Keçid linkləri

-
Bir neçə gündür ki, ölkənin əsas media strukturları Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində Türkiyənin xarici işlər naziri Ahmet Davutoğlu-nun Ermənistanda keçirəcəyi görüşləri diqqətdə saxlayır. Hətta Rusiya mətbuatı da bu məsələdən yan keçmədi. Amma əksər təhlilçilər A.Davutoğlu-nun iki rayonun azad edilməsi müqabilində sərhədlərin açılması haqda təklifini Ermənistan siyasətçiləri üçün göydəndüşmə bir fürsət hesab etsə də, digər təhlilçilər elə də nikbin görünmürlər.

Sonuncuların fikrincə, nikbinlik üçün elə bir əsas yoxdur, sanki Türkiyənin təklifi erməni siyasətçilərinin gözündə Ermənistanın «çəki»sini bir az da artırıb. Bu «çəki» haqqında isə ermənilər həmişə deformasiya olunmuş təsəvvürlərə malik olublar.

Bir qədər haşiyə çıxmaq olsa da, bir detalı qeyd etmək istərdik. Bir dəfə gözümüzə bir erməni müəllifinin yazısı sataşdı. O, Bürakan rəsədxanasından və ölkədə dərc olunan «Astrofizika» jurnalından yazırdı.

Müəllifin yekun qənaəti bilirsiniz nə idi? Ermənistan «astrofizika fövqəldövlətidir» və digər fövqəldövlətlər onunla hesablaşmalıdır!..
Ona görə də hələ görüş ərəfəsində Ermənistanın bəzi siyasət adamları yenə də özlərinin köhnə «mahnılar»ını oxumaqda davam etdilər: kimi A.Davutoğlu-nun Yerevandakı «genosid abidəsi»ni ziyarət etməli olduğunu buyurdu, kimi də sərhədlərin yalnız Türkiyənin «erməni genosidi»ni tanıyacağından sonra açılacağını bəyan etdi.

Bəs belə olan təqdirdə A.Davutoğlu nəyə ümid edir və nəyə çalışır?
A.Davutoğlu heç də təcrübəsiz diplomat deyil. Hətta amerikalı həmkarları belə onu çox güclü adam hesab edirlər. Bəs onda belə bir təcrübəli diplomat Ermənistanın təklifə reaksiyasını hesablaya bilmirmi?

ORTALIQDA SÜRİX PROTOKOLLARI DA VAR…

Ahmet Davutoglu-nun Yerevana gəlməsinə qarşı etiraz aksiyası, 12 dekabr 2013

Ahmet Davutoglu-nun Yerevana gəlməsinə qarşı etiraz aksiyası, 12 dekabr 2013

Təbii ki, Türkiyənin təklifində geriləmə var. Əvvəllər türklər sərhədlərin açılmasının müqabilində işğala son qoyulmasını və işğal faktının yaratdığı müvəqqəti üstünlükdən uzağa gedən siyasi nəticələr çıxarmamağı, Ermənistanla yalnız işğalın aradan qaldırılacağı təqdirdə bir masa arxasında oturacaqlarını bildirirdilər.

Amma bu, heç vaxt siyasi tabu, qadağa olmayıb. Ona görə ki, bir-iki il bundan əvvəl məşhur Sürix protokolları ortaya çıxdı. O zaman Azərbaycanın ən təkidli tələblərindən sonra Türkiyə Ermənistanla danışıqlardan geri çəkildi.
Bu gün Türkiyə bir az da öz mövqeyini mülayimləşdirib. Təbii ki, bunun bir neçə səbəbi var.

ÜÇ SƏBƏB VƏ BİR NƏTİCƏ

A.Davutoğlu özünün «Qonşu dövlətlərlə sıfır problem» strategiyasına çox aludədir. Mahiyyətcə primitiv bir şey olan və daha çox V.Lenin-in «dinc yanaşı yaşamaq» konsepsiyasını xatırladan bu prinsiplərdən hələ bir fayda görülməyib. Bu illərin ərzində Türkiyə bir neçə dəfə öz yaxın və uzaq qonşuları ilə problemlər yaşamalı olub - İsraillə münasibətlər kəskin həddə idi. Suriya ilə indi çox mürəkkəb münasibətlər yaşanır, hətta uzaqdakı Misirin belə Türkiyəyə münasibəti soyuyub.

Demirik ki, münasibətlərin pisləşməsinin bütün səbəbkarı Türkiyədir. Belə deyil. Amma bəzən elə olur ki, hətta sən istəsən belə, qonşularla münasibət rəvan ola bilmir. Suriya ilə münasibətlərin korlanması B.Assad rejimi ilə bağlıdır. Bashar al-Assad və Recep Tayyip Erdogan, 2010

Bashar al-Assad və Recep Tayyip Erdogan, 2010

Misirlə münasibətlər isə hərbi çevrilişdən sonra korlandı. Amma bunlara rəğmən A.Davutoğlu öz baxışlarında israrlıdır və o, Türkiyəni siyasi və diplomatik anlamda keçmiş Osmanlı hüdudlarında görməyə can atır.

Başqa bir səbəb odur ki, qarşıdan «erməni genosidi»nin yüz illiyi gəlir. İstisna deyil ki, hansısa yeni bir dövlət Ermənistana inanacaq və «genosid» faktını tanıyacaq və yaxud da tanımağa cəhd edəcək.

Bu isə Türkiyə üçün növbəti baş ağırsı və problem deməkdir. Ona görə də Türkiyə Ermənistanla münasibətləri yoluna qoymağa cəhd edir.

Digər bir səbəb də odur ki, Türkiyənin Ermənistanla münasibətləri mülayimləşdirmək üçün atdığı ən kiçik addım belə ABŞ-dan dəstək tapır və dəyərləndirilir, çünki amerikalı siyasətçilərin də karyerası qismən də olsa erməniəsilli elektoratın səslərindən asılıdır. Elə bu səbəbdən Türkiyənin barış mahiyyətli addımları həm də ABŞ siyasətçilərinin aktivinə yazılır.

Sonda bir məsələni də qeyd edək. Ermənistan siyasətinin barometri Rusiya mətbuatıdır, çünki bu dövlətin etməli olduqlarının hamısı Rusiyada cızılır. Bu barometr isə indi yaxşı bir şey göstərmir. Deməli, ermənilər hətta istəsələr belə, A.Davutoğlu-nu xoş bir müjdə ilə yola sala bilməyəcəklər.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG