Keçid linkləri

Ukraynanınkı Avropa ilə alınmadısa, yəqin daha heç Rusiya ilə də alınmayacaq...


Arxiv foto: Ukraynada Avrointeqrasiya tərəfdarları olan gənc fəallar.

Arxiv foto: Ukraynada Avrointeqrasiya tərəfdarları olan gənc fəallar.


Bu proseslər Ukraynada yox, başqa ölkədə baş versəydi bəlkə də o qədər də maraqlı görünməzdi.

Amma Rusiyanın geosiyasi planlarının taleyi bu gün Ukraynada həll olunur.
Müxtəlif dövrlərdə bir sıra iddialı politoloqlar Rusiyanı məchul istiqamətlərə sürükləməyə çalışıblar- A. Miqranyanı Q. Pavlovski, Q.Pavlovskini isə A.Duqin əvəz etdi. Bu əvəzləmələrdə Rusiyaya müxtəlif «geosiyasi donlar» biçildi, amma onların hamısı bir rəngdə oldu-imperiya rəngində…

İndi Rusiya bu rəngi Ukraynaya ölçmək əzmindədir Amma vəziyyət düşünülən qədər də sadə deyil.

V.Yanukovych hökuməti başqa bölgələrdən güc komponentlərini paytaxta doğru çəkir. Burada düşünmədən «Avropanın göbəyində zorakılıq çətin ki, baş tutar»-demək istərdik, amma elə Belarusun özü Avropanın göbəyində yerləşmirmi?

OLMAMIŞAM, GÖRMƏMİŞƏM, BİLMƏMMİŞƏM…

Kimsə razılaşmayaraq deyə bilər ki, əgər V. Yanukovych etirazlardan ehtiyat etsəydi rahatca Pekinə səfərə yollanmazdı. Nə demək olar?

Köhnə, əski sovet siyasətinə yaxşı bələd olanlar dövlət başçılarının lazım gələndə «Mən burada olmamışam!» deməsini və etirazların yatırılması haqqında göstəriş verməsini, sonra da onların məsuliyyətini başqalarının üstünə yıxmasını çox görüblər.

Demirik ki, Ukraynada proseslər məhz bu müstəviyə doğru istiqamət götürəcək. Amma onsuz da polis bir neçə gündür ki, nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edir.

Bəs, bu prosesin cövhəri, əsas qayəsi nədədir?

V. PUTİNƏ ÇİNGİZ XANI ƏVƏZ ETMƏK NƏSİB OLACAQMI?

Tarixdə Avrasiyanın böyük hissəsini özünə tabe etdirmək yalnız Çingiz xana nəsib olub. Hər halda, biz belə eşitmişik.

Yox, demirik ki, V. Putinin imperialist niyyətləri böyük monqol istilahlarından qaynaqlanır. Amma Rusiyanın düşüncə adamlarının öz ölkələrinə etdikləri ən böyük pislik o olub ki, bu adamlar zaman-zaman ona Avrasiya hüdudlarında bir missiya fikirləşiblər-ikibaşlı qartal simvolu da buradan yaranıb, dürlü-dürlü geosiyasi konsepsiyalar da…

Bu gün Ukraynada avropaçılığın qalib gəlib-gəlməyəcəyini demək o qədər də asan deyil, hər şey ola bilər. Amma əsas bilirsiniz nədir? Etiraza çıxanlar avropaçılar idilər, digər cinah-Rusiya tərəfdarları özlərini heç bir formada biruzə vermədilər və demək olar ki, susdular.

Üstəlik, məlum oldu ki, avropaçılar da heç də az deyillər. Hökumətə yerində qalmaq müyəssər olsa da, hər halda, parlamentdə 160 deputatın dəstəyini qazanmaq elə də az iş deyil-etirazçılar belə bir dəstəyə malikdirlər.

Ən çox diqqət çəkən isə odur ki, Avropa ilə bağlı tələbləri V. Yanukovych-ə yatırtmaq nəsib olsa belə, o, daha ölkəni Avrasiya İttifaqına və Gömrük Birliyinə sürükləyə bilməyəcək. Bunu çox böyük ehtimalla təxmin etmək olar.

Bugünkü etirazlar müəyyən mənada Rusiyaya da bir işarədir. Onlar təkcə Avropaya inteqrasiya tələbi deyil, həm də Rusiyaya qarşı olan etirazlardır.

Bir vaxt-Ukraynada narıncı inqilab ərəfəsində Kremlin məsləhətçisi, politoloq Q.Pavlovski özündə güc taparaq Kremldəki bosslarına «O şey ki, baş verməlidir, onun qarşısını almağa dəyməz!» deyə bilmişdi.

Bəs bu gün necə? Rusiyalı politoloqların qibtə etdiyi A.Duqin öz «patron»larına həmin şeyi deyə biləcəkmi? Bilmirik.

OPTİMİST GÖRÜNMƏYƏ MƏCBUR OLANLAR

Əslində Rusiya Ukraynasız keçinməyə alışmalıdır. Amma Ermənistanda səfərdə olarkən V. Putin elə inamla danışırdı ki, adam onun ardınca Rusiyanın hətta Cənubi Qafqazda da qalacağına inanmaq istəyirdi.

Amma bu, bütün siyasətçilərin şakəridir. Onlar həmişə optimist görünməyə məcburdurlar. Bu, elə bir yenilik deyil. Amma optimizm də məntiqli olmalıdır.

Rusiyanın imperiya ambisiyaları Ukraynasız puçdur. Bunu vaxtilə Z.Bjezinski o qədər təkrarlayıb ki, indi az qala zərb-məsələ çevrilib.

Ruslar özləri də bunu başa düşürlər. Ona görə də Ukraynanın ətəyindən möhkəm yapışıblar. Ukraynasız Rusiya nə deməkdir? Bir başı kəsilmiş qartal.

Amma elə həqiqətdə də qartalın bir başı olur. Bəlkə salamatı elə budur?

Bunlar müəllifin şəxsi mülahizələridir.
Aşağıdakı forumda fikirlərini yaz, polemikaya sən də qoşul.
XS
SM
MD
LG