Keçid linkləri

-
Milli Şura prezident seçkisindən sonra özünün əsas sessiyalarından birini keçirir. İrəlicədən verilən məlumatlara görə, sessiyanın gündəliyində yeni sədrin seçilməsindən tutmuş qurumun adının dəyişdirilməsinə qədər bir neçə məsələ var.

Amma buna baxmayaraq, maraq bir o qədər də böyük deyil. Məsələ bundadır ki, ölkə müxalifəti cəmiyyətə özünü xatırlatmaqdan bir növ yadırğayıb.

Ölkə Vilnüs sammitindəki mənasız debütdən (viza siyasi məsələ deyil!) tutmuş bahalaşmanın yeni dalğasına qədər bütöv bir siyasi qamma yaşamaq ərəfəsindədir.

Ötən gün qəfildən bəzi tütün məmulatlarının qiyməti artırıldı. Bunu bahalaşmanın siqnalı kimi qəbul etmək olar. Bundan bir qədər əvvəl isə büdcə müzakirələri zamanı maliyyə naziri yeni ilin ilk günlərində qiymətlərin qalxacağını istisna etməmişdi.

Azərbaycanda belə hallar çox olub. Elə ki bahalaşma siqnalı gəlir, hamı dərhal qiymətləri qaldırmağa çalışır ki, bu prosesdən birinci yararlansın.

Bunları niyə xatırlayırıq? O səbəbə görə ki, ölkə növbəti narazılıq ərəfəsindədir. Heç vaxt ola bilməz ki, ölkədə bahalaşma razılıqla müşayiət olunsun.

NARAZILIĞIN OLMASI HƏLƏ…

Amma narazılıqdan yararlanmaq da asan məsələ deyil. Bir neçə il bundan əvvəl total bahalaşma dövründə müxalifət «Ukrayna dairəsi»ndə elə sönük etiraz aksiyası keçirdi ki, adam cəmiyyətin bahalaşmaya az qala böyük siyasi dəstək verdiyini güman etmək məcburiyyətində qaldı.

Amma başqa yerlərdə aksiyalar olur, özü də ucqarlarda deyil, lap paytaxtların özündə.

Bir neçə gündür ki, Ukraynada etirazlar səngimir, insanlar V.Yanukovych-in siyasətinə etiraz etməkdə davam edirlər. Bir neçə min adam Yerevanın mərkəzində V.Putin-in ölkəyə səfərinə etiraz əlaməti olaraq aksiya keçirib.
Bir vaxt MDB ərazisində ən güclü müxalifət adlanmaq iddiasında olan Azərbaycan müxalifəti isə yalnız hakimiyyətin barmağını tuşladığı ucqarlarda aksiya keçirmək iqtidarındadır.

Ona görə də artıq bu ölkədə siyasi partiyaların iclasları ilə aksiyaları arasındakı fərqi tapmaq o qədər də asan deyil. 22 sentyabr aksiyası

22 sentyabr aksiyası

Hakimiyyət aksiya üçün elə yerləri təklif edir ki, onlar faktiki olaraq müxalifətin açıq havada keçirdiyi iclasları xatırladırlar.

Milli Şura əslində bütün bunların fərqində olmalı idi. Amma nə gizlədək, o nə müxalifətin özünə, nə də cəmiyyətə hiss olunacaq bir siyasi impuls verə bilmədi.

DİSSİDENT KLUBLARI, YOXSA…

Bir vaxt müxalifət partiyalarını «dissident klubları» ilə müqayisə etmişdik. Amma bu müqayisə təbii ki, bir qədər qüsurludur.

Bu gün üçün demək olar ki, ölkə müxalifəti «dissident klubu» adlanmamaq üçün güclü, əsl siyasi partiya adlanmaq üçünsə zəifdir.

Məsələ bundadır ki, Azərbaycan müxalifəti seçkilərdə iştirak etmək üçün lazım olan bütün prosedurları aşmaq iqtidarındadır.

Bu isə sizə asan görünməsin. Hakimiyyətin təhdidlərinə rəğmən minlərlə imza toplamaq, seçki prosedurlarını aşmaq, parlament və bələdiyyə seçkilərində namizədlər irəli sürmək, məntəqələrdə və dairələrdə müşahidəçilər yerləşdirmək-bunları yalnız və yalnız siyasi partiyalar edə bilərlər, «dissident klublar»ı buna qadir deyillər.

Amma nə edəsən ki, bütün bunlar bir növ hədər gedir, cəmiyyətin həyatında hiss olunmur. Bəlkə də bunun əsas səbəbi odur ki, müxalif qüvvələr ətrafında əsl informasiya blokadası yaradılıb.

Əslində rabitə var: bu, qəzetlər, radiolar, sosial şəbəkələr vasitəsilə olur. Amma bütün bunlarda bir virtuallıq əlaməti var. Onlar nə qədər rəngarəng olsa da, canlı ünsiyyəti əvəz edə bilməzlər.

Canlı ünsiyyəti isə yalnız aksiyalar, bölgələrə səfərlər, görüşlər yarada bilər. Bunların qarşısında isə möhtəşəm bir «olmaz!» sözü dayanıb.

HƏTTA BİRLƏŞƏNDƏ GÜCLÜ OLMURSUNUZSA…

Böyük ehtimalla Milli Şuranın bugünkü sessiyasının əsas qayəsi birlik olacaq, çünki müxalifət dairəsində birləşmək az qala sakral məzmun kəsb edib.
Milli Şuranın mitinqi, 5 oktyabr 2013

Milli Şuranın mitinqi, 5 oktyabr 2013


Di gəl, məlum olur ki, hətta birləşmək də bütün problemləri həll etmir və bir növ siyasi rituala çevrilir.

Təşkilatlanma vəzifələrə, məqsədlərə adekvat olmalıdır. Müxalifət isə tərsinə hərəkət edir. Onlar sanki deyirlər ki, əvvəl birləşək və bir olaq, bundan sonra nə edəcəyimizi müəyyənləşdirərik.

Ona görə də çox şey alınmır və belə getsə, alınmayacaq da. Bəlkə də daha yaxşı yol kütləviliyi artırmaq deyil, mövcud strukturların mobilliyini, çevikliyini çoxaltmaqdır.

Xüsusən də nəzərə alanda ki, indi kütləviliyi artırmaq çox çətin məsələdir. Bu yazıda müxalifətin kasadlıq çəkdiyi tərəflərdən daha çox onun malik olduqlarını qabartmaq məqsədi güdürdük.

Ona görə də kütləvilikdən söz düşəndə belə faktı qabartmaq yerində olar ki, indi əsas iri partiyaların gənclər təşkilatı var. Təbii ki, bu da kütləviləşməyə aparan yollardan biridir.

Amma bu gün gənclər siyasi partiyalara hansı həvəslə gəlirlərsə, onu elə həmin həvəslə də tərk edirlər. Daha heç kim qiymətli çağları fövtə vermək istəmir-gəncləri müxalifətə romantika gətirir, fəqət, onları ordan yeknəsəqlik və perspektivsizlik qovur.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir

Şərhləri göstər

XS
SM
MD
LG