. Z.Bzejinski bir neçə dəfə yazmışdı ki, Ukraynasız Rusiyanın imperiya ambisiyaları mənasız bir şey olardı.

Ukrayna həm də MDB deməkdir. Ukrayanasız MDB-nin nə mənası var? Bəlkə elə bu səbəbdən bir neçə rusiyalı politoloq neçə illərdir ki, təklif edir ki, gəlin, Ukrayanın rolunu Qazaxıstana həvalə edək və bu ölkəyə sərbəstlik verək, çünki gec-tez Ukrayna Avropaya tərəf üz tutacaq.

Qazaxıstanın özü də bunun fərqindədir və daim MDB-də aparıcı rollardan birinə can atıb.

PROBLEM TƏK RUSİYA OLSAYDI…

Amma bütün bunlardan başqa biz burada digər səbəb də görərdik. Bu gün bəzi keçmiş sovet ölkələrinin yaşadıqları tərəddüdlər və narahatlıqlar həm də bu ölkələrin liderlərinin inamsızlığından qaynaqlanır. V.Yanukovych də, İ.Əliyev də, A.Lukashenko da daim bir sual üzərində baş sındırırlar: ölkələri Avropanın çətiri altına keçəcəyi təqdirdə onların siyasi aqibəti necə olacaq?

Ona görə də bu gün Avropa təkcə Rusiya qarşısında aciz qalmayıb, o həm də kiçik avtoritar liderlər qarşısında acizdir. Bəlkə də ikinci faktor birincidən daha önəmlidir.

V.Yanukovych etiraz edənlərə xitabən dedi ki, onların arasında özlərinin siyasi problemlərini həll etmək istəyənlər və növbəti prezident seçkilərində parlamaq istəyənlərin də izi var.

Bir tərəfdən baxanda, niyə də olmasın? Məgər bu, siyasi mübarizə deyilmi? Məgər V.Yanukovych özü bütün vasitələri məqbul saymırdımı? Sayırdı və indi də sayır. Üstəlik, öz ambisiyalarını da cilovlamaq niyyətində deyil, növbəti dəfə də prezident olmaq əzmindəlir.

Sammitə böyük bir paketdən yalnız sadələşdirilmiş viza rejimi haqda razılaşmanı imzalamaq üçün qatılmış İ.Əliyev də eynilə bu cür düşünür. Heç olmasa, Ukrayanada etiraz etməyə imkan verirlər. Azərbaycanda heç bu da mümkün deyil.

İ.Əliyev də indiki şəraitdə özünü çox rahat hiss edir. Ölkənin Avropanın siyasi çətiri altına keçəcəyi təqdirdə ona üçüncü, dördüncü, daha nə bilim, neçənci dəfə prezident seçilməyə imkan verəcəklərmi? Təbii ki, verməyəcəklər.

O, bunu yaxşı bilir. Ona görə də heç bir dəyişiklik istəmir. Bəlkə Şərq Tərəfdaşlığı proqramı çərçivəsində ən az iş görən Bakıdır, faktiki olaraq ciddi bir iş görülməyib.

Üstəlik, V.Yanukovychdən fərqli olaraq İ.Əliyevi ağır xarici borclar, vəsait çatışmazlığı sıxmır. Ölkə həm Ukraynadan xeyli kiçikdir, həm də özünə görə resursları daha böyükdür.

Ona görə də İ.Əliyev özünü daha rahat hiss edir. Orada, Avropada isə güman edirlər ki, bu ölkələrin qarşısındakı əsas maneə Rusiyadır. Amma nəzərə almırlar ki, bu ölkələrin içində də böyük məneələr var. Bəzən onları dəf etmək Rusiyanın təzyiqini dəf etməkdən heç də asan olmur…

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.
Aşağıdakı foruma yaz, sən də fikirlərini bölüş.

Şərhləri göstər

XS
SM
MD
LG