Keçid linkləri

-
VİZA SİYASİ MƏSƏLƏ DEYİL

Vilnüs sammitində təklif olunan böyük paketdən yalnız sadələşdirilmiş viza rejimi haqqındakı sazişi imzalayan İ.Əliyev həm Avropada, həm də ölkədə belə təsəvvür yaratmağa cəhd etdi ki, sanki Azərbaycan da Avropa Birliyinə inteqrasiya olunmaq istəyən ölkələrin sırasındadır.

Əslində isə sadələşdirilmiş viza rejimi məsələsi elə şey deyil və özündə hansısa ciddi siyasi məzmun da daşımır.

Azərbaycan uzun illərdir ki, Rusiyanın özü ilə vizasız rejimdə yaşayır. Bu yaxınlarda Türkiyə ilə də qismən sadələşdirilmiş viza rejiminin tətbiq ediləcəyinə söz verildi. Belə bir rejimi öz vətəndaşları üçün Azərbaycandan İran da umur.

Bir sözlə, bu, dərin bir məsələ deyil. Onun tətbiqi Rusiyada da hansısa siyasi qıcıq yaratmaq iqtidarında deyil.

Ona görə də İ.Əliyev Vilnüsdə heç nə ilə risk etmədi, necə deyərlər, «rus ayısını qışda oyatmağa» cəsarət etmədi. Amma bunun təqdimatı prosesin özünə adekvat olmadı.

«SÖZÜNÜN ÜSTÜNDƏ DURAN» ÖLKƏ

Nə dedilər? Nə demədilər? Hətta onu da deməyi unutmadılar ki, Azərbaycan öz sözünün üstündə duran ölkədir, o, bəzi ölkələr kimi söz verib, sonra da onun arxasından qaçmır.

Bəs ümumilikdə proses Azərbaycana nə vəd edir?

Bu dəfə iki ölkə –Moldova və Gürcüstan birbaşa Rusiyanın iradəsinin ziddinə gedərək AB ilə assosiativ saziş imzaladılar. Ona görə də Gömrük Birliyi və Avrasiya İttifaqı məsələsi onlar üçün bir növ tarixə çevrildi.

Amma Azərbaycanla Ukrayna tamam fərqli vəziyyətdədir. Onlar üçün bu məsələlər hələ də aktuallığını saxlayır.

Bəzi təhlilçilər Rusiyanın Soçi olimpiadasından sonra Moldova və Gürcüstanla da «haqq-hesab çəkəcəyini» iddia edir. Amma AB yəqin ki, bu məsələnin fərqindədir.

Moldova ilə AB arasında assosiativ sazişin imzalanması - 29 noyabr 2013

Moldova ilə AB arasında assosiativ sazişin imzalanması - 29 noyabr 2013

Böyük ehtimalla demək olar ki, iki ölkəyə -Moldovaya və Gürcüstana tətbiqən Rusiyanın qatarı artıq gedib.

Amma qeyd etdiyimiz kimi, Azərbaycan və Ukrayna hələ də Rusiyanın həmləsini yaşaya bilər.

Nahaq yerə ölkədə belə xəbərlər gəzmir ki, ola bilsin, Azərbaycanda AB-yə və Avrasiya İttifaqına münasibəti aydınlaşdırmaq üçün referendum da keçirilsin.

Təbii ki, bunlar hələ ehtimallardır, hələ özünün təsdiqini tapmayıb. Amma bir məsələ aydındır ki, nə İ.Əliyev, nə də V.Yanukovych AB ilə Avrasiya İttifaqını ayıran xətti adlamaq üçün özlərində cəsarət tapmadılar.

V.PUTİN MDB-YƏ YEREVANDAN BAXMAQ İSTƏYİR…

Dekabrın 2-də V.Putin-in Yerevana səfəri gözlənir. Səfər zamanı hansısa böyük mətləblərin gerçəkləşməsi güman edilmir. Deyilənə görə, V.Putin S.Sarkisian-la Gömrük Birliyi məsələsini müzakirə etmək, oradakı Rusiya hərbi bazasına baş çəkmək əzmindədir.

Bunu Azərbaycana işarə kimi yozmaq cəhdləri də var. Amma bu ilin avqust ayında V.Putin Bakıya da səfər etmişdi. Düzdür, o vaxt Ermənistan AB ilə assosiativ saziş imzalamaq haqqında düşünürdü.

Beləcə, güman etmək olar ki, Rusiya hər dəfə Azərbaycanla Ermənistanı birləşdirən tərəzinin gözünə xırda bir daş qoymaqla gah Ermənistana, gah da Azərbaycana «diqqət»ini artırır.

Amma V.Putin-in MDB-si bu dəfə Vilnüsdə sarsıdıcı zərbə aldı. İndi aydındır ki, Gürcüstan daha heç bir vaxt MDB-yə qayıtmayacaq, Moldova isə hiss olunacaq dərəcədə MDB-dən məsafə götürdü.

Rusiyaya yalnız Ukraynanı öz həndəvərində saxlamaq müyəssər oldu. Amma Ukraynada da böyük ehtimalla proseslər bir qədər fərqli istiqamətdə gedəcək. Problem nədədir?

İlham Əliyev və Viktor Yanukovych

İlham Əliyev və Viktor Yanukovych

Məsələ bundadır ki, problemdən qaçmaqla o, həll olunmur. Moldova və Gürcüstan problemin üstünə getdilər. Ukrayna ilə Azərbaycan isə ondan qaçdı və indi özlərində belə təsəvvür yaratmağa çalışırlar ki, sanki onu həll ediblər.

Ukrayna ilə Azərbaycanın iqtisadiyyatının təməli düzgün qoyulmayıb. Hər iki ölkədə vəziyyət bundan sonra pisləşməyə doğru gedəcək. Bunu Ukraynanın timsalında daha tez hiss edəcəyik.

Azərbaycan artıq başlanmış neft böhranını hələ bir müddət qazla kompensasiya edə biləcək. Ukrayna nə edəcək?

Bu ölkədə iqtisadi böhranın yaratdığı siyasi dividentlər müxalifətin aktivinə yazılacaq. Böyük ehtimalla V.Yanukovych-in siyasi planları üçün problemlər yaranacaq.

«GÖMRÜK BİRLİYİNƏ GİRİŞ»

Demirik ki, Moldova ilə Gürcüstan dərhal cənnətə çevriləcəkdir. Yox. Amma onlar özlərində güc taparaq problemin üstünə getdilər, çünki AB ilə əməkdaşlıqdan o ölkələr qazanır ki, onlar bu birliyin tövsiyələrini iqtisadiyyatlarında nəzərə alırlar.

Qərəz, Rusiyanın oxunmamış kitabı hələ də qalır. Onun adı «Gömrük Birliyi və Avrasiya İttifaqına giriş»dir. Gürcüstanla Moldova bu kitabın səhifələrini özləri üçün çevirdilər. Amma Ukrayna ilə Azərbaycan hələ də o kitabı oxumaq məcburiyyətindədir.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir
XS
SM
MD
LG